Britaniya mətbuatı: Türkiyədə daha 10 min sosial media istifadəçisi "şübhəli" bilinir

qəzetlər

"The İndependent" yazır ki, Türkiyənin Daxili İşlər Nazirliyi hazırda "terrora dəstəkdə" şübhəli bilinən 10 minədək sosial media istifadəçisinin fəaliyyətini araşdırır.

Məqalədə deyilir ki, son altı ayda bu ölkədə sosial media platformalarında "terroru dəstəkləməkdə" və ya rəsmiləri təhqir etməkdə ittiham edilmiş 1656 nəfər həbs olunub.

İndi isə Daxili İşlər Nazirliyi daha 10 min adamın bu kimi fəaliyyətdə şübhəli bilindiyi barədə bəyanat yayıb.

Bəyanatda deyilir ki, artıq indiyədək 3710 nəfərə qarşı cinayət işi qaldırılıb. 1203 nəfər şərti cəza ilə sərbəst buraxılıb.

767 nəfər ittiham irəli sürülmədən azad olunub. 84 nəfər hələ də polis məntəqələrində saxlanır.

Həbs edilənlərə qarşı "insanlar arasında ədavət salmaq, terrorçu təşkilatları tərifləmək, terrorçu qruplara aid olduqlarını açıq bəyan etmək, terrorçu təbliğat aparmaq, dövlət məmurlarını təhqir etmək və dövlətin bütövlüyünə və vətəndaşların təhlükəsizliyini hədəfləmək kimi ittihamlar irəli sürülüb.

Türkiyə iyul ayında baş vermiş uğursuz çevriliş cəhdinin ardınca minlərlə insanı həbs edib, 10 minlərlə insanı isə terrorçu qruplaşmalarla əlaqədə şübhəli bilindiklərinə görə işlərindən çıxarıb.

Hökumət repressiyaları terrorizmin qarşısının alınması tədbirləri kimi təqdim etsə də, insan haqları qrupları Ankaranı öz opponentlərini hədəfləməkdə günahlandırır.

"The İndependent" yazır ki, Türkiyədə sosial media saytlarına giriş tez-tez bloklanır. Hökumət bunu ictimai asayişin qorunması tədbiri kimi qələmə verir.

Ötən cümə günü özünü İslam Dövləti adlandıran təşkilat iki türk əsgərin diri-diri yandırıldığını göstərən videonu yaydıqdan sonra Türkiyədə sosial media saytlarına giriş saatlarla bloklanıb.

2016 - nəhəng elmi kəşflər ili oldu

"The Guardian" qəzeti yazır ki, başa çatmaqda olan 2016-cı il bəşəriyyətin elm tarixində ən əhəmiyyətli kəşflər ili kimi qalacaq.

Əvvəlcə kainatdakı Böyük Magellan Buludu qalaktikasından uzunluğu 20 millisaniyə olan siqnal gəldi.

İki qara dəliyin bir-biri ilə toqquşmasından bütün zaman-məkan silkələndi, Yer planetində qurulmuş cihazlar xışıldadı, alimlər isə bu xışıltını alqışladılar, çünki ilk dəfə idi ki, insan kainatın səsini eşitmişdi.

"Biz cazibə dalğalarını tutduq - demişdi o vaxt Lazer İnterferometr Qravitasiya-Dalğa Rəsədxanasından professor David Reitze, - Biz bunu bacardıq!"

Əslində isə alimlər Einstein-in yüz il bundan əvvəl nəzəriyyə şəklində dediyini təsdiq etdilər və Nobel mükafatına layiq görüldülər.

İndi alimlər hər yerdə qravitasiya rəsədxanaları qura və onların köməyi ilə... keçmişə - kainatın necə doğulduğuna nəzər yetirə bilərlər.

Lakin bu, astronomların 2016-cı ildə bayram etdikləri yeganə tapıntı deyildi.

