Britaniya mətbuatı: Diş özünü müalicə edirsə, plomba nə ehtiyac?

İranın növbəti ali rəhbəri kim olacaq?

"The Guardian" yazır ki, İrandan kənarda demək olar tanınmayan 56 yaşlı ruhani xadim ölkənin ən yüksək postunu tuta bilər.

Ebrahim Rəisi dünyada ən varlı müsəlman xeyriyyəsi Astane Qüds Rəzəfi fondunun başçısı və İranın ən müqəddəs dini ocağı - Məşhəd şəhərinin baxıcısıdır və bəzi məlumatlara görə 77 yaşlı ayətullah Əli Xameneyinin xələfi ola bilər.

Xameneyi artıq 25 ildən çoxdur ki, ölkənin ali rəhbəridir və onun hakimiyyət müddəti yalnız vəfatı ilə əlaqadar başa çata bilər, lakin ötən bazar başqa bir görkəmli dövlət xadimi Rəfsəncaninin ölümü ölkənin ən yüksək postunun vərəsəlik məsələsini yenidən gündəmə gətirib.

Xameneyi 2014-cü ildə prostat vəzinin əməliyyatından keçib, lakin onun səhhəti İranda qadağan olunmuş mövzulardandır.

"The Guardian" yazır ki, ali rəhbər vəzifəsinə namizədliyi barədə danışılan üç nəfər var. Bunlar keçmiş və hazırkı ədliyyə başçıları Haşemi Şahrudi və Sadeq Laricani və bir də hazırkı prezident Həsən Ruhanidir. Rəisi Xameneyinin yaxın çevrəsinə daxil olsa da, onun icra hakimiyyəti təcrübəsi yoxdur.

Rəisi daim qara əba geyinir ki, bu da onun seyid, yəni peyğəmbərin törəməsi olduğunun əlamətidir. Qum seminariyasından Mohsen Kadivar bildirir ki, təkcə bu fakt onun ali rəhbərliyə namizəd şanslarını 40 faizə çatdırır. Ayətullah Şahrudi də seyiddir.

Britaniya Xarici İşlər Nazirliyinin keçmiş müşaviri Hüseyn Rəssam bildirir ki, şiəliyin ən müqəddəs şəhərlərindən olan Məşhəddə İmam Rzanın məqbərəsinə baxıcılıq etməsi onun liderlik şanslarını xeyli yüksəldir. İmam Rzanın məqbərəsi hər il 30 milyon müsəlman tərəfindən ziyarət olunur.

Rəisi 1979-cu il İran İslam İnqilabı zamanı az qala yeniyetmə yaşlarında olsa da, dini rütbə və vəzifə nərdivanı ilə sürətlə yüksələ bilib.

O 1988-ci ildə İranda solçuların və dissidentlərin kütləvi edamları barədə hökm çıxaran dörd hakimdən biri olub.

Rəisi lap bu yaxınlaradək İranın baş prokuroru idi və hazırda ədliyyə sistemində mühüm post tutur. Onun rəhbərlik etdiyi şöbə şəriəti pozmuş ruhanilərin məsələsinə baxır.

Rəisi sərt xətt-hərəkət tərəfdarı olan ayətullahlardan birinin qızı ilə evlidir və bu ayətullah Xameneyinin Xorasan ostanındakı nümayəndəsidir.

Cənab Rassam deyir ki, Rəisinin şansını artıran həm də onun rəqibləri Şahrudi və Laricaninin adlarının korrupsiya iddialarında hallanmasıdır.

Rəssam diqqəti belə bir məqama da çəkir ki, Məşhədə baş çəkən ali rütbəli hərbiyyə komandanları səfər zamanı Rəisinin "ayağı altındakı" kürsülərdə otururlar.

Hazırda Parisdə sürgündə yaşayan siyasi fəal Mortəza Kazemian deyir ki, Rəisinin İnqilab Keşikçiləri, kəşfiyyat və Xameneyinin yaxın çevrəsi ilə, habelə Xameneyinin oğlu Moctəba ilə yaxınlığı da onu namizədlər arasında liderə çevirir.

Lakin Kazemian deyir ki, şanslar şans yerində, Xameneyinin öləcəyi gün qüvvələr balansının necə olacağı da onun varisinin müəyyən edilməsində az rol oynamayacaq.

Hazırda Duke Universitetində professor olan Kadivar deyir ki, mülahizələrdə bir qədər ehtiyatlı olmaq lazımdır.

"Xameneyinin nüfuzu o diri olduqca qüdrətlidir, onun öldüyü təqdirdə siyasi oriyentasiyalar dəyişə bilər" - deyir alim.

Alimin fikrincə təcrübəsi, islami bilikləri və mötəbərliyi daha çox olan hazırkı prezident Ruhaninin ali rəhbər vəzifəsinə şansları daha böyükdür.

İslami ədliyyənin qatı tənqidçisi olan Kadivarın dediyinə görə Xameneyinin prezidentlik postunu ləğv etmək istədiyini göstərən əlamətlər var. Bəzi mülahizələrə görə ölkədə baş nazir postu bərpa edilə bilər.

