Britaniya mətbuatı: Qırışların da çarəsi tapılıb

Fotonun müəllifi EPA

Rəfsəncaninin ölümü islahatyönülülərin böyük itkisidir

"The Telegraph" yazır ki, keçmiş İran prezidenti, 82 yaşlı Əkbər Haşemi Rəfsəncaninin ölümü mötədillərə və islahatyönlülərə böyük zərbə olub, çünki İslam hakimiyyəti şəraitində onların əsas dayağı məhz cənab Rəfsəncani idi.

"Ayətullah Haşemi Rəfsəncani onu infarkt vurduqdan sonra xəstəxanaya aparılıb, lakin burada həkimlərin onu bir saatdan da çox diriltmək cəhdləri uğurlu olmayıb" - deyib İran səhiyyyə nazirinin müavini Fars xəbər agentliyinə.

Bu da xəbər verilib ki, Tehranda Rəfsəncaninin dünyasını dəyişdiyi xəstəxananın qarşısına izdiham toplaşıb.

Dövlət telekanalları matəm əlaməti olaraq ekranlarının küncünə qara bayraqcıqlar yerləşdirib.

Fars agentliyinin verdiyi xəbərə görə, Rəfsəncaninin korrupsiya ittihamları ilə həbsxanada olan oğlu Mehdi atasının nəşinə "əlvida" demək üçün xəstəxanaya gəlib.

"The Telegraph" yazır ki, Rəfsəncani İranda nüfuzlu fiqur idi və qüdrətli Məşvərət Şurasına rəhbərlik edirdi.

Bu qurum parlamentlə Gözətçilər Şurası arasında mümkün mübahisələri çözmək funksiyası daşıyır.

O həm də qüdrətli Üləmalar Şurasının üzvü idi. Bu qurum isə ölkənin ali rəhbərini seçmək səlahiyyətinə malikdir.

İran tarixçiləri Rəfsəncanini "İslam inqilabının sütunlarından biri" adlandırırlar.

Onun iqtisadi liberallaşdırma, Qərblə daha yaxın münasibətlər siyasəti milyonlarla iranlının ürəyindən xəbər versə də, mühafizəklarların etirazlarına səbəb olurdu.

"Onun ölümü prezident seçkisinə beş ay qalmış mötədil prezident Həsən Ruhaniyə böyük zərbə olub" - yazır "The Telegraph".

2009-cu ildən bəri Rəfsəncani və ailəsi prezident seçkisində Mahmud Əhmədinejada uduzmuş müxalifəti dətstəklədiyinə görə kəskin tənqid atəşinə tutulurdu.

Fars agentliyi Rəfsəncaninin qohumu və köməkçisi Hüseyn Məraşiyə istinadən bildirir ki, ayətullahın dəfn mərasimi yanvarın 10-da Tehranda olacaq.

Fotonun müəllifi ADEM ALTAN

"Erdoğan Türkiyəni uduzub"

"The Guardian" qəzetinin redaksiya məqaləsində deyilir ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğanın tərəfdarları son günlərin terror hadisələrində də dolayısı ilə Birləşmiş Ştatları günahlandırırlar. Onlar deyirlər ki, ABŞ Suriyadakı kürd döyüşçüləri dəstəkləməklə İstanbulun gecə klubunda 39 nəfərin qətliam edilməsi kimi aktların baş verməsinə kömək etmiş olur.

Məqalədə deyilir ki, gecə klubuna basqın üçün məsuliyyəti üzərinə İslam Dövləti götürsə də, hökumət bir qayda olaraq kürd ekstremistləri ittiham edir.

Hökumət İzmirdə törədilmiş terror hücumunun arxasında "Suriya kürdlərinin PYD qüvvələri ilə müttəfiq olan PKK-nın" durduğunu bildirir.

Obama administrasiyası onun PYD ilə bütün əlaqələrini kəsməsi üçün Türkiyəninn israrlı tələblərini qulaqardına vurub.

İzmir aktından sonra qəzəblənmiş daxili işlər naziri Fikri Işık ABŞ və onun müttəfiqlərinin İncirlik hərbi hava bazasından məhrum edilə biləcəkləri ilə hədələyib.

Işık bildirib ki, ABŞ PYD-ni dəstəkləməklə strateji səhvə yol verib, çünki PYD PKK-nın bir qanadıdır.

"The Guardian" yazır ki, nazirin bəyanatına Pentaqondan çevik cavab gəlib: "Biz İncirlikdən əməliyyatlarımızı davam etdiririk və... gələcəkdə də davam etdirəcəyimizə ümid edirik".

Türkiyə narahatdır ki, Suriyada, İraqda və ya elə Türkiyənin cənub-şərqində kürdlərə geniş muxtariyyət verilməsi ölkənin bütövlüyünə təhlükə yarada bilər.

