Britaniya mətbuatı: Türkiyə və türkdilli cihadçıların yolları ayrılır

İstanbulda silahlı hücumdan sonra Reina gecə klubunun önü Fotonun müəllifi OZAN KOSE/AFP/Getty Images

Türkiyə və türkdilli cihadçıların yolları ayrılır

"The İndependent" qəzetində Kim Sengupta özünün dediyi kimi Türkiyəni bürümüş terrorun nəzərdən qaçan tərəfinə diqqət yetirib.

Jurnalist yazır ki, son vaxtlar Mərkəzi Asiyanın çöllərindən və Qafqaz dağlarından qaynaqlanan terror qanlı cihad dünyasına öz töhfəsini verir.

Türkiyədən alınan son xəbərlərdə deyilir ki, İstanbulun Reina gecə klubunda qətliam törətmiş şəxsin etnik uyğur olduğu güman edilir.

Məqalədə qeyd olunur ki, son illərdə özünü İslam Dövləti adlandıran qrupun sıralarında döyüşən Mərkəzi Asiya cihadçılarının sayı və qüdrəti artmaqda davam edib.

Hazırda bu bölgədən 4 min nəfərin Suriya münaqişəsində iştirak etdiyi güman edilir.

Etnik gürcü-çeçen olan Əbu Ömər əş-Şişani ABŞ-ın hava zərbəsi ilə öldürülənədək İŞİD-in ən uğurlu komadanlarından biri idi.

Sengupta yazır ki, Vladimir Putin özünün Suriya münaqişəsinə hərbi müdaxiləsini, həm də cihadçıların sırasında çox sayda Rusiya vətəndaşının olması ilə izah etmişdi.

Məqalədə deyilir ki, çeçen separatçılar Rusiyada bir sıra hay-küylü terror aktları törədiblər və Moskvanı dəfələrlə yeni hücumların olacağı ilə hədələyiblər.

Bu arada həm də Kreml Türkiyə ərazisində məxfi olaraq onlarca çeçeni, özbək və taciki qətlə yetirməkdə ittiham olunub.

Sengupta yazır ki, Mərkəzi Asiya diasporasının Türkiyədə bu qədər böyüməsinə səbəb prezident Erdoğanın siyasəti olub. O Türkiyəni Osmanlı sultanlarının varisi və özünü isə türkdilli xalqların lideri kimi təqdim etməyə çalışırdı.

Məqalədə deyilir ki, türkdilli respublikalardan Türkiyəyə pənah gətirənlərin əksəriyyəti öz hökumətlərindən qaçan mühafizəkar islamçılar olub.

Sonradan bu adamların bir çoxu ailələri ilə birlikdə Türkiyə sərhədini aşaraq cihada qoşulmaq üçün Suriyaya keçib.

Bu cihadçıların arasında olan azyaşlı uşaqları İŞİD bəzən "xilafətin küçükləri" adlandırırdı.

Onlardan bəzilərinin 8 yaşı olduğu, bəzən isə baş kəsərək edam icra etdikləri xəbərləri yayılırdı.

Məqalədə deyilir ki, bu qədər keçmiş sovet adamının Türkiyədə sığınacaq tapması və onlardan bəzilərinin Kreml tərəfindən gizli qətlə yetirilməsinə dair iddialar uzun müddət Ankara-Moskva münasibətlərini korlayırdı, lakin indi, deyəsən iki ölkə arasında yaxınlaşma bu məsələyə münasibəti dəyişdirib.

"The İndependent" yazır ki, əvvəllər Erdoğan hökuməti uyğurların Türkiyədə Çinə qarşı keçirdikləri etiraz nümayişlərini dəstəkləyirdi.

Lakin çinli qonaqların sayının artması və Çin restoranlarına hücumlardan sonra uyğur etirazları qadağan edilib.

