Britaniya mətbuatı: Hollandiyada bütün qatarları külək işlədir

Rəfsəncaninin dəfni "etiraz aksiyasına" necə çevrildi?

"The Guardian" yazır ki, İranın keçmiş prezidenti Əli Əkbər Haşemi Rəfsəncaninin dəfn mərasimi fərqli ictimai düşüncənin nümayişinə çevrilib.

Keçmiş prezidenti son mənzilə yola salmaq üçün Tehranın küçələrinə azı iki milyon insan çıxmışdı.

Məqalədə deyilir ki, hər hansı siyasətçiyə belə kütləvi ehtiram İranda bundan əvvəl yalnız 1989-cu ildə İslam Respublikasının banisi ayətullah Xomeyniyə göstərilib.

"The Guardian" yazır ki, dəfn mərasiminə qatılanların hamısı ötən bazar günü 82 yaşında rəhmətə getmiş Rəfsəncanini özününkü hesab edirdi.

Rəfsəncani Tehranın cənubunda Xomeyni ilə yanaşı dəfn edilib.

Dəfn mərasiminə ali rəhbər Əli Xameneyi başçılıq edirdi və Tehran Universitetinin şəhərciyində keçmiş prezidentin tərəfdarlarını da, tənqidçilərini də görmək olardı.

"The Guardian" yazır ki, bütün bunlarla yanaşı dəfn mərasimindəki kütlənin arasında müxalifətə və 2009-cu ildən başlanmış islahatpərəst Yaşıl hərəkata tərəfdar olanları dərhal seçmək mümkün idi.

Onlar 2009-cu ildə prezidentliyə namizəd olmuş Mirhüseyn Musəvinin və Mehdi Kərrubinin adlarını şüar kimi səsləndirirdilər.

Bu iki siyasətçi indiyədək ev dustaqlığında yaşayır.

Anti-Rusiya şüarları

Dəfn mərasiminin videosunda habelə "Rusiyaya ölüm" şüarı səsləndirənlər də görünür. Adamlar hazırda hakimiyyətin müttəfiqi olan Rusiyanı lənətləməkdən çəkinmirdilər.

"Rusiya səfirliyi - casus yuvası" - deyə başqa bir dəstə qışqırırdı. Əvvəllər "casus yuvası" epiteti yalnız ABŞ səfirliyinə aid edilərdi.

"The Guardian" yazır ki, iranlıların böyük bir qismi öz ölkələrinin Suriya müharibəsindəki rolundan, onun Moskva ilə yaxınlaşmasından narazıdır. Rəfsəncaninin dəfni belələrinə də öz tənqidlərini səsləndirmək imkanı vermişdi.

Dəfnə qatılanların bir çoxu biləklərinə müxalifətin simvolu olan yaşıl rəngli parça zolaqlarını bağlamışdılar.

Lakin "The Guardian" yazır ki, müxalifətə rəğbətli kütlələrin bu dəfn mərasiminə qatılmasına baxmayaraq Rəfsəncani özündən sonra qarışıq siyasi irs buraxır.

O bir vaxtlar inqilabın rəhbərlərindən olub, İran-İraq müharibəsində İran Silahlı Qüvvələrinə faktiki baş komandanlıq edib. Bunu da deyirlər ki, Rəfsəncaninin bir çox tənqidçiləri vaxtilə həbsxanalara salınardı.

Buna baxmayaraq ömrünün son illərində onun siyasi mövqeyində dəyişiklik əmələ gəlmişdi. O 2009-cu ildə müxalif Yaşıl hərəkatın tərəfində keçmişdi.

Nəticədə onun özü siyasi hakimiyyətdən kənarlaşdırılmış, qızı Faizə Haşemi isə müxalifəti dəstəklədiyinə görə həbs olunmuşdu.

Mərasimin önündə onu tənqid edənlər idi

"The Guardian" yazır ki, onun prezidentliyi 2013-ci ildə bloklansa da, Rəfsəncanin dəfni onun müxalifət fiqurları arasında rəğbət qazandığını və hətta bir çox keçmiş günahlarının bağışlandığını göstərdi.

Dəfnə qatılanların arasında müxalifətin uzun müddət həbsxana cəzası çəkmiş nümayəndəsi Baharə Hidayət də var idi.

İnternetdə yayılan fotolar arasında Faizənin maşının pəncərəsindən əli ilə qələbə işarəsini göstərdiyi görünürdü.

Lakin dəfn mərasiminə ali rəhbər Xameneyinin rəhbərlik etdiyinə görə mərasimdə birinci cərgədə oturanların əksəriyyəti cənab Rəfsəncaninin tənqidçiləri idi. Hətta onun yaxın ailə üzvləri də arxa sıralara sıxışdırılmışdılar.

