Britaniya mətbuatı: Kissinger Krımı Rusiya ərazisi kimi tanımağa çağırıb?

Fotonun müəllifi ANATOLY MALTSEV/AFP/GettyImages
Image caption Henry Kissinger və Vladimir Putin

Kissinger Krımı Rusiya ərazisi kimi tanımağa çağırıb?

"The İndependent" qəzetində dərc olunmuş məqalə "Henry Kissinger "Donald Trump-a Krımı Rusiyanın bir hissəsi kimi tanımağı" məsləhət görüb" adlanır.

Qəzet yazır ki, bəzi məlumatlara görə ABŞ-ın veteran diplomatı Rusiya ilə Washington-un yaxınlaşmasına çalışır və Trump-a Rusiyaya qarşı sanksiyaları dayandırmağı da o tövsiyə edib.

Xəbərlərin güclü seli belə deməyə əsas verir ki, 93 yaşlı diplomat Vladimir Putin-lə Donald Trump arasında vasitəçi olmaq istəyir.

"The İndependent" yazır ki, Kissinger Trump-ı açıq şəkildə dəstəkləyib və onunla görüşmək üçün New York-dakı Trump Tower-a baş çəkib.

Almaniyanın Der Bild qəzetində dərc olunmuş məqalə isə "Kissinger Soyuq Müharibənin qarşısını alacaq" adlanır.

Der Bild yazır ki, Kissinger Rusiya ilə yeni münasibətlərin qurulmasına çalışır.

"Bura ABŞ-ın Rusiya tərəfindən 2014-cü ilin martında ilhaq etdiyi Ukrayna ərazisi Krımın Rusiya ərazisi kimi tanınması daxildir. Bunun müqabilində Rusiya Ukrayna hökumətinə qarşı vuruşan qiyamçılara dəstək verən qoşunlarını və hərbi texnikasını Ukraynanın şərqindən çəkməlidir" - yazır "The İndependent".

Məqalədə bunun detalları verilmir, lakin "mənbələrə" istinadən deyilir ki, cənab Kissinger Ukraynaya dair "baş plan" üzərində işləyir.

Ötən həftə Politico yazmışdı ki, cənab Kissinger, ExxonMobil şirkətinin başçısı Rex Tillerson və kino ulduzu Steven Seagal kimi cənab Putinlə tez-tez görüşən amerikalılardandır.

"The İndependent" yazır ki, Trump kimi, Kissinger də Rusiyanın ABŞ seçkilərinə haker müdaxiləsi etdiyi barədə iddialara ciddi baxmır.

Məqalədə deyilir ki, cənab Trump-ın Rusiyanın Krımı ilhaqına münasibəti seçki kampaniyası ərzində dəyişikliyə məruz qalıb.

Bəzi məlumatlara görə bu dəyişiklik onun keçmiş kampaniya rəhbəri Paul Manafort-un təsiri altında baş verib.

Çünki Manafort Ukraynanın devrilmiş prezidenti, rusiyayönlü Yanukoviçin müşaviri olub.

Krımın ilhaqından dərhal sonra Trump Rusiyanın bu hərəkətini tənqid etmişdi.

Lakin bu ilin avqust ayında o ABŞ mediasına müsahibəsində deyib: "Eşitdiklərimə görə Krım xalqı Rusiya ilə birlikdə olmağa üstünlük verir…"

Politico-nun yazdığına görə, prezidentlər Richard Nixon və Gerald Ford-un vaxtında dövlət katibi olmuş Kissinger hesab edir ki, ABŞ və Rusiya arasındakı qüvvələr balansı qlobal stabilliyin yaxşılaşmasına xidmət edir.

Buna baxmayaraq bəzi skeptiklər 1960-70-ci illərdə Vyetnamın bombardmanlarının arxasında durduğu deyilən Kissinger-in Rusiya məsələsində yanıla biləcəyinə inanırlar.

"Məncə Kissinger diplomatik hücuma hazırlaşır, - deyib Hollandiya analitik informasiya mərkəzi Cicero Fondunun Rusiya üzrə eksperti Marcel Van Herpen, - O realistdir. Onun üçün ən mühüm olanı beynəlxalq balansdır, onun üçün insan haqları və demokratiya söhbəti yoxdur".

Fotonun müəllifi Getty Images
Image caption Recep Tayyip Erdoğan

Washington Erdoğanın bəyanatını "gülməli" adlandırıb

"Express" qəzeti yazır ki, Türkiyə prezidenti Erdoğan Obama hökumətini özünü İslam Dövləti adlandıran qruplaşmanı dəstəkləməkdə ittiham edib.

Qəzet diqqəti belə bir məqama cəlb edir ki, Erdoğanın alovlu ittihamları cihadçılar iki Türkiyə əsgərini diri-diri yandırdıqdan və Rusiya və ABŞ arasında Suriyaya dair yeni müzakirələr başlayandan sonra səsləndirib.

