Britaniya mətbuatı: 2016-da niyə bu qədər məşhur vəfat edib?

Moskva deyir ki, türklər bir az tələsiblər...

"The Guardian" yazır ki, Türkiyə və Rusiya Suriya boyunca atəşkəsin bu gündən, dekabrın 29-dan etibarən qüvvəyə minməsi barədə razılaşma əldə ediblər.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bu barədə bəyanat versə də, əlavə edib ki, Ankara prezident Bəşər əl-Əsədin öz vəzifəsindən getməsi tələbini dəyişməyib.

Bu da bəllidir ki, Suriyanın ana müxalifətinin bu atəşkəs sazişinə qoşulduğu barədə razılaşma yoxdur.

"The Guardian" yazır ki, hətta gələcəkdə də Suriyanın hansı ərazilərində atəşkəsin olacağına dair mübahisələr kəsilməyəcək.

Qiyamçı qruplaşmalar atəşkəs razılaşmasının Dəməşq ətrafındakı regionlara da aid edilməsini istəyirlər, lakin Rusiya buna qarşı çıxır.

Müxalifətin vəzifəli rəsmiləri bildiriblər ki, onlara atəşkəs barədə razılaşma haqqında heç bir rəsmi sənəd verilməyib və onlar belə bir sazişə qoşulmağa razılıq verməyiblər.

Rusiya, İran və Türkiyə ötən həftə Moskvada keçirilən görüşdə elan etmişdilər ki, Suriyada sülh sazişinin əldə olunmasına hazırdırlar. Tərəflər bu razılaşmanın ilkin prinsiplərini tezislər şəklində bəyan etmişdilər.

Mevlüt Çavuşoğlu deyib ki, Suriya münaqişəsinin həllinə dair masa üstündə iki sənəd vardır. Bunlardan biri siyasi həll, digəri isə atəşkəsə aiddir.

Türkiyə naziri bildirib ki, bu sənədlərin tətbiqinə istənilən vaxt başlana bilər.

O bunu da əlavə edib ki, Suriya müxalifəti Əsədi heç vaxt qəbul etməyəcək.

"Bütün dünya bilir ki, Əsədlə birlikdə heç bir siyasi keçid mümkün deyildir və bizim hamımıza aydındır ki, bu adamlar Əsədin ətrafında birləşməyəcəklər" - deyib Çavuşoğlu.

Ötən həftə Rusiyanın xarici işlər naziri bildirmişdi ki, İran və Türkiyə Suriyada ən önəmli məsələnin terrorizmə qarşı mübarizə olduğunu və Əsəd hökumətinin devrilməsui olmadığını qəbul ediblər.

Türkiyənin Anadolu agentliyi Moskva və Ankara arasında Suriyada ümumi atəşkəs barədə razılaşma əldə olunduğunu bildirib. Moskva bu xəbər barədə şərh verməkdən imtina edib.

Moskva bunu da əlavə edib ki, ola bilsin, türklər bu xəbəri verməklə bir qədər tələsiblər.

Kreml bildirir ki, bu atəşkəs Rusiya və Suriya hökumətlərinin terrorçu saydığı qruplaşmalara şamil edilməyəcək və onlara qarşı hərbi əməliyyatlar dayanmayacaq. Öz növbəsində Türkiyə Suriya kürdlərinin Demokratik Partiyası (PYD) və onun hərbi qolu YPG-nin danışıqlarda iştirakına qarşı çıxır.

Rusiyanın başçılıq etdiyi danışıqların necə davam etdiriləcəyi barədə məlumatlar yayğındır, lakin Kreml bu danışıqların Qazaxıstanın Astana şəhərində keçiriləcəyini elan edib.

Tənqidçilər bildirirlər ki, əsas müxalifət qruplarının iştirak etmədiyi bu danışqlar, ümumiyyətlə mənasızdır.

Bu danışıqlarda Moskvanın terrorçu hesab etdiyi ən-Nüsra və Raqqada mənzillənən və özünü İslam Dövləti adlandıran qruplaşma iştirak etməyəcəklər.

Türkiyə Suriya kürdlərinin Suriya Demokratik Qüvvələri təşkilatının bu danışıqlarda iştirakına qarşı çıxır, lakin ABŞ İŞİD-ə qarşı döyüşən SDQ-ni öz müttəfiqi sayır.

Bundan bir gün əvvəl Türkiyə prezidenti Recep Tayyip Erdoğan ABŞ-ı İslam Dövlətini dəstəkləməkdə ittiham etmiş, dövlət departamenti isə onun bu bəyanatını "gülməli" adlandırmışdı.

Erdoğan həmçinin Amerika koalisiyasını Türkiyənin əl-Bab əməliyyatını havadan dəstəkləməməkdə ittiham edib.

Türkiyə deyib ki, ABŞ-ın öz öhdəliyinə xilaf çıxmasına baxmayaraq, onlar əl-Bab şəhərini öz qüvvələri ilə İD-dən azad edəcəklər.

"The Guardian" yazır ki, Əsəd rejiminin sərt opponenti olan Türkiyə son aylarda ənənəvi müttəfiqi olan Qərbdən uzaqlaşıb və Moskvaya yaxınlaşıb.

Məqalədə deyilir ki, Ankara Hələb üzərinə Rusiya-İran hücumunun davam etdiyi vaxt heyrətamiz şəkildə sakit dayanmışdı.

"The Guardian" ehtimal edir ki, Türkiyənin Suriya siyasəti hələlik yayğındır və ABŞ-ın yeni prezidenti Donald Trump-ın Suriya münaqişəsinə münasibətinin necə olacağı da indilik bilinmir.

