Britaniya mətbuatı: Türkiyə prokurorları: "Rusiya səfirini vuran niyə diri tutulmayıb?"

Arxasında duran adamın atəş açacağı barədə bixəbər Andrey Karlov nitqlə çıxış edir Fotonun müəllifi AP
Image caption Arxasında duran adamın atəş açacağı barədə bixəbər Andrey Karlov nitqlə çıxış edir

"The İndependent" qəzeti Türkiyə mediasında yayılmış xəbərlərə əsasən yazır ki, Rusiyanın Türkiyədəki səfirini öldürmüş polis əməkdaşının işini aparan prokurorlar qatilin nə üçün diri tutulmadığını sual edirlər.

Rusiya səfiri Andrey Karlov Ankarada müasir incəsənət qalereyasında çıxış edərkən arxadan güllələnərək öldürülüb.

Onun qatili, 22 yaşlı polis işçisi Mevlüt Mert Altıntaş səfiri güllələyərkən "Hələbi unutmayın" deyə qışqırıb.

"The İndependent" Anadolu agentliyinə istinadən yazır ki, hazırda Türkiyə prokurorları səfirin qətlinin ardınca qalereyaya hücum edən xüsusi qüvvələrin Altıntaşı niyə diri tutmamasının səbəblərini araşdırırlar.

İlkin istintaqa görə o səfiri öldürdükdən sonra da polislərə "Siz məni diri tuta bilməyəcəksiniz" deyə qışqıraraq atəş açmaqda davam edirmiş.

Xəbər verilir ki, Altıntaş ayaqlarından yaralandıqdan sonra da atəşi dayandırmayıb.

Prezident Recep Tayyip Erdoğan xüsusi polis qüvvələrinin hərəkətinə haqq qazandırıb.

"Burada bəzi söhbətlər dolaşır ki, onu niyə diri tutmayıblar. Yadınızdadır da, biz Beşiktaşda hücum edəni diri tutmaq istəyəndə nə baş verdi?" - deyib prezident.

İstanbulda Beşiktaş stadionun yaxınlığında qoşa bomba partlayışı baş vermişdi.

"The İndependent" yazır ki, Rusiya səfirinin qətli ilə əlaqədar Altıntaşın valideynləri, bacısı və üç başqa qohumu da daxil 11 nəfər həbs edilib.

Xəbərlərdə bu da qeyd olunur ki, hazırda müstəntiqlər qatilə məlumatların Rusiya səfirliyindən sızdırılmasının mümkünlüyünü araşdırırlar.

Cənab Erdoğan jurnalistlərə deyib ki, Türkiyə kəşfiyyatı Altıntaşın xarici əlaqələrini araşdırır və bu barədə "müəyyən ipucları" var.

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş dövlət televiziyası ilə çıxışında deyib ki, o, qatilin təkbaşına hərəkət etmədiyinə inanır.

"Bu tək adamın adi basqını deyil, - deyib Kurtulmuş, - Burada səhnə arxasından onu idarə edənlər olub. Onların bu qətldən siyasi məqsədləri vardı…"

Kurtulmuş deyib ki, səhnə arxasında əli olanların məqsədi Rusiya-Türkiyə münasibətlərini pozmaq olub.

Hanukka haqqında nə bilirik?

Fotonun müəllifi ARNE DEDERT

"The Daily Telegraph" qəzeti son illərdə xeyli populyarlaşmış Hanukka bayramı barədə məlumat dərc edib.

Məqalədə deyilir ki, səkkiz gün davam edən yəhudi bayramı həm də "İşıqlar Bayramı" kimi tanınır.

Bu bayramda yəhudilər doqquz yuvalı menoranı və ya doqquz budaqlı qəndili yandırırlar. Bu qəndilə yəhudilər "hanukiya kandelabrum" deyirlər.

Qərb təqvimlərinə görə Hanukka noyabr və ya dekabrda bayram edilir.

Müqəddəs bayram İvrit təqviminin doqquzuncu ayı olan Kislevin 25-də başlanır. Bu il qərb təqviminə görə Hanukka dekabrın 24-də başlanıb və yanvarın 1-ədək davam edəcək.

Bəs bu bayramın tarixçəsi nədir?

Hanukka sözünün ilkin mənası "təkrar həsretmə", "təkrar ithafdır". Hannuka günlərində yəhudilərin öz din azadlıqları uğrunda mübarizəsinin tarixi qeyd edilir.

Rəvayətə görə yəhudi qiyamçı Makkabi ordusu Yunan-Suriya zülmkarlarına qarşı üsyan edib. Eramızdan əvvəl 167-ci ildə baş verdiyi söylənən bu hadisəyə Makkabilər Üsyanı deyilir.

Bu üsyandan əvvəl kral Antiox Yerusəlimdəki İkinci Məbədi zəbt etmiş və burada Zevsə mehrab ucaldılmasına göstəriş vermişdi. İudaizm yasaqlanmış, sünnət qadağan olunmuş və məbədin mehrabında qurbanlıq donuzların kəsilməsi əmr edilmişdi.

Məhz buna görə də İuda Makkabinin və ya Çəkic İudanın başçılığı altında xalq üsyanı qalxmışdı.

Bu qiyam makkabilər Yerusəlimi tutanadək üç il davam etmişdi.

İudaizmin əsas kitabı olan Təlmuda görə Hanukka üçün yalnız qapağı baş rahib tərəfindən möhürlənmiş təmiz zeytun yağından istifadə oluna bilərdi.

Üsyançılar Məbədi yenidən qüsl etmək istəsələr də möhürü olan cəmi bir qab zeytun yağı tapmışdılar.

Qaydalara görə qəndil gecə-gündüz yanmalı olsa da, yəhudilərin cəmi bir gecəlik yağı qalmışdı. Amma həmin vaxt möcüzə baş verdi və qəndil səkkiz gün, səkkiz gecə sönmədi.

Bu hadisə yəhudilərin tarxinə "yağın möcüzəsi" kimi yazılıb.

Buna görə də yəhudilər Hanukkada qızardılmış qidaları yeyirlər.

Yudif

Hanukka günlərində süd və süd ərzaqları populyardır. Bunun da öz "tarixi" var.

Babil zəmanəsində yəhudilərin İudadakı Bethulia şəhəri mühasirədə idi. Adamlar aclıq və susuzluqdan əzab çəkirdilər. Buna görə qalanın müdafiəçiləri arasında artıq təslimçilik barədə söhbətlər yayılırdı.

Elə bu zaman gənc yəhudi qadın Yudif kral Nəbukadnəzarın baş sərkərdəsi assuriyalı Holoferneslə görüş istəyir.

Qalanı məhz o mühasirədə saxlayırdı. Qadın düşərgəyə daxil olur və işvələri ilə sərkərdəni yoldan çıxarır. Yudif sərkədəyə çoxlu duzlu yemək yedizdirmişdi və buna görə də o gecə bərk susayır. Bu zaman Yudif ona bol şərab içirdir və sərxoş yatan sərkərdənin başını kəsir.

Yudif mühasirədə olan şəhərə Holofernesin başı ilə qayıdır və bundan sonra heç vaxt ərə getmir.

Yəhudilər məhz onun xatirəsinə Hanukkada bol süd məhsulları yeyirlər.

Əlaqəli mövzular