Rusiya: hərbi təyyarə qəzasında azı 92 nəfər ölüb

axtarış Fotonun müəllifi AP
Image caption Axtarışlar bütün sutka ərzində davam edəcək

Rusiyanın müdafiə nazirliyi bildirir ki, axtarışlar nəticəsində 10 nəfərin cəsədi tapılıb.

Axtarışlar bütün sutka ərzində davam edəcək. Axtarış işlərinə 27 gəmi, 37 dalğıc, 4 vertolyot, xüsusi avadanlıq - sualtı idarə olunan səyyar "Falkon" cihazları cəlb edilib.

Nazirlik yaxın vaxtlarda axtarış ərazisinə 100-dən çox dalğıc gətiriləcəyini bildirib.

Bazar günü səhəri göyərtəsində azı 92 nəfəri daşıyan Rusiyaya məxsus hərbi təyyarə Qara dəniz yaxınlığında, Soçidə qəzaya uğrayıb, Rusiyanın müdafiə nazirliyi bildirir.

Prezident Vladimir Putin qəza ilə bağlı bazar ertəsi gününü matəm günü elan edib.

Fotonun müəllifi AP

Rusiyanın Fövqəladə Hallar və Müdafiə nazirlikləri Rusiyanın Qara dənizin akvatoriyasında axtarış əməliyyatları çərçivəsində tapılmış təyyarənin qalıqları sahilə gətirilib.

Xilasetmə əməliyyatlarında iştirak etmək üçün "Lider" və "Xilasmərkəzi"nin 40 dalğıcı göndərilib.

Məlumata görə, təyyarənin qalıqlarının çoxu dərin sulardadır.

Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri Soçidə dərin sularda axtarış işlərinin aparılması üçün xüsusi avadanlıq - sualtı idarə olunan səyyar "Falkon" cihazlarını gətirib.

Rusiya dalğıc-xilasediciləri 2014-ci ilin yazında MH370 Malayziya reysin qəzaya uğradığı ərazidə, Hind Okeanında beynəlxalq axtarış əməliyyatlarında iştirak edib.


Hadisə necə baş verib?

Image caption Bu fotonu NTV-nin səs operatoru Yevgeniy Tolstov qəzadan bir neçə saat çəkib. NTV-nin çəkiliş qrupu Moskvanın Çkalovski hərbi bazasında təyyarəyə minib

Təyyarə Soçidə Bakı vaxtilə 06.25-də uçuşa başladıqdan iki dəqiqə sonra radarlardan itib.

Müdafiə nazirliyi bildirib ki, Tu-154 Aleksandrov hərbi musiqi amsamblının üzvü olan 64 əsgərini və 9 jurnalisti daşıyırmış.

Təyyarə Suriyada Latakia bölgəsinə uçurdu.

Moskvadan qalxan təyyarə Soçinin Adler hava limanında benzin doldurulması üçün dayanmışdı.

"Tu-154 təyyarəsinin qalıqları Soçinin Qara dəniz sahillərinin 1.5 kilometrliyində 50-70 metr dərinlikdə tapılıb", nazirliyin bəyanatında deyilir.

İnterfaks yazır ki, hələlik təyyarədən sağ qalmış heç kim tapılmayıb.

Qəza ilə bağlı RF CM-in 351-ci maddəsi ilə cinayət işi qaldırılıb.

İnterfax agentliyinin verdiyi xəbərə görə Hmeimim hava bazasına iki təyyarə uçmalı idi. İkinci təyyarə ilə konsert rekvizitləri, dava-dərman vasitələri və əsgərlər üçün hədiyyələr göndərilməli idi. Həmin təyyarənin yola salınıb-salınmadığı bilinmir.


Qəzanin səbəbləri nə ola bilər?

Fotonun müəllifi AFP
Image caption Qəzaya uğrayan təyyarə 33 il idi ki, istismardaydı

Rusiya Müdafiə Nazirliyinin Tu-154 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğramasının əsas versiyalarından biri kimi texniki nasazlıq hesab olunur.

İnterfax-ın verdiyi xəbərə görə texniki nasazlıqdan başqa, həm də yanacağın keyfiyyəti məsələsinə baxılır.