Bu mərasimdə İran hakimiyyəti sanki özünün tam qüdrətini nümayiş etdirirdi. Burada hətta İranın zəhmli Qüds Korpusunun komandanı general Qassem Süleymanini də görmək mümkün idi. O ictimaiyyət arasında ümumiyyətlə az-az görünür.

Əvəzində bəzi xəbərlərə görə keçmiş prezident, islahatçı hərəkatın lideri Məhəmməd Xatəmiyə mərasimə qatılmaq qadağan edilib.

"The Guardian" yazır ki, Xatəmiyə bu yaxınlarda hərəkət məhdudiyyəti qoyulub, çünki o Musəvi və Kərrubini dəstəkləyib. Yerli mediaya onun adının çəkilməsi və ya şəkillərinin dərc edilməsi qadağan olunub.

Fotonun müəllifi REMKO DE WAAL/AFP/Getty Images
Image caption Hollandiyada yel dəyirmanları

Hollandiyada bütün qatarları külək işlədir

Hollandiyanın dövlət dəmir yolları şirkəti NS bildirib ki, indi artıq ölkənin bütün qatarları külək enerjisindən alınan elektriklə hərəkət edir.

"Yanvarın 1-dən bizim bütün qatarlarımızı külək enerjisi hərəkətə gətirir" - deyib NS şirkətinin sözçüsü Ton Boon, yazır "The Guardian".

Xəbər verilir ki, Hollandıyanın Eneco elektrik şirkəti NS tərəfindən təklif olunmuş tenderdə iki il əvvəl qalib gəlib.

O vaxt iki şirkət arasında bağlanmış sazişə görə NS-in bütün qatarları 2018-ci ilin yanvarından külək enerjisindən alınan elektrikə keçməli idi.

"Biz qarşımıza qoyulan məqsədə bir il də tez çatdıq" - deyib Boon.

Sözçü əlavə edib ki, ölkə və sahil boyunca salınmış yel dəyirmanları sahələrinin artırılması NS şirkətinin məqsədə çatmasına kömək edib.

Eneco və NS şirkətlərinin müştərək internet saytında deyilir ki, külək enerjisinin hərəkətə gətirdiyi qatarlardan hər gün 600 min sərnişin istifadə edir. NS şirkətinin hər gün hərəkətdə olan 5500 qatarı var.

Beləliklə, Hollandiya bütün dəmir yolu hərəkətini külək enerjisinə keçirən ilk ölkə olub.

Məqalədə deyilir ki, bir yel dəyirmanı 1 saat ərzində 1 qatarın 120 kilometr yol qət etməsinə imkan verir.

Hollandiya ümid edir ki, 2020-ci ilədək 2005-ci illə müqayisədə hər sərnişinə istifadə edilən elektrik enerjisinə 35 faiz də qənaət ediləcək.

Fotonun müəllifi Keystone View/FPG/Getty Images
Image caption "The Telegraph" qəzeti it və pişiyinizin yataq otağında olmasına yol verməməyi tövsiyə edir

Corabda yatmağın hikməti

"The Telegraph" qəzetinin yazdığına görə Qlobal Beyin Sağlamlığı Şurasının yeni hesabatında deyilir ki, sağlam yuxu, insan yaşa dolduqca onun ruhi sağlamlıq durumunun möhkəmliyini təmin edir.

Ekspertlər 50 yaşı adlayanlara tez yuxuya getməyin, uzun və fasiləsiz yuxunu təmin etməyin bir sıra qaydalarını tövsiyə edir.

Qaydalarda deyilir ki, yuxunuz gəlmirsə, çarpayıda uzanıb qalmayın. Yataq otağından kənarda rahatlanmaq üçün özünüzə bir yer tapın. Yataq otağına yalnız yuxunuz gələndə qayıdın.

Buna görə də yatmadığınız vaxtlarda yataqda çox qalmayın.

Yataqdakı vaxtın qısaldılması yuxunun ümumi keyfiyyətini yüksəldir.

Məsələn əgər sizin yuxu müddətiniz 7 saatdırsa, çarpayıda uzaqbaşı 7 saat yarım qala bilərsiniz, daha 9-10 saat yox.

Yatmaq vaxtına 2-3 saat qalmış ilıq vanna sağlam yuxu üçün faydalı ola bilər.

Corablarınızı çıxarmadan yatmaqda da fayda ola bilər. Xüsusən də qış aylarında ayaqlarınızın soyumasının sizi yuxudan ayıltmaması üçün.

Yatmazdan əvvəl çətin müzakirə və mübahisələrdən qaçın.

Əgər çarpayıda uzanarkən sizi narahat edən məsələlər barədə düşünürsünüzsə