Britaniya mətbuatı: Uşaq doğulan kimi atasını səsindən tanıyır

Vladimir Putin və Recep Tayyip Erdoğan Fotonun müəllifi AFP

Suriyada Türkiyə-Rusiya alyansı güclənir

"The Guardian" yazır ki, Türkiyə Suriyanın əl-Bab şəhərini İŞİD-dən azad etmək üçün hərbi əməliyyatı tezliklə başa çatdıracağını bildirib.

İstanbul gecə klubuna basqından sonra Suriyanın ən qərbində yerləşən bu şəhərdə özünü İslam Dövləti adlandıran təşkilatın mövqeləri xüsusilə ağır bombardmana məruz qalıb.

Türkiyə rəsmiləri bildirirlər ki, ordu bu əməliyyatda aviasiya və artilleriyadan geniş istifadə edir.

Quru üzərində hücum əməliyyatını Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu aparır.

"The Guardian" yazır ki, İranın dəstəklədiyi qüvvələrin köməyi ilə Hələbi ələ keçirdikdən sonra əl-qolu açılan Rusiya aviasiyası da zərbə hədəfini əl-Bab şəhərinə çeviriib.

Azad Suriya Ordusunun döyüşçüləri şəhəri 3-4 günə azad edəcəklərini bildiriblər.

Məqalədə deyilir ki, İŞİD özünün döyüş komandirlərini son həftələrdə Raqqa istiqamətində geri çəkməyə başlayıb və əl-Babı əsasən sıravi cihadçılar müdafiə edirlər.

Bu, belə düşünməyə əsas verir ki, indi İŞİD üçün əl-Babın müdafiəsi yox, Raqqanın və Mosulun əldə saxlanması daha vacibdir.

Bununla belə, əl-Babın süqutu İŞİD-in son iki ildə ən böyük məğlubiyyəti ola bilər. Şəhər qruplaşmanın Suriya və Türkiyə istiqamətindəki hərbi planlaşdırmasında strateji yer tutur.

"The Guardian" yazır ki, İŞİD-in xarici əməliyyatları məhz bu şəhərədə hazırlanır və buna görə də Avropa kəşfiyyatları əl-Baba böyük maraq göstərirlər.

Onların fikrincə İŞİD-in Paris, Brüssel, Nitsa və Berlin basqınları məhz burada hazırlanıb. İstanbul basqınının da buradan planlaşdırıldığı barədə məlumatlar var.

Bundan başqa İŞİD əl-Bab şəhərindən Hələb şəhərinin ətraflarına və Türkiyə sərhədi istiqamətində yerləşən İdlibə təxribatçı qruplar göndərmək üçün istifadə edirdi.

İD-in keçmiş təbliğat rəisi Əbu Məhəmməd əl-Ədnani ötən il ABŞ dronu ilə öldürülməzdən əvvəl bu şəhərdə məskun olmuşdu.

Bu şəhərin ələ keçirilməsi həmçinin Ankara və Moskvaya Suriyada başlıca olaraq İŞİD-ə qarşı döyüşdüklərini söyləmək imkanı verəcək. Buna qədər Rusiya əsasən Əsəd qüvvələrini dəstəkləyir, Türkiyə isə kürd mövqelərinə zərbələr endirirdi.

"The Guardian" yazır ki, indi bu vəziyyət dəyişmiş olacaq. Buna səbəb həm də rəsmi Ankaranın İstanbul gecə klubuna basqından qəzəblənməsi və indi intiqam almaq istəməsidir.

Rusiya da Əsədin düşmənlərini bitirdikdən sonra, indi diqqətini cihadçılara çevirə bilər.

Bundan başqa Rusiya və Türkiyəni ABŞ ambisiyalarına qarşı çıxmaq amalı birləşdirir.

Kürd qüvvələri hazırda Raqqa istiqamətində irəliləyirlər, lakin "The Guardian"-ın Washington-dan aldığı məlumata görə onlar yanvarın 20-də Trump-ın prezidentliyi başlananadək hücuma keçməyəcək.

Əgər əl-Bab ələ keçirilsə, Erdoğan Suriyada üç şəhəri azad etdiyi ilə öyünmək imkanı qazanacaq. Bundan əvvəl Carablus və Mənbic şəhərləri İŞİD-dən alınıb.