Alimlər avqust ayında Çili səhrasındakı Avropa Cənub Rəsədxanasında Günəşə ən yaxın ulduz Proxima Centauri-dən gələn işıqdakı dəyişikliyi qeydə almışdılar. İşığın dəyişməsinə səbəb isə ulduzun ətrafında dövrə vuran qırmızı cırtdan planet idi. Alimləri həyəcanlandıran isə bu idi ki, ulduz kainatda "həyat zonası" deyilən hissədə yerləşir.

Həmin zonada temperatur canlı aləmin mövcudluğuna imkan verir. Orada temperatur həm də təbii su üçün və deməli həyat üçün şərait yaradır. Bu kəşfdən sonra bu sual daha inadla səslənməyə başladı: "Doğrudanmı biz kainatda tənha deyilik?"

Görkəmli Britaniya alimi Stephen Hawking də inanır ki, yad planetlərdə həyat var. Lakin o 2016-cı ildə çəkdiyi filmdə xəbərdarlıq edir ki, insan texnoloji baxımdan daha irəli getmiş fəza xuliqanları ilə görüşməsə daha yaxşıdır. Yoxsa onlar da bizimlə Xristofor Kolumbun Amerika hinduları ilə rəftar etdikləri kimi davrana bilərlər.

Hawking-in süni zəkadan da gözü su içmir. Alim deyir ki, süni zəka bizim bir çox problemlərimizi həll edə bilər, amma bir şərtlə ki, özümüzü yer üzündən silməsin.

Amma bəziləri üçün robotlarsız keçinmək mümkün olmazdı. 28 yaşında avtomobil qəzasına düşərək boynunu sındırmış Nathan Copeland robot əldən istifadə edirdi. Əl onun beyninə bağlanmışdı və o əli düşüncəsi vasitəsilə hərəkət etdirirdi.

İndi alimlər daha bir fantastikaya çox yaxındırlar. Robot əl və ayaqlar adamların itirilmiş ətraflarını əvəz edəcəklər.

ABŞ-da 25 ştat marixuanadan tibbi məqsədlərlə istifadənin üzərindəki qadağanı qaldırıb. Sehirli göbələklər də qanuni istifadə imkanı qazanacaqmı? Bəzi kiçik elmi araşdırmalar göstərir ki, 1970-ci illərdə hippiləri meyxoş edən psilosibin maddəsi kəskin depressiyalar zamanı çarə ola bilər.

Bir sıra alimlər qəti inanırlar ki, bu maddə xərçəngli xəstələrin ruhi sıxıntıları zamanı köməyə gələ bilər.

2016-cı ilədək uşağa qalmanın qarşısını alan kontraseptivləri yalnız qadınlar qəbul edirdilər. Lakin 2016-cı ildə "kişi kontraseptivləri" deyilən preparat yaradılıb.

Bu preparatın kişilərə hər iki aydan bir peyvənd edilməsi onlara dünyaya istəmədikləri uşağı gətirməmək imkanı verəcək. Beləliklə doğum nəzarəti daha təkcə qadınların yox, həm də kişilərin məsuliyyəti olacaq.

Lakin yeni preparatın yan fəsadları var və onun qəbulu dərin depressiyaların yaranmasına gətirib çıxara bilər.

Bu il doğulan 130 milyon uşaqdan biri elm üçün xüsusi əhəmiyyət daşıyırdı.

Aprel ayında dünyaya gəlmiş iordaniyalı oğlan uşağı üç nəfərin DNT-sinin daşıyıcısı (iki valideyn+donor) idi. Alimlər bu ekspertimenti uşağın qorxulu irsi xəstəliyə düçar olmaması üçün aparmışdılar.

Təcrübəni Meksikada aparmış ABŞ alimləri deyirlər ki, bu metod irsi xəstəliyin qarşısını alır, lakin xəstəlik daha yaşlı vaxtlarda yenidən qayıda bilər.

"The Guardian" yazır ki, hər il onlarca elmi kəşflər edilir, bilinməyənlər öyrənilir. Əgər nəyi isə hələ də tapmaq mümkün olmayıbsa darıxmağa dəyməz.

"Bir gün yadplanetlilərdən xəbər alarıq" - deyilir məqalədə.

Əlaqəli mövzular