Kadivar deyir ki, İranda prezidentlər ali rəhbər üçün daha çox narahatlıq yaradan faktor olublar.

Baş nazir isə parlament tərəfindən təyin oldunduğuna görə daha az səlahiyyətlərə malik olacaq.

Başqa bir nəzəriyyəyə görə Xameneyi ali rəhbər vəzifəsinin müddətini 10 illə məhdudlaşdırmaq fikrindədir.

Bu isə ali rəhbərin alililiyini bir qədər azalda bilər.

Cənab Rəssam düşünür ki, Xameneyinin xarakteri nəzərə alınarsa, o öz xələfini hələ sağ ikən müəyyən etmək istəyə bilər. Bu halda Üləmalar Şurası bu istəyi sadəcə olaraq təsdiq edəcək.

Vəziyyət bu şəkil alarsa, Rəisi namizədlər arasında lider olacaq, Rəssam deyib.

Fotonun müəllifi MANDEL NGAN/AFP/Getty Images
Image caption Jared Kushner gələcək ABŞ prezidenti Donald Trump-ın kürəkənidir

Trump kürəkəninə dövlət vəzifəsi vermək istəyir

"The İndependent" yazır ki, prezident seçilmiş Donald Trump öz kürəkəni Jared Kushner-i prezidentin baş müşaviri təyin etməyi planlaşdırır.

Associated Press agentliyinin yazdığına görə cənab Kushner indiyədək cənab Trump-ın baş strateqi olub və bu rolu Ağ Evdə də davam etdirəcək.

Lakin Trump-ın qızı İvankaya evli olan Kushner Washington-da hər hansı rəsmi post tutmazdan əvvəl bir çox maneələrdən aşmalı olacaq.

AP yazır ki, Trump bu təyinatı ilə ABŞ-ın antinepotizm və ya antiqohumbazlıq qanununu pozmadığını isbat etməlidir. Qanun yüksək hökumət postlarına prezidet qohumlarının təyinatını qadağan edir.

Bundan başqa cənab Kushner rəsmi dövlət vəzifəsi tutmaq üçün çoxmilyardlıq ailə biznesi imperiyasından azad olmalıdır ki, maraqlar toqquşması baş verməsin.

35 yaşlı Kushner qayınatasının seçki kampaniyasında ən fəal rollardan birini oynayıb.

Reuters agentliyi bildirir ki, Kushner hazırda Kushner mülkiyyət tikintisi şirkətinin başçısı, həftəlik New York Observer qəzetinin naşiridir.

Diş özü bitəndən sonra plomb niyə lazımdır ki?...

"The Telegraph" qəzetinin elmi müxbiri Sarah Knapton yazır ki, yaxın gələcəkdə xarab və xəstə dişlərin plomblanmasına ehtiyac qalmaya bilər.

Məsələ burasındadır ki, alimlər Altsaymer xəstələrini müalicə edən dərman preparatının həm də dişin yenidən inkişaf etməsinə səbəb olduğunu aşkar ediblər.

Londonun King's College Universitetinin alimləri müəyyən ediblər ki, Tideglusib preparatı diş ətindəki gövdə hüceyrələrini stimullaşdırır və bu hüceyrələr öz növbəsində dişin mina qatı altındakı dentin qatını yenidən inkişaf etdirir.

Alimlər deyirlər ki, dişlər zədələnərkən təbii şəkildə dentini regenerasiya etdirə bilir, lakin bu reallıqda çox nazik qat olur və karies nəticəsində açılmış diş koğuşunu bağlaya bilmir.

Lakin Tideglusib preparatı GSK-3 adlı fermenti "söndürür". Dişin öz-özünü axıradək müalicə etməsinin qarşısını alan məhz bu fermentdir.

Alimlər bioloji çürüməyə qabil süngəri preparatın məhlulunda isladaraq xarab dişin koğuşuna yerləşdiriblər və dişin öz-özünü 6 həftəyə müalicə etməsini göstəriblər.

Kiçik süngərlər diş dirçəldikcə əriyib gedən materialdan hazırlanır.

Professor Paul Sharpe deyib ki, metodun sadəliyi onun tez bir zamanda stomatoloqlar tərəfindən tətbiqinə imkanlar aça bilər.

Hazırda deşilmiş dişlərin müalicəsi üçün onların açıq koğuşlarının sementlə doldurulması həyata keçirilir.

Lakin plomblar bir müddətdən sonra hər halda aşılanıb tökülür və onları təzələmək lazım gəlir. Bir neçə belə plombdəyişmədən sonra stomatoloqlar adətən dişi çıxarırlar.

Amma Tideglusib preparatının ziyansızlığı artıq Altsaymer xəstələri üzərində təcrübə ilə isbat olunub.

Odur ki, diş plomblarına tezliklə ehtiyac qalmayacaq, "The Telegraph" yazır.

Bu barədə daha geniş