Xəbər verilir ki, pilotun səhvi versiyası ağlabatan hesab edilmir, çünki şturmanın çoxillik təcrübəsi var idi.

Məlumatlarda hava şəraitinin uçuş üçün əlverişli olduğu deyilir. İstintaq hava nəqliyyatı təhlükəsizlik qaydalarına hansısa müdaxilənin olub-olmadığını araşdırır.

Terror aktı versiyasının ehtimalı olduqca azdır. Rəsmilər deyirlər ki, belə uçuşların hazırlığına və icrasına yalnız ən yoxlanılmış adamların çıxışı olur.

Digər tərəfdən Qara dəniz üzərində heç bir partlayış qeydə alınmayıb.

Versiyalardan biri də mühərrikə quşların girməsidir. Hava limanının yaxınlığında köçəri quşlar və ornitologiya parkı yerləşir.

Bu arada Rusiya sənaye malları ticarəti naziri Denis Manturov Tu-154 təyyarələrinin köhnəldiyi və istismardan çıxaırlmalı olduğu barədə mülahizələrlə razılaşmayıb.

O deyib ki, bu təyyarələrin istismar müddəti 40 ildir. Qəzaya uğrayan təyyarə 33 il idi ki, istismardaydı.

Hazırda səbəbləri tapmaq üçün "qara qutular"ın tapılması gözlənilir.


Aleksandrov Ansamblı

Fotonun müəllifi Getty Images
Image caption Aleksandrov Amsamblı 2015-ci ildə Parisdə çıxış edib
  • Aleksandrov Ansamblı Rusiya silahlı qüvvələrinin rəsmi xorudur
  • Sovet dövründə 1928-ci ildə yaradılıb
  • Qrupa, həmçinin orkestr və rəqqaslar daxildir
  • Qrup Sovet İttifaqının dövlət himninin musiqini yazmış və qrupun ilk direktoru Aleksandr Vasilyeviç Aleksandrovun adı ilə adlandırılıb
  • O həm də Qırmızı Ordu Xoru və Daxili İşlər Nazirliyinin Ansamblı kimi də tanınır
  • Aleksandrov Amsamblını burada dinləyin

Müdafiə nazirliyinin açıqladığı sərnişin siyahısında 64 Aleksandrov Ansamblının üzvünün adı var. Başqa məlumatlara görə təyyarə qəzasında həlak olmuş Aleksandrov adına ansambl 2017-ci ildə Avropa qastroluna yollanmalı idi.


Fotonun müəllifi Getty Images
Image caption "Doktor Liza" kimi tanınan humanitar fəal Yelizaveta Qlinkanın da adı sərnişinlər siyahısındadır

Bundan başqa, göyərtədə doqquz jurnalist, səkkiz əsgər, iki dövlət qulluqçusu, QHT nümayəndəsi və səkkiz ekipaj üzvü olub.

Bu siyahıda "Doktor Liza" kimi tanınan humanitar fəal Yelizaveta Qlinkanın da adı var.

Cənab Konaşenkov bildirib ki, ansambl Suriyada yerləşən rus qoşunları üçün Yeni İl konserti vermək üçün yola çıxmışdı.

Tədbir Latakia yaxınlığında, Rusiyanın Hmeimim hava bazasında keçirilməli idi.

Rusiya bu bazadan Suriya prezidenti Bəşər Əsədə yardım olaraq üsyançılara qarşı hava hücumları həyata keçirir.


Beynəlxalq reaksiya

Suriya prezidenti Bəşər Əsəd prezident Putinə teleqram ünvanlayaraq baş sağlığı verib, rəsmi Sana agentliyi bildirib.

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.

"Hörmətli Vladimir Vladimiroviç, Tu-154" təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni sarsıtdı.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm", president.az saytı yazıb.

İran rus xalqına baş sağlığı verib, İranın xarici işlər nazirliyinin sözçüsü Bəhram Kasemi bildirib.

"Biz Rusiyaya, hökümətinə və qurbanların ailələrinə Rusiya təyyarəsinin qəzaya uğraması ilə əlaqədar baş sağlığı veririk və dəstəyimizi ifadə edirik".

Bundan əvvəl ABŞ-ın Rusiyadakı səfiri Jhon Tefft baş sağlığı bildirib.