Britaniya mətbuatı: “Kardashian bacılarından sonra 4-cü ən məşhur ABŞ ermənisi” kimdir?

Türkiyə və Rusiya Suriya kürdləri məsələsində razılaşıblarmı?

"The Guardian" yazır ki, Suriya boyunca cümə günündən elan edilmiş atəşkəsə ümumən əməl olunur və Rusiya ilə Türkiyə 6 illik münaqişənin başa çatdırılması üçün BMT-dən dəstək istəyirlər.

Müxalifəti 15 ay sərasər bombardman etdikdən sonra indi Rusiya bildirir ki, BMT Təhlükəsizlik Şurasına Moskva və Ankaranın Suriyaya dair razılaşmasını təsdiqləyən qətnamənin qəbulu üçün müraciət edilib.

Ankara və Moskva arasında əldə olunmuş razılaşma Suriyada mühasirə vəziyyətində olan ərazilərə humanitar yardımın çatdırılmasına yol açmalıdır.

Azad Suriya Ordusunun siyası rəsmisi Asaad Hanna deyib ki, Suriyada zorakılıq azalıb, lakin dayanmayıb və "biz, bizi altı ildir bombalayan Rusiya kimi bir ölkə barəsində nikibin ola bilmərik".

Lakin Hanna bunu da əlavə edib ki, zorakılığın azalması da böyük nailiyyətdir.

"The Guardian" yazır ki, bundan əvvəl də Suriyada sülh sazişi üçün üç cəhd edilib, lakin indi döyüş meydanında qüvvə balansı Əsədin xeyrinə dəyişib. Rusiya və Türkiyə məhz belə bir şəraitdə öz aralarında sülhə dair razılaşma əldə ediblər.

Rusiya bildirib ki, Suriyadakı 7 əsas müxalifət qruplaşması atəşkəs sazişini imzalayıb. Lakin bununla belə müxalifət qruplaşmalarının arasında ən qüdrətlisi olan Əhrar əş-Şəm imzalamadan imtina edib.

Qruplaşma bildirib ki, onların da atəşkəsə qoşulmaları üçün, irəli sürdükləri bir neçə şərtə əməl olunmalıdır.

"The Guardian" yazır ki, Ankara və Moskva arasında anlaşmanın əldə edilməsi Rusiyanın kürd məsələsində mövqeyinin dəyişməsi nəticəsində mümkün olub.

Hələ ötən iyulda Vladimir Putin Erdoğana demişdi ki, Moskva Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Öz növbəsində Türkiyə də Suriya kürdlərinin muxtariyyət ambisiyalarının əleyhinədir.

Bütün bunlara baxmayaraq Rusiya və Türkiyə arasında əldə olunmuş razılaşmaya dair mümkün BMT qətnaməsinə Təhlükəsizlik Şurasında dəstək verilib-verilməyəcəyi bilinmir.

Fotonun müəllifi Getty Images
Image caption Alexis Ohanian

Serena Williams nə vaxt "erməni" olacaq?

"The Daily Telegraph" yazır ki, bütün zamanların ən böyük tennisçisi Serena Williams və Alexis Ohanian nişanlanıblar.

Məqalədə deyilir ki, Williams-ı tanımayan yoxdur, amma Alexis-i təqdim etməyə ehtiyac var, hərçənd o da kifayət qədər məşhurdur.

Alexis Ohanian xeyli populyar Reddit sosial platformasının həmtəsisçilərindən biridir.

İndi 33 yaşı olan sakit və gülərüz Ohanian Reddit saytını 2005-ci ildə Virginia Universitetində oxuyarkən yataqxana yoldaşı ilə birlikdə təsis edib.

İndi bu saytın aylıq 1 milyard qonağı olur.

"The Telegraph" yazır ki, Serena və Alexis-in nişaslanma xəbəri heç şübhəsiz Qafqazda yerləşən kiçik bir ölkədə - Ermənistanda canlanmaya səbəb olub.

Ohanian deyir ki, onun soydaşları artıq götür-qoy edirlər: "Serenanı nə vaxt erməni elan edə biləcəklər?"

Qəzet yarıgərçək, yarızarafat yazır ki, Ohanian-ın özü planetin dördüncü ən məşhur Amerika ermənisdir. Birinci üç yeri Kardashian bacıları tuturlar.

Reddit saytına gəlincə isə çox sadə platformadır. Burada müzakirə olunan predmet və mövzuların ya leyhinə, ya da əleyhinə səs vermək olar.

Müzakirələr çox canlı və maraqlı olur. Yaradıcıları Redditi internetin baş səhifəsi adlandırırlar.

"Telegraph" isə yazır ki, Reddit əslində Twitter və ya Facebook-dan daha sağlam yerdir.

Ohanian deyir ki, bu saytı yaratmaq ideyası onu 2003-cü ildə Londonun Hyde Parkındakı "Natiqlər guşəsində" tutub.

Burada ən müxtəlif adamlar ən müxtəlif movzularda nitqlər edir, çox vaxt da hökuməti tənqid atəşinə tuturlar.

Ohanian və onun otaq yoldaşı Steve Huffman iki il sonra Reddit-i yaradıblar. Sayt bircə ilin içində o qədər məşhurlaşıb ki, onu bir ildən sonra 20 milyon dollara nəşriyyat nəhəngi Condé Nast şirkətinə satıblar. Ohanian bu satışdan sonra da saytın direktoru olaraq qalıb.

"The Telegraph" yazır ki, Ohanian Silicon vadisinin nüfuzlu simalarından olsa da, varidatı cəmi 4, 5 milyon dollardır.

Odur ki, Serenanın Ohanian-ı puluna görə seçməsi barədə qiybət qıranlar yanılırlar. Dünyanın ən çox qazanan idmançı qadın Williams-ın 150 milyon dolları var.

Qadınların immun sistemi daha zəifdir?

"The İndependent" yazır ki, əgər əvvəllər kimsə qadınların kişilərdən çox xəstələndiklərini desəydi, onu seksist hesab edərdilər. Lakin indi elmi araşdırma bunun həqiqət olduğunu və niyə belə olduğunu aşkar edib.

Statistikaya görə pullu dəmrov, Kron xəstəliyi, revmatoid artrit kimi avtoimmunitet xəstələrinin 80 faizi qadınlardır. Bu xəstəliklər zamanı insan orqanizminin immun sistemi səhvən onun sağlam toxumalarına hücum edir.

Bundan əvvəl aparılan araşdırmalarda əsas diqqət cinsi hormonlar məsələsinə yönəldilirdi. Lakin indi Michigan Universitetinin alimləri məsələyə qadın və kişilərin genetik fərqləri baxımından yanaşıblar.

Alimlər 82 sağlam kişi və qadının genetik materialını təhlil etdikdən sonra bu qənaətə gəliblər ki, cinslər arasındakı genetik ifadə fərqləri heyrətamizdir.

Araşdırmaya başçılıq etmiş professor Yun Liang deyib ki, qadın və kişilərdə müxtəlif ifadəyə malik 661 gen aşkar edilib və bu genlərin əksəriyyəti məhz immun sistemi ilə bağlıdır.

Bu isə o deməkdir ki, qadınlar immun sistemi ilə bağlı kişilərlə müqayisədə son dərəcə böyük risklə üzləşirlər.

Bu barədə daha geniş