Üstəlik özünün ağır iqtisadi durumunda Türkiyə turist sənayesinin reputasiyasına vurulan zərbələrə dözmək niyyətində deyildir.

İki il bundan əvvəl Çin höküməti bildirmişdi ki, Şərqi Türküstan Hərəkatından olan 400 nəfər Suriya münaqişəsində cihadçıların sıralarında döyüşür. Uyğurlar Çinin Sinzyan əyalətini "Şərqi Türküstan" adlandırırlar.

"The İndependent" yazır ki, Suriyaya yollanan cihad səfərbərlərinin marşrutu Qırğızıstandan və Türkiyədən keçirdi.

Xəbər verilir ki, Çindən Qırğızıstana gələn uyğurların sayı son vaxtlarda 4 dəfə artıb. Qırğızıstan hökuməti Çinin Bişkekdəki səfirliyinə də uyğurların basqın etdiklərini iddia etmişdi.

"The İndependent" yazır ki, məhz uyğurların cihada fəal qoşulması Çini münaqişələrə qarışmamaq siyasətini dəyişməyə vadar edib.

Pekin bu yaxınlarda Bəşər Əsədin hərbçilərini təlimləndirəcəyini bildirib.

Fotonun müəllifi Getty Images

Saray keşikçisi az qala Britaniya kraliçasını səhvən güllələyəcəkmiş

"The Times" yazır ki, Buckingham sarayının keşikçisi səhvən əlahəzrət kraliçanı güllələyə bilərmiş.

Məsələ burasındadır ki, əlahəzrət zaman-zaman yuxusuzluqdan əzab çəkdiyinə görə "paltosunu çiyninə atıb" sarayın həyətində gəzməyə çıxır.

Bu barədə məlumatı "The Times" qəzetinə sarayın keçmiş keşikçisi verib.

Keşikçi deyib ki, bir gecə o sarayın hasarı boyunca keşik çəkdiyi vaxt üstünə bir qaraltının gəldiyini görüb.

Gecə saat 3-də keşikçi ona yaxınlaşmaqda olan qaraltının yalnız saraya soxulan kimsə olduğunu zənn edə bilərdi.

"Kimsən?" - deyə keşikçi qışqırıb. Yaxşı ki, elə bu an qarşısındakının əlahəzrət Britaniya kraliçası ikinci Elizabeth olduğunu başa düşüb.

"Aman Allah, əlahəzrət, az qala sizi güllə ilə vuracaqdım" - deyib keşikçi.

Keşikçi "The Times" qəzetinə deyib ki, o əlahəzrətlə belə tonda danışmasının fərqinə varıb və kraliçanın onu danlayacağını gözləyib.

Amma kraliça hadisəyə özünün səbəb olduğunu bildirib və keşikçini sakitləşdirib.

"Narahat olma, hər şey qaydasındaır, - deyib 2-ci Elizabeth, - Gələn dəfə həyətə çıxmazdan əvvəl sənə zəng edərəm ki, məni güllələməyəsən…"

Hadisənin həftəarası gündə Buckingham sarayında baş verdiyi söylənir.

"The Times" yazır ki, 2013-cü ildə silahlı polis saray bağçasında gəzən şahzadə Andrew-nü səhvən vura bilərmiş.

Doğrudur, onun üstünə silah çəkilməyib, amma hər halda şahzadədən üzr istənib.

Avqust ayında səhər saat 4 radələrində sarayın hasarına dırmaşan 22 yaşlı gənc həbs edilib. O polisin təhlükəsizlik kamerasına düşmüşdü.

May ayında isə kraliçanın başqa bir təbəəsi 41 yaşlı Denis Hennessy sarayın hasarından aşmağı bir yana, Buckingham-in bağçasında 10 dəqiqəyədək var-gəl edib.

Deyilənə görə, zabitlər onu həbs edərkən çaşqın Hennessy "Əlahəzrət evdədirmi?" deyə soruşub.

2013-cü ildə isə başqa bir adam hasardan aşıb və sarayın dövlət otaqlarından birinə daxil ola bilib.

"The Times" yazır ki, bu son hadisə barədə xəbər ictimaiyyətin 2-ci Elizabeth-in sağlamlığından xüsusilə narahat olduğu vaxta təsadüf edir.

Kraliça Milad bayramı ərəfəsində möhkəm soyuqladıqdan sonra iki həftədir ki, ictimaiyyət qarşısına çıxmayıb.

Fotonun müəllifi SEYLLOU/AFP/Getty Images

Fıstıq allergiyasına qarşı fıstıq

"The Telegraph" yazır ki, Britaniyada uşaqları allergiyadan qorumaq üçün onlara erkən yaşlarından allergiya yaradan qidaların verilməsi tövsiyə ediləcək.

Hökumət hazırda uşaqlara körpəlikdən yerfıstığı verilməsi tövsiyəsini nəzərdən keçirir.

ABŞ-da bu metoddan artıq istifadə edilir.

Britaniyada Ərzaq Standartları Agentliyi xəbərdarlıq edib ki, uşaqlara körpəlikdən allergen qidaların verilməməsi və ya bunun gecikdirilməsi allergiyaların sayını artıra bilər.

ABŞ-ın səhiyyə rəsmilərinin verdiyi tövsiyələrdə deyilir ki, uşaqlara tərkibində yerfıstığı və ya araxis olan qidalar artıq onların 4 aylığından verilməlidir.

Bu ona görə mühümdür ki, belə qidaların körpələrə verilməsi onların immun həssaslığını "keyləşdirir".

Bundan əvvəl Qərbu Avropa ölkələrində uşaqlara tərkibində qoz-fındıq olan qidaların verilməməsi tövsiyə olunmuşdu. Halbuki statistika bu qidaların uşaqlıqdan yeyildiyi Aralıq dənizi hövzəsində allergiyaların az olduğunu göstərirdi.

"The Telegraph" qəzetinin yazıdğına görə son 20 ildə Britaniyada allergiyaların 6 dəfə artdığı qeydə alınıb.

Söhbət xüsusilə də yerfıstığı allergiyalarından gedir. Bu gün Britaniyada hər 50 məktəblidən 1-nin yerfıstığına allergiyası var.

Britaniya səhiyyəsi hazırkı qaydalara görə valideynlərə uşaqlarına qoz-fındıq qidalarını 6 yaşından verməyi tövsiyə edir. Bu ona görə edilir ki, onların allergiyalı olub-olmadığı erkən bilinsin. Lakin yeni siyasətə görə uşaqlara belə qidalar onların immun sistemlərinin bu qidalara "alışdırılması" üçün veriləcək.

Avropa Allergiya və Kliniki İmmunologiya Akademiyasının üzvü Michael Walker "The Telegraph" qəzetinə deyib ki, uşaqlara körpəlikdən qoz-fındıqlı qidaların verilməsi metodu ağlabatan səslənir.

Britaniyada aparılmış araşdırmalar göstərib ki, uşaqlara körpə yaşlardan tərkibində yerfıstığı olan qidaların verilməsi allergiya hallarının sayını 81 faiz azaldıb.

Amerika Allergiya, Astma və İmmunologiya Kollecinin prezidenti Stephen Tilles deyib ki, yerfıstığı allergiyası artıq epidemiya şəklini alıb.

Lakin İngiltərənin İctimai Səhiyyə İdarəsi valideynlərə yeni qaydaların rəsmi tətbiqinədək tələsməməyi məsləhət görür. Bu həm də ona görə mühüm ehtiyatlılıqdır ki, qoz-fındıq qidaları allergiyasız da boğulma hallarına yol aça bilər.

Mövcud qaydalara habelə uşaqların 6 aylığınadək ana südü ilə qidalandırılması daxildir.

Bu barədə daha geniş