"The Guardian" yazır ki, Donald Trump çox güman Suriyaya fəal müdaxilə etmək həvəsində olmayacaq. Bu isə o deməkdir ki, əl-Babın alınması ilə Suriyadakı Türkiyə-Rusiya alyansı güclənəcək.

Fotonun müəllifi AFP
Image caption Nura Arkavazi və Bobi Dodevski (21 dekabr 2016)

Miqrant böhranından doğan məhəbbət

"The İndependent" humanitar fəlakətdən doğan məhəbbətə məqalə həsr edib.

Bu, iraqlı qaçqın qız və makedoniyalı sərhədçi gəncin arasında baş vermiş sevgi hekayətidir.

20 yaşlı Nura Arkavazi ailəsi ilə birlikdə İraqın Diyala əyalətindən didərgin düşdükdən sonra min bir əziyyətlə 2016-ci ilin martında palçıqlı Makedoniya sərhədinə çatıb.

Burada qızın yüksək hərarəti vardı və ona təcili tibb yardımı lazım idi. Buna görə də onu ingilis dilini bilən sərhədçi zabit Bobi Dodevskiyə həvalə etmişdilər. Və bu, ilk baxışdan qarşılıqlı vurğunluq idi, "The İndependent" yazır.

35 yaşlı cənab Dodevski BBC telekanalına deyib: "Mən çox, çox qızlar görmüşdüm…Amma Nuranın gözlərində məxsusi olan nəsə vardı və mən özümə belə dedim: Axtardığım bu imiş. Nura mənim xanımım olmalıdır!"

Dodevskinin ilk baxışdan vurulmasını onun qadın həmkarı da sezib. O deyirdi ki, Dodevski işləyirdi, amma "başını itirmişdi".

Xanım Arkavazi Qırmızı Xaçda müalicə olunandan sonra ailəsi ilə birlikdə Serbiya sərhədindəki Tabanovtse düşərgəsində idi və Almaniyaya keçməyə çalışırdı.

Onun müvəqqəti olaraq Qırmızı Xaçda işləməyə başlaması cənab Dodevsklinin lap ürəyindən olmuşdu. Onlar vaxt tapan kimi bir araya gəlirdilər.

Nura, Dodevskinin qaçqın uşaqların necə qayğısına qalmasına heyran olmuşdu. Halbuki onun başqa sərhədçi həmkarları çox sərt davranırdılar.

Makedoniya miqrantlara münasibətdə sərt mövqe tutan ölkələrdəndir. Bu ölkənin sərhədində miqrantlara qarşı gözyaşardıcı qazlardan və dəyənəklərdən istifadə olunurdu.

Dodevskiyə görə Arkavazi ailəsi belə davranışdan sığortalanmışdı.

Nəhayət aprel ayında Dodevski Nuraya evlənməyi təklif etdi. Bunun zarafat olmadığını bildirmək üçün bu xahişini 10 dəfə təkrar etdi.

Bu gözlənilməz dönüş olmuşdu: Cənab Dodevski pravoslav xristian, Nura isə kürd müsəlman idi.

Amma qız razılığını verdi və iyul ayında onların Kumanovo şəhərində toyları oldu.

Beləcə iraqlı Nura ağlına gəlməyən bir yerdə özünə ev-eşik qurdu.

İndi onlar Dodevskinin əvvəlki evlilikdən üç uşağı ilə birlikdə yaşayırlar.

Bir neçə aydan sonra ailəyə dördüncü uşaq da gələcək.

Uşaq doğulan kimi atasını səsindən tanıyır

Fotonun müəllifi PHILIPPE HUGUEN

"The Telegraph" qəzetində Guy Kelly yazır ki, ata qayğısı altında olan uşaqların tək özləri yox, elə ataları da faydalanmış olur.

Məqalədə atalara məsləhət görülür ki, ağıllı, özünə inamlı, tərbiyəli övlad valideyni olmaq istəyirlərsə, uşaqları ilə daha çox ünsiyyətdə olmalıdırlar.

Bu sahədə aparılmış elmi-tədqiqatlara söykənən qəzet yaxşı atalığın 7 yaxşılığından yazır.

1. Ata ünsiyyətli uşaqların IQ-sü, yəni intellektual səviyyəsi yüksək olur.

Newcastle Universitetinin alimləri deyirlər ki, atanın öz intellektual səviyyəsindən asılı olmayaraq onun övladı ilə daha çox ünsiyyətdə olması uşağın intellektual səviyyəsinin yülsəlməsinə xidmət edir.