Öz növbəsində BMT bildirib ki, Suriyaya dair dalana daxil olmuş danışıqlar fevral ayından Cenevrədə davam etdiriləcək.

Beləliklə, indi Suriyaya dair iki sülh prosesinin gedəcəyini gözləmək olar.

Rusiya israr edir ki, onun apardığı danışqılar BMT danışıqlarını tamamlayır və qətiyyən onlara qarşı yönəlməyib.

Fotonun müəllifi Reuters
Image caption David Bowie

Əzrayılın məşhurlar siyahısı

"The İndependent" yazır ki, 2016-cı ildə vəfat etmiş ulduz və məşhurların siyahısı çox uzundur.

Lap bütün ili bir tərəfə qoyaq, yazır qəzet, təkcə elə ötən həftə George Michael, Carrie Fisher, onun anası Debbie Reynolds, Richard Adams, Rick Parfitt, Rabbi Lionel Blue, Zsa Zsa Gabor dünyalarını dəyişiblər.

İş o yerə çatıb ki, New Yorker məcmuəsinin karikaturasında bir mələk Əzrayıla məsləhət verir: "Bəlkə bu məşhurlara bir az fasilə verəsən…"

Komediya aktyoru və yazıçı David Baddiel isə belə bir tvit yazıb: "Az qala inanıram ki, kütləvi şəkildə sevilən insanları hansısa serial qatil öldürür".

Hətta ilin əvvəllərində də məşhurların ölüm reytinqi yüksək idi. Aprel ayında biz artıq David Bowie, Pierre Boulez, Cecil Parkinson, Alan Rickman, Umberto Eco, Anita Brookner, Johan Cruyff, Ronnie Corbett, lord Terry Wogan, Harper Lee, lord George Martin, Keith Emerson, Nancy Reagan, Zaha Hədid və Paul Daniels-ə əlvida demişdik.

"The İndpendent" yazır ki, hətta BBC bu 2016-nı özünün əvvəlcədən yazılmış nekroloqlarından istifadə sayına görə rekord ili hesab edir.

Xəbər verilir ki, BBC yanvar ayında əvvəlcədən hazırlanmış nekroloqlarından əvvəlki illə müqayisədə iki dəfə artıq istifadə edib. Bu rəqəm 2012-ci ildə olduğundan 5 dəfə artıqdır.

BBC-nin nekroloqlar üzrə redaktoru Nick Serpell deyib ki, korporasiya əvvəlcədən yazılmış nekroloqlarının 30 faizini işlədib qurtarıb.

The İndependent yazır ki, 2016-cı ilin ilk üç ayında elə qeyri-məşhurların da ölümü yüksək olub. 2016-cı ilin ilk üç ayında Britaniyada 156 min 41 nəfər vəfat edib. 2015-ci il üçün bu rəqəm 151 min 801 idi. Lakin bu fərq statistik baxımdan elə də qeyri-adi deyil. Onda belə nəticə çıxır ki, 2016-cı ildə məşhurlar hər halda daha çox vəfat ediblər.

"The İndependent" yazır ki, hətta buna da baxmayaraq bu il məşhur ölümlərinin çox olmasını statistik meyl yox, statistik "qısa qapanma" adlandırmaq olar.

"Bunun əsas səbəbi isə 1960-cı illərdir" - deyilir məqalədə.

18-ci əsrin sonlarında Britaniyada çıxan Gentleman jurnalı özünün başsağlıqları dərc olunan səhifəsini tammiqyaslı nekroloq səhifəsinə çevirəndə məcmuə yazırdı ki, bu səhifədə yalnız "görkəmli adamların" başsağlığı yazıları dərc olunacaq.

Lakin 20-ci əsrin birinci yarısından Hollywood və peşəkar idmanın ulduzlarının və onlarla birlikdə "məşhurlar mədəniyyətinin" yüksəlişi başlanıb.

20-ci əsrin əvvəllərində bir Frank Sinatra vardı və daha sonra Elvis olmuşdu, vəssəlam. Lakin 1960-cı illərdən 4 liverpullu uşağın - Beatles qrupunun məşhurlaşması ilə ulduz yağışı başlanıb.

Beatles qrupunun ardınca Rolling Stones, Who və Kinks, habelə Məhəmməd Əli, Michael Caine, Terence Stamp, Julie Christie, George Best, Davids Bailey, Frost və Hockney doğulublar. Ulduzların kütləviliyi beləcə müasir pop mədəniyyətinin əsasını qoyub.

"1960-cı illərdə məşhurlaşanlar indi ömürlərinin payız və qış çağındadırlar və onların ölümləri də qaçılmaz şəkildə artır" - yazıb "The Independent".

"The Independent" yazır ki, bir qayda olaraq musiqi adamları daha erkən ölürlər.

2014-cü ildə Avstraliyada 13 min rok və pop ulduzu üzərində aparılmış elmi araşdırmadan məlum olub ki, onlar orta hesabla əhalinin qalan hissəsindən 25 il tez vəfat edirlər.

"The Independent" yazır ki, burada əlbəttə musiqi ulduzlarının o qədər də sağlam olmayan həyat tərzi də öz rolunu oynayır.

Bir də Facebook-u unutmaq olmaz. 2016-cı ildə bu sosial şəbəkəyə daha 250 milyon insan qoşulub.

Bu isə o deməkdir ki, az-çox məşhur olan insanların ölümləri qeyd olunur və daha böyük əhəmiyyət kəsb edir.

"The Independent" yazır ki, bu mənada elə bir dəyişiklik baş verməyib. İndi dünyada əvvəllər olduğundan daha çox məşhur insanlar var və onların hamısı təəssüf ki, Əzrayılın siyahısındadır.