Mosul döyüşü: İraq hərbi qüvvələri hücumun ikinci mərhələsinə balşlayıblar

İraq qüvvələri şərqi Mosulda, 28 dekabr 2016 Fotonun müəllifi Getty Images
Image caption İraq qüvvələri

İraq hərbi qüvvələri özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın Mosuldakı mövqelərinə qarşı yeni hücum mərhələsinə başlayıblar, hərbi rəsmilər deyib.

İD-in İraqda son dayağı olan Mosul şəhərini ələ keçirmək məqsədilə həyata keçirilən hücum əməliyyatına qatılan dəstələr şəhərin şərqi rayonlarına doğru irəliləyirlər.

Kampaniyanın başlanğıcı son həftələr döyüşlərdən fasilə dövrünü sona gətirib.

Keçən ay Mosulun şərqi rayonlarına daxil olan İraq qüvvələri şiddətli müqavimətlə üzləşiblər.

Şərqi Mosulda yerləşən xüsusi qüvvələrin komandiri general-leytenant Abdul Vəhab əl-Səadi AP xəbər agentliyinə deyib ki, hücum əməliyyatı qoşunların yeni qüvvələrlə dəstəklənməsindən sonra başlayıb.

O deyib ki, elit Anti-Terrorçu Xidməti qoşunları ilk dəfə noyabr ayında girdikləri Karama rayonuna ikinci dəfə daxil olublar.

Komandir əlavə edib ki, cümə axşamı günündən etibarən qoşunlar şəhəri ikiyə bölən Dəclə çayından 3 kilometr məsafədədirlər.

Bazar ertəsi günü ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin hava zərbələri nəticəsində Dəclə çayının üzərindəki son körpü istifadə edilməz hala qətirilib.

Hökumət yönümlü qüvvələrin Mosulu zəbt etməyə ilk cəhdindən öncə şəhərdə 5 körpü var idi.

Fotonun müəllifi Amaq
Image caption Mosulun köhnə körpüsünün hava zərbəsindən sonra mənzərəsi

BMT xəbərdarlıq edib ki, şəhərin körpülərinin dağıdılması milyondan çox din əhalinin təxliyəsinə manea ola bilər.

Mosulu zəbt etməyə yönəli hərbi əməliyyat cihadçıların şəhəri ilk dəfə ələ keçirdiklərindən iki ildən artıq müddətdən sonra, 17 oktyabrda başlayıb.

Lakin irəliləyən qoşunlar snayper atəşi, canlı bombalar və artilleriya bombardmanları ilə hədəfləndikdən sonra əməliyyat ləngiməyə başlayıb.

Mosul əməliyyatında ABŞ tərəfindən idarə edilən koalisiyasının hərbi məsləhətçiləri, İraq təhlükəsizlik qüvvələri, kürd Peşmərgələri, sünni ərəb tayfaları və şiə döyüşçüləri iştirak edir.

Mosul və şəhərin ətrafında yaşayan 100 000-dən çox insan evini tərk edib, və BMT rəsmiləri deyirlər ki, hərbi əməliyyatlar davam etdikcə bu rəqəm arta bilər.