2008-ci ildə 11 min 50 yaşlı britaniyalı arasında aparılmış sorğu göstərib ki, uşaqlıqda ataları ilə sıx ünsiyyətdə olanların İQ səviyyəsi daha yüksəkdir.

2. Ataların özləri də işdə uğurlu olurlar

Menecment Akademiyasının 2015-ci ildə dərc etdiyi araşdırmadan bəlli olur ki, öz övladları ilə daha çox ünsiyyətdə olan atalar bir qayda olaraq öz işlərindən də razı qalırlar.

Hesabatda deyilir ki, uşaqlarına çox diqqət yetirən kişilər işə diqqətsiz ola bilərlər, amma…karyeralarına heç vaxt.

Əksinə, alimlər düşünürlər ki, iş sahibləri işçilərinin öz övladlarına qayğı gösətərə bilmələrı üçün mümkün olan bütün imkanları yaratmağa çalışmalıdırlar.

3. Atası qayğıkeş uşaqların özünəinamı güclü olur

Öz ataları ilə daha çox vaxt keçirən uşaqlar böyüdükcə daha özünəinamlı olurlar.

Bu nəticəyə 200 ailə üzərində müşahidə aparmış Pennsylvania Dövlət Universiteti gəlib.

4. Ata bütün kişiləri təmsil edir

"The Telegraph" yazır ki, uşaqlar təkcə "kişiliyi" yox, elə qadına hörməti də atadan öyrənirlər. Amma ataların öz qızlarına töhfəsi daha böyükdür.

Morehouse Kollecinin professoru Obie Clayton deyir ki, qızlar üçün ata ilə ünsiyyət hətta oğlanlar üçün olduğundan daha çox gərəklidir. Atalarının daimi qayğısını görən qızlar özünəinamlı və uğurlu olurlar.

5. Uşaqlar daha az "bəlaya" düşürlər

Bu bir qədər qərəzli səslənə bilər, amma belə bir inam vardır ki, intizam problemləri ilə daha çox atasız uşaqlar üzləşirlər.

2006-cı ildə ABŞ Səhiyyə və Humanitar Xidmətlər Nazirliyinin dərc etdiyi hesabatda deyilir ki, atalı uşaqlar böyüdükcə ictimai mühitdə daha səbatlı olur, tay-tuşları ilə daha yaxşı yola gedirlər. Lap körpəlikdən ata qayğısı görən uşaqlar həyət-bacada daha az xatalı vəziyyətlərə düşürlər.

Təsadüfi deyildir ki, ABŞ-dan evsiz və ya evdən qaçan uşaqların 90 faizi atasızlardır. Təhsilini yarımçıq qoyanların isə 71 faizi atasız böyüyüb.

6. Ata olanların beyni dəyişir

Elmə çoxdan bəlli idi ki, dünyaya uşaq gətirən qadınların beyni dəyişikliyə məruz qalır. Lakin 2014-cü ildə Yale Universitetində aparılmış tədqiqat kişi beyninin də belə dəyişikliyə məruz qaldığını aşkar edib.

Ata olmaq kişi beyninə ikili təsir edir. Araşdırmalar göstərir ki, ataların beyninin bir tərəfindəki boz maddə artırsa, bu maddə beynin başqa hissəsində azalır. Ata olan kişilər eyni vaxtda bir neçə işi görməyə proqramlaşırlar, amma digər tərəfdən yaddaşları pisləşir.

Alimlər düşünürlər ki, kişilərin beynindəki müəyyən regionlar atalıq üçün məsuliyyət daşıyır.

7. Çağalar ata səsini daha aydın eşidirlər

Sizə elə gələ bilər ki, ana bətnində olan uşaqlar sizi eşitmirlər, amma əksinə bütün diqqətləri sizdədir. Bu ona görə belə olur ki, kişi səsi ton xüsusiyyətinə görə bətndə daha yaxşı eşidilir. Alimlər deyirlər ki, məhz buna görə də uşaq doğulandan az sonra atasının səsini tanıyır.

Bundan başqa adətən atalar analardan fərqli olaraq çağa ilə "oppa", "nyam-nyam", "maç-muç" dilində danışmırlar.

Bu isə uşağın dil qabiliyyətinin inkişafına köməklik göstərir.

Bu barədə daha geniş