Mariah Carey-nin Yeni il qalmaqalına görə kim günahkardır?

Mariah Carey Fotonun müəllifi Reuters
Image caption Mariah Carey tez-tez səhv edir və musiqini eşitmədiyindən şikayətlənərək ifasını saxlayırdı

Populyar ifaçı Mariah Carey-nin Yeni il gecəsi New York-da uğursuz çıxışı qarşılıqlı ittihamlara səbəb olub: ifaçının pərəstişkarları günahkarı axtarır, konsertin prodüserləri ilə təşkilatçıları isə bir-birlərini ittiham edirlər.

New-York-un məşhur Times meydanından canlı yayımlanan çıxışında populyar ifaçı musiqini eşiymədiyindən şikayətlənərək tez-tez ifasını saxlayırdı.

Mariah-ın nümayəndələri Billboard nəşrinə bildiriblər ki, şounun prodüserləri ulduzu "qəsdən biabır" ediblər.

Dick Clark Productions prodüser şirkəti isə ittihamları "absurd" adlandıraraq deyilənləri inkar edib.

"Mən də bayram istəyirəm"

ABC kanalının yayımladığı proqramda Mariah Carey-nin çıxışı gecə yarısından az əvvəl başlayıb. O, ilk mahnısını (Auld Lang Syne) normal ifa edib. Lakin daha sonra ifaçı hit mahnısı olan Emotions ifa edərkən problemlər yaranıb.

Musiqini eşitmədiyindən şikayətlənən ulduzu mahnının böyük hissəsini oxumaqdan imtina edib.

Bütün baş verənlərə baxmayaraq isə rəqqaslar öz ifalarını davam etdiriblər, bəzən isə ifaçını da öz rəqslərinə qoşublar.

Fotonun müəllifi Reuters
Image caption Mariah Carey hətta ifa edə bilməyəndə belə rəqs nümayişində iştirak edib

"Mən də bayram istəyirəm. Mənə olmaz? Burada əlimdən gələni etməyə çalışıram", o izdiham qarşısında deyib.

İfaçı bundan sonra növbəti mahnısını ifa etməyə çalışsa da, problem davam edib.

"Bu düzələnə oxşamır", o mahnının sonunda deyib.