Məqalədə bildirilir ki, ABŞ Suriya kürdləri ilə müttəfiqliyə Ankara ilə münasibətlərdən daha çox prioritet verib və bu, indi baxanda səhv siyasət kimi görünür.

"The Guardian" yazır ki, Erdoğanın Vladimir Putinlə getdikcə artan əməkdaşlığı ciddi narahatlıq yaradır. Avropa, Avrasiya və Yaxın Şərq arasında Qərbin əsas müttəfiqi sayılan Türkiyə Erdoğanın hakimiyyəti altında avtoritar, neoislamçı və antiqərb bir dövlətə çevrilib. Məqalədə deyilir ki, bu prosesin başlanğıcı, əslində Obamadan da əvvələ, 2003-cü ilə gedib çıxır. O vaxt Erdoğan hökuməti ABŞ-ın İraq əməlityyatları üçün Türkiyədən tranzit kimi istifadəsinə imkan verməmişdi.

"Odur ki, baş üstündən qılınc kimi asılan sual budur - "Türkiyəni kim itirib?" - yazır qəzet.

Lakin bu sualın ünvanı təkcə Obama deyil, qəzet yazır. Məqalədə deyilir ki, Rusiya hiyləgər diplomatiya, enerji sövdələşmələri və amerikalılara ortaq nifrətdən istifadə edərək Yaxın Şərqə əsas oyunçu kimi qayıdıb.

Erdoğan Putinlə yaxınlaşdıqca, ABŞ-a və özünün ənənəvi partnyorlarına acıq verir. O insan haqları ilə bağlı heç bir tənqidi qəbul etmək niyyətində deyilidir.

Belə də güman etmək olar ki, hazırkı anda Erdoğan Atatürkdən bəri Türkiyənin ən qüdrətli lideridir, amma o, tamamilə ağlabatan terror, vətəndaş qarşıdurması, stalinsayağı repressiyalar və Suriyadan qaynaqlanan daha çox sabitsizlik xofunun təsiri ilə dərindən parçalanmış ölkəyə liderlik edir. Bəlkə də elə buna görə "Türkiyəni kim itirdi" sualına bircə sözlə cavab verilə bilər: Erdoğan" - yazır "The Guardian".

Qırışların da çarəsi tapılıb

"The Telegraph" qəzeti yazır ki, qocalmanın əlaməti olan qırışlar çox tez bir zamanda keçmişin qalığına çevrilə bilər.

Məqalədə deyilir ki, alimlər dərini gənc və təravətli edən piy hüceyrələrini yetişdirməyi öyrəniblər.

Alimlər bildirirlər ki, bu kəşf nəinki qocalığa qarşı müalicələrin inkişafına təkan verə bilər, həm də bu metodla yaraların çapıqsız sağalmasına nail olmaq olar.

Adiposit adlanan yağ və ya piy hüceyrələri normal olaraq dərinin tərkibinə daxildir, lakin yaşlanma və ya çapıqların sağalma prosesində itə bilər.

Məhz bu hüceyrələrin yoxluğu yaşlı adamların üzündəki qırışları ömürlük edir.

Laboratoriya araşdırmaları göstərib ki, tük kisəcikləri yaraların çapıqsız sağalmasına birbaşa təsir edir. Bu kisəciklər Sümük Morfogenetik Zülalı (SMZ) adlı molekulun siqnallarını buraxır.

SMZ yaralarda rast gəlinən çapıqyaradan miofibroblast hüceyrələrinin adipositlərə çevrilməsi üçün "komanda" verir.

ABŞ-ın Pennsylvania Universitetinin aparıcı alimi professor George Cotsarelis deyib ki, yeni metod istənilən yaranın çapıq qoymadan itib getməsinə imkan verəcək.

Alim bildirir ki, "miofibroblastların başqa hüceyrəyə çevrilmədiyinə inanılır, lakin biz hüceyrələri dəyişməyə və adipositlərə çevrilməyə məcbur etmişik".

Təcrübələr laboratoriyada həm insan, həm də siçanın çapıqyaradan toxuması üzərində aparılıb.

"The Telegraph" yazır ki, tədqiqatın əsas məqsədi çapıqların aradan qaldırılmasına yönəlsə də, bu kəşf başqa sahələrdə də tətbiq oluna bilər.

Professor Cotsarelis deyib ki, adipositlərin itməsi HİV virusuna yoluxma və təbii yaşlanma kimi proseslərin ümumi xüsusiyyətidir.

Alimin sözlərinə görə insanın üz dərisində adipositlərin yetişdirilməsi ilə qocalığın müalicəsinə böyük töhfə veriləcək.

Bu barədə daha geniş