Dünya George Michael-ın vəfatına üzülür

Müğənni George Michael 53 yaşında evində vəfat edib.

1980-ci illərdə Wham! qrupu ilə musiqi karyerasına başlayan ulduz Milad Günü Oxfordshire-dəki evində "dinc şəkildə vəfat edib", onun sözçüsü deyib.

Meneceri Michael Lippman onun ürək çatışmazlığından öldüyünü qeyd edib.

Wham! qrupunun digər üzvü Andrew Ridgeley "sevimli dostunun ölümündən ürəyinin parçalandığını" deyib.

Fotonun müəllifi Twitter
Image caption "Sevimli dostum Yog-un itirdiyimdən ürəyim parçalanıb. Mən, onun sevdiyi insanlar, onun dostları, musiqi dünyası, dünya. Hər zaman seviləcəksən, Andrew Ridgely tvitləyib

Ser Elton John Instagramda paylaşıb:

"Dərin şokdayam. Sevimli dostumu itirdim - ən mərhəmətli, ən comərd və əla incəsənət nümayəndəsi. Ürəyim onun ailəsi və pərəstişkarları ilədir."

"Böyük kədər hissi ilə sevimli oğlumuz, qardaşımız və dostumuz George-un Milad zamanı evdə vəfat etdiyini təsdiqləyirik", müğənninin ailəsi bildirib.

"Ailə belə çətin və emosional zamanda özəl həyata hörmət istəyir. Bu mərhələdə başqa şərh verilməyəcək".

Bakı vaxtilə saat 17:42-də müğənninin evinə təcili tibbi yardım çağrılıb.

Thames Valley polisi də hadisə yerinə gələrək onun ölümünü təsdiqləyib:

"Bu mərhələdə ölüm müəmmalı kimi qəbul edilir, amma ona şübhəli yanaşılmır. Ölümdən sonrakı proses müəyyən olunmuş qaydada həyata keçiriləcəkdir".

Hazırda onun Temza çayı sahilində olan evinin qabaq qapısının önünə kiçik ürək şəklində əkili və qızılgüllər qoyulur.

Məhkəmə işləri

Rəsmi adı Georgios Kyriacos Panayiotou olan Michael Şimali Londonda doğulub. Təxminən 40 illik karyerasında onun 100 milyondan çox albomu satılıb.

Onlar arasında Wham! qrupu daxilində oxuduğu Last Christmas mahnısı indi də Britaniyada ən çox satılan mahnılar arasında 16-cıdır.

Solo karyerasında ən yadda qalan mahnısı isə 1987-ci ilə aid, minlərlə satılmış Faith-dir.

Listen Without Prejudice Vol. 1 sinqlı isə Böyük Britaniyada Faith-i geridə qoysa da, albomun satış strateqiyası ilə əlaqədar Sony şirkəti ilə məhkəmə çəkişmələrinə səbəb olub.

Dünya ulduzları kədərlənir

Madonna Twitter və Instagram-da 1989-cu ildə Michael-a mükafat təqdim etdiyi yerdə çəkilmiş fotonu paylaşaraq yazıb:

"Növbəti Böyük İncəsənət nümayəndəsi bizi tərk edir"

İlk dəfə Michael-in Freedom mahnısını oxumuş Robbie Williams yazıb: "Tanrı yox.. Səni sevirəm George …Rahat uyu".

DJ Tony Blackburn deyib: "İnanılmaz, George Michael 53 yaşında öldü. Rahat uyu. Bu qorxulu il davam edir. Çox üzülürəm, əsl istedad idi".

Boy George yazıb: "O elə sevilirdi ki və ümid edirəm ki, o, bunu bilirdi, bugünkü kədər sözlərin xaricindədir. Dağıdıcıdır".

George Michael-ın məşhur mahnıları

Fotonun müəllifi PA
  • Wake Me Up Before You Go Go (Wham! ilə birgə) - 1984
  • Freedom (Wham! ilə birgə) - 1984
  • Careless Whisper - 1984
  • I'm Your Man (Wham! ilə birgə) - 1985
  • The Edge of Heaven (Wham! ilə birgə) - 1986
  • A Different Corner - 1986
  • I Knew You Were Waiting For Me (Aretha Franklin ilə birgə) - 1987
  • Don't Let the Sun Go Down on Me (Elton John ilə birgə) - 1991
  • Five Live EP (Queen və Lisa Stansfield ilə birgə) - 1993
  • Jesus To A Child - 1996
  • Fastlove - 1996

Fotonun müəllifi Reuters

2011-ci ildə müğənni sətəlcəm olduğu üçün bir sıra konsertlərini təxirə salıb və təxminən bir ay Vyanada xəstəxanada yatıb.

Bu ayın əvvəlində prodüser və Bəstəkar Naughty Boy-un onunla birgə yeni albom üzərində işlədiyi barədə məlumatlar yayılmışdı.

Bundan əlavə Michael öz məşhurluğu barədə sənədli film üzərində işləyirdi və buna görə Twitter-də pərəstişkarlarından 1988-ci ildən 1996-cı ilədək foto və videolarını istəmişdi.

Freedom adlı sənədli film gələn ilin martında hazır olmalı idi.

Bu barədə daha geniş