Britaniya mətbuatı: Saxta xəbər Pakistan-İsrail "münaqişəsi" yaradıb

Erdoğan Fotonun müəllifi Getty Images

"The Guardian" yazır ki, Türkiyədə müxalif Cumhuriyet qəzetindəki bufetin müdiri prezidenti təhqir ittihamı ilə həbs edilib.

Bufet müdiri Şenol Buranın vəkili deyib ki, onun prezidentə bir stəkan çay da verməyəcəyini deməsi dövlət başçısına təhqir kimi qiymətləndirilib.

Məqalədə deyilir ki, Cumhuriyetin İstanbul ofisindəki bufetdə çalışan Şenol Buranı polis bazar günü evindən aparıb.

Bu barədə məlumat Türkiyədə hökuməti tənqid edən azsaylı qəzetlərdən "Özgür Urfa"da dərc olunub.

Türkiyə CM-yə görə prezidentin təhqirinə görə 4 il müddətinə azadlıqdan məhrumetmə əczası verilə bilər.

"The Guardian" yazır ki, Erdoğanın son on ildə Türkiyə siyasətində çox fəal olan vəkilləri karikaturaçılara, keçmiş Türkiyə Gözəlinə və hətta məktəb uşaqları da daxil 1800 nəfərə qarşı prezidenti təhqir ittihamı irəli sürüblər.

İyulda baş tutmamış çevriliş cəhdinin ardınca prezident mərhəmət jesti kimi bütün bu cür cinayət işlərinin bağlandığını bildirmişdi.

Lakin indi bufet müdiri Buran eyni ittihamla həbs edilib və məhkəməsini gözləyir. Belə bir məhkəmənin keçirilməsinə Ədliyyə Nazirliyi xeyir-dua verməlidir.

"The Guardian" yazır ki, Buran qəzetin mühafizə dəstəsinə aid olan bir polis guya onun Erdoğan haqqında təhqiramiz danışdığı barədə orqanlara məlumat verdikdən sonra həbs olunub.

Həmin polis bildirib ki, bufet müdiri "bu adama bir stəkan çay da verməyəcəyini" deyib.

Reuters agentliyinin əldə etdiyi məhkəmə sənədlərinə görə Buran, Erdoğan barədə təhqiramiz ifadələr işlətdiyini danıb, amma ona "çay vermək istəmədiyini" təsdiq edib.

Buran bunu da deyib ki, həmin polislə iki il əvvəl aralarında mübahisə olub.

İstanbul məhkəməsinin hakimi Buranın "cinayət törətdiyinə dair ciddi şübhələrin olması" ilə bağlı onun həbsi barədə hökm verib.

Cumhuriyet qəzeti Buranın həbs olunduğu barədə xəbəri təsdiq edib.

Qəzetin baş redaktoru da daxil bir neçə əməkdaşı ötən noyabrda həbs ediliblər. Onlara qarşı kürd yaraqlıların və ABŞ-da yaşayan vaiz Fethullah Gülenin dəstəklənməsi ittihamları irəli sürülüb.

İyul çevrilişi cəhdindən indiyədək Türkiyədə 110 min nəfər işindən çıxarılıb, 40 min nəfər isə həbs edilib.

Qərb hökumətləri bildirirlər ki, Erdoğan çevriliş cəhdindən opponentlərinə divan tutmaq üçün sui-istifadə edir.

Türkiyə hakimiyyəti həbs olunmuş 54 jurnalistin mülkiyyətini müsadirə edib.

Saxta xəbər Pakistan-İsrail "münaqişəsi" yaradıb

"The Telegraph" yazır ki, Pakistanın müdafiə naziri sosial mediadakı saxta xəbərə əsaslanaraq İsraili cavab nüvə zərbəsi ilə hədələyib.

Məqalədə deyilir ki, nazir Xvaca Asif AWDNews internet saytında dərc olunmuş belə bir uydurma xəbərə inanıb: "İsrailin müdafiə naziri: Əgər Pakistan hər hansı adla Suriyaya quru qoşunları göndərsə, biz bu ölkəni nüvə zərbəsilə məhv edəcəyik".

