Braziliyalı polis yunan səfirini onun arvadının sifarişi ilə "qətlə yetirib"

Yunanıstanın Braziliyaya səfiri Kyriakos Amiridisin həyat yoldaşı Francoise Amiridis Fotonun müəllifi AP
Image caption Francoise Amiridis yoldaşı Kyriakos Amiridis ilə 15 il birlikdə yaşayıb

Braziliya polisi xəbər verir ki, Yunanıstanın bu ölkədəki səfiri, səfirin həyat yoldaşı ilə intim münasibətdə olan yerli polis zabiti tərəfindən qətlə yetirilib.

Səfir Kyriakos Amiridis bazar ertəsindən itkin düşüb. Onun cəsədi cümə axşamı Rio-de-Janeyro şəhərinin yaxınlığında yanmış avtomobilin içində aşkar edilib.

Polis deyir ki, səfirin qətlini braziliyalı həyat yoldaşı Francoise Amiridis sevgilisi ilə birlikdə planlaşdırıb.

Sergio Gomes Moreira Filho səfiri böğaraq öldürdüyünü etiraf edib, polis bildirir.

40 yaşlı xanım Amiridis 29 yaşlı cənab Moreira və onun yaxın qohumu Eduardo Melo ilə birlikdə saxlanıblar.

Deyilir ki, cənab Moreira qətli yerinə yetirməkdə ona kömək etməsi üçün Eduardo Melo-ya 80 min reais (təxminən 25 min ABŞ dolları) ödəyib.

"Ehtiras cinayəti"

Üç şübhəli dindirilib və polis tərəfindən hələ 30 gün həbsda saxlanacaqlar.

Müstəntiq Evaristo Pontes Magalhaes deyib ki, polis "xain və faciəvi" qətli "ehtiras cinayəti" saydığını bildirib.

"Francoise əvvəlcə baş verənləri təkzib edirdi. Deyirdi ki, bununla heç bir əlaqəsi yoxdur. Biz ona başqa yolu olmadığını və cinayəti təkzib etməyi davam etdirməyin mənasız olduğunu başa saldıq", cənab Magalhaes mətbuat konfransında deyib.

"O ifadəsində özünü dolaşdırdı, ağlamağa başladı və həyat yoldaşının qətlini polis zabitinin (Sergio Moreira) yerinə yetirdiyini dedi", o, əlavə edib.

Fotonun müəllifi EPA
Image caption Cənab Amiridisin cəsədi Rio-de-Janeyro şəhərinə yaxınlıqda yanmış avtomobilin içində aşkar edilib

Cənab Magalhaes deyib ki, cənab Moreira səfirlə dalaşıb, daha sonra səfirin öz yoldaşını döyməsi iddiası barədə onunla üzləşməyə gedəndə cənab Amiridisi öldürüb.

O, özünü müdafiə etdiyini deyib. Lakin Braziliya polisi onun dediklərini rədd edib.

Onlar deyirlər ki, cənab Moreira-nın yaxın qohumu cənab Melo səfirin cəsədini daşıdığını etiraf edib, və xanım Amiridis və cənab Moreira-nın səfiri qətlə yetirmək planı barədə ətraflı məlumatlar paylaşıb.

Yanmış cəsəd

59 yaşlı səfir milad və yeni il bayramlarını yoldaşı və yoldaşının valideyinləri ilə birlikdə qeyd etmək üçün Braziliyanın paytaxtı Braziliadan Rio-de-Janeyrodan şimalda yerləşən Nova İquasu şəhərinə yola düşüb.

Yerli mətbuat cütlüyün 15 il birlikdə yaşadığını və 10 yaşlı qızları olduğunu yazır.

Xanım Amiridis yoldaşının itdiyini çərşənbə günü bildirib.

O, yoldaşının bazar ertəsi kirayə etdiyi avtomobillə getdiyini polisə deyib. Yanmış avtomobil Rio-de-Janeyroya gedən əsas yolun üstündə yerləşən yol qovşağının altında aşkar olunub.

Cəsəd tanınmayacaq qədər yanmış vəziyyətdə olsa da, polis onun cənab Amiridis olduğunu deyiblər.

Müstəntiqlər həmçinin cütlüyün qaldığı evdə divanın üstündə qan izləri tapdıqlarını və çox güman ki, səfirin orada bıçaqlandığını deyib.

Cənab Amiridis Rio-de-Janeyroda 2001 və 2004-cü illər arasında konsul vəzifəsində işləyib və bu ilin əvvəlində ölkəyə səfir vəzifəsində qayıdıb.