62 yaşlı prezident deyib ki, "onlar bizi İslam Dövlətini dəstəkləməkdə ittiham edirdilər, indi isə onların özü İŞİD, YPG, PYD kimi terrorçu qrupları dəstəkləyirlər".

"Bu aydın məsələdir. Bizim əlimizdə bunu sübut edən şəkillər, fotolar və videolar var" - deyib Erdoğan.

"Express" yazır ki, Türkiyə prezidentinin qəzəblənməsinə səbəb ABŞ-ın dövlət katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Suriya münaqişəsinin müzakirə edildiyi telefon söhbəti olub.

Məqalədə deyilir ki, Amerika Türkiyə prezidentinin cavabını dərhal verib və ABŞ Dövlət Departamenti Erdoğanın bəyantını "gülməli" adlandırıb.

Qəzet yazır ki, prezident Erdoğan dediyi sübutları göstərməyib.

Türkiyə özünün tanklarını və başqa ağır texnikasını Suriya sərhədində cəmləşdirib və ABŞ koalisiyasını onun qüvvələrinə havadan dəstək verməməkdə günahlanıdırb.

"Express" yazır ki, Erdoğanın qüvvələri İŞİD-in sərt müqaviməti ilə üzləşib və 14 əsgər itirib.

İŞİD iddia edib ki, son günlərdə 70 Türkiyə əsgəri öldürülüb. Özünü İslam Dövləti adlandıran təşkilatın buraxdığı videoda onlardan ikisinin diri-diri yandırıldığı göstərilir.

"Express" yazır ki, Türkiyə Rusiya və İranla sövdələşməyə daxil olub. Bu razılaşmaya əsasən Türkiyəyə əl-Bab şəhərini İD-in əlindən almaq icazəsi verilib.

Məqalədə deyilir ki, prezident Erdoğan ABŞ-ı ekstremist qüvvələrlə əlbirlikdə əvvəllər də ittiham edib.

Ankara zaman-zaman Washington-u onun iddiasına görə iyul çevriliş cəhdinin arxasında duran Fethullah Güleni himayədə ittiham edib.

Fotonun müəllifi Getty Images
Image caption Cristina Fernández de Kirchner

Argentinanın keçmiş prezidentinə qarşı cinayət işi qaldırılıb

"The Guardian" yazır ki, Argentinanın keçmiş prezidenti Cristina Fernández de Kirchner-ə qarşı korrupsiya ittihamı irəli sürülüb.

Federal hakim Julian Ercolini keçmiş prezident barəsində qanunsuz biznes fəaliyyəti və dələduzluq ittihamlarını təsdiq edib.

Onunla birlikdə ittiham olunan hökumət rəsmilərindən başqa, qanunsuz kontraktlardan mənfəətlənmiş biznesmen Lazaro Baez-ə qarşı da cinayət işləri qaldırılıb.

Hakim hər bir təqsirləndirilənin 663 milyon dollarlıq mülkiyyətinin dondurulması barədə də qərar çıxarıb, lakin onların bu qədər sərvətinin olub-olmaması aydın deyildir.

Təqsirləndirilənlər 2003-cü ilin mayı və 2015-ci ilin dekabr ayı arasındakı müddətdə infrastruktur işləri üçün ayrılmış dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunurlar.

Fernández ona qarşı irəli sürülmüş ittihamları rədd edir.

Vəzifəsini 2015-ci ilin dekabrında tərk etmiş Fernández iddia edir ki, o hazırkı prezident Mauricio Macri-nin qisasçılığının qurbanı olub.

Ötən may ayında, keçmiş prezident birjadakı valyuta mübadiləsinə müdaxilə edərək hökumətə iqtisadi ziyan vurmaqda ittiham edilmişdi.

Hakimlər xanım Fernadez-ə qarşı daha bir iddia üzrə cinayət işinin bərpa olunmasına hazırlaşırlar.

Keçmiş prezident 1994-cü ildə Argentina-İsrail Cəmiyyətinə qarşı bomba basqınında şübhəli bilinən iranlıların işini ört-basdır etməkdə şübhəli sayılır.

Həmin basqın zamanı binanın uçması nəticəsində 85 nəfər həlak olmuşdu.

Həmin cinayətə görə heç kim məsuliyyətə cəlb edilməmişdi, lakin 2015-ci ilin yanvarında Argentinanın ovaxtkı prokuroru xanım Fernandez-i bu işdə İranın əli olmasını ört-basdır etməkdə günahlandırmışdı.

Prokuror Alberto Nisman bu işi konqresə təqdim etməyə hazırlaşarkən meyiti tapılmışdı. Onu başından güllələmişdilər. Bu ölüm hadisəsi indiyədək açılmamış qalır.