Pakistan nazirinin cavab tvitində deyilirdi: "İsrailin müdafiə naziri nüvə zərbəsi ilə hədələyir…İsrail unudur ki, Pakistan da nüvə ölkəsidir".

Bundan sonra İsrailin Müdafiə Nazirliyi anlaşılmazlığa aydınlıq gətirməyə çalışıb.

Cavab tvitində deyilir ki, keçmiş müdafiə naziri Yaalona aid edilən sözlər heç vaxt deyilməyib və Pakistan müdafiə nazirinin bəyanatlı tamamilə uydurma xəbərə istinad edir.

"The Telegraph" xatırladır ki, İsrail nüvə arsenalına malik olması məsələsində ikibaşlı siyasət yürüdür. O nüvə silahına malik olduğu barədə iddiaları nə təsdiq, nə də təkzib edir.

İlk nüvə sınağını 1998-ci ildə ildə həyata keçirmiş Pakistan, təhlilçilərin təxminlərinə görə 120 nüvə başlığına malikdir və nüvə cəbbəxanasını sürətlə genişləndirir.

Müsəlman ölkəsi olan Pakistanın İsraillə diplomatik münasibətləri yoxdur.

"The Telegraph" yazır ki, yol verdiyi aldanışa görə cənab Asif bir xeyli lağa qoyulub.

"Bizim nüvə proqramımız o qədər ciddi məsələdir ki, onu Twitter aludəsi olmuş siyasətçilərə tapşırmaq olmaz" - yazır tanınmış televizya jurnalisti Nüsrət Cavid.

Amma bu arada sosial media şəbəkələrində saxta xəbərlərin dalğası getdikcə güclənir.

Bu ayın əvvəllərində bir nəfər ABŞ prezidentliyinə namizəd Hillary Clinton-un uşaq oğurluğu ilə bağlı olduğuna dair saxta xəbəri oxuduqdan sonra əlinə tüfəng alaraq Washington-dakı restoranlardan birinə gəlmiş, araşdırma aparmaq niyyətində olduğunu demişdi.

Ötən həftə Google bidlirib ki, özünün axtarış sistemini təmizləmək istiqamətində işləyir.

Buna səbəb o olmuşdu ki, "Holokost olubmu?" axtarışı isifadəçiləri Holokostu danan internet saytına aparırdı.

Marsda tapılan "qaşıq" kimindir?

Fotonun müəllifi NASA
Image caption NASA bildirib ki, onun özüyeriyən qurğuları Marsda hələlik həyatın ibtidai formalarını axtarırlar.

"The Daily Mail" yazır ki, yadplanetliləri axtaran həvəskarlar Mars planetində qaşıq "tapıblar".

Onlar bildirirlər ki, NASA marsdagəzəninin çəkdiyi videoda Qırmızı Planetin səthində bu adi mətbəx ləvazimatı görünür.

Bundan əvvəl, yenə də NASA-nın foto-video materiallarında üzük, əlcək və başqa tanış predmetləri tapanlar olmuşdu.

NASA-nın sözü gedən videosunu YouTube saytına UFO Hunter (NUO ovçusu) adlı hesabdan yükləyiblər.

Videonun şərh hissəsində yazılıb: "Marsda nəhəng qaşıq var! Bu heyrətamizdir! Görünür itmiş sivilizasiyalardan qalıb…"

"Express" isə yazır ki, NASA və alimlər Marsda görünən "predmetlərin" sadəcə optik ilyuziya olduğunu bildirirlər.

NASA bildirib ki, onun özüyeriyən qurğuları Marsda hələlik həyatın ibtidai formalarını axtarırlar.

NASA alimlərinin fikirncə, bəzilərinin Mars səthində gördükləri "qaşıq" və başqa əşyalar, sadəcə olaraq pareydoliyanın nəticəsidir.

Paleydoliya elə bir psixoloji haldır ki, insanı gördüyü naməlum əşyanın əvvəl yaxşı tanıdığı əşyaya oxşatmağa vadar edir.

Məsələn buludlarda heyvan və insan "şəkillərini" görmək pareydoliyanın nəticəsidir.

Əlaqəli mövzular