Şri Lankada Çinin investisiyalarına etirazlar zorakılığa çevrilir

5 yanvar baş vermiş etiraz aksiyası Fotonun müəllifi AP
Image caption Cümə axşamı günü minlərlə şri lankalı Çinin investisiya siyasətinə etiraz edib

Cənubi Şri Lankada Çinin port və sənaye zonası tikməsinə etiraz edən bir neçə nəfər xəsarət alıb.

Tikinti planı paytaxt Kolombonun 240 kilometrliyində yerləşən Hambantota ətrafından minlərlə kəndlinin çıxarılmasını nəzərdə tutur.

Etiraz aksiyası baş nazir Ranil Vikeremsinqin iştirak etməli olduğu açılış mərasimini ləngitdiyinə görə polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Hökumətin tənqidçiləri deyirlər ki, bu ərazi artıq "Çinin müstəmləkəsinə" çevrilir.

Hökumət torpağın 99 il müddətində, səhmlərinin 80 faizi çinlilərdə olan şirkətə icarəyə verilməsi üçün lisenziyalaşdırmanı başa vurmaq üzrədir.

Bu ərazi sənaye zonasına çevrildikdən sonra Çin şirkətləri bura öz fabrik-zavodlarını tikmələri üçün dəvət olunacaq.

Hökumət bildirib ki, yerli camaata yeni torpaq sahələri veriləcək.

Port tikintisi son illərdə Çinin Şri Lankaya qoyduğu ən son investisiyalardandır.

Şri Lankada 2009-cu ildə 26 ildir davam edən vətəndaş müharibəsi başa çatandan bəri Çin buraya milyonlarla dollar investisiya yatırıb.

Çinin bu ərazidə öz nüfuzunu genişləndirmək cəhdləri onun regional rəqibi Hindistan tərəfindən narahatlıqla izlənir.

Bu investisiya Yaxın Şərqin neftlə zəngin ölkələrinə aparan və "Dəniz İpək Yolu" adlanan cəsarətli planın bir hissəsidir.