Tayvan siyasətçisinin dəfnində 50 rəqqasə oynayıb

Dirək rəqqasələrini gəzdirən 50 cip maşını Jyayi şəhərində nəqliyyatı iflic edib Fotonun müəllifi AFP/Getty Images
Image caption Dirək rəqqasələrini gəzdirən 50 cip maşını Jyayi şəhərində nəqliyyatı iflic edib

Tayvanda 50 dirək rəqqasəsi ilə keçirilən dəfn mərasimi bu həftə Çində internet müzakirələrinin əsas mövzusu olub.

Ötən çərşənbə yer almış dəfn mərasimində 50 cipdən ibarət maşın karvanının üstündə 50 dirək rəqqasəsi rəqs edirdi.

Bu, ötən ay vəfat etmiş yerli siyasətçi Tunq Hsyanqın dəfn mərasimi idi.

Ailəsi bildirib ki, onlar "vaxtını şən keçirməyi sevən cənab Tunqu" beləcə şərəfləndirmək istəyiblər.

Rəngarəng ciplərdən ibarət gur musiqili karvan şəhərin mərkəzində nəqliyyatın hərəkətini iflic edib.

Mərasimdə həm də təbilçilər truppası, musiqiçilər dəstəsi, ilahələr kimi geyinmiş aktyorlar və nəhəng kuklalar vardı.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Yerli bələdiyyə vəzifəlisi Tunq Hsyanqın nəhəng dəfn mərasimində dirək rəqqasələri də vardı

Cənab Tunq əyalətdə tanınmış siyasətçi olub. O qeyri-müəyyən xəstəlikdən 76 yaşında vəfat edib.

"O bu arzusunu bizə dəfndən iki gün əvvəl yuxuda deyib" - bildirib onun qardaşı Tayvan televiziyasına.

Ötən çərşənbədən bəri bu dəfn mərasiminin foto və videoları internetdə və Çinin Weibo sosial mediasında dövriyyə edir.

"Bax buna deyərlər dəfn" - yazıb bir istifadəçi.

Başqa birisi isə yazır ki, dəfn məsələsi Tayvanda çox mühüm məsələdir.

Bir başqaları Tunq ailəsinə şəhər sakinləri üçün əyləncə şousu göstərdiklərinə görə təşəkkür ediblər.

"Xalq bələdiyyəsi belə olar!" - yazır istifadəçilərdən biri.

Lakin burası da var ki, Tayvan cəmiyyətində dəfn mərasimlərinə rəqqasələrin və hətta striptizçilərin dəvət olunması qeyri-adi hal deyil.

Burada yayılmış xalq dininə görə "əyləncə" ruhları mövcuddur.

Ekspertlər bildirirlər ki, Tayvanda dəfn mərasimlərində peşəkar qadın şivənçilərdən də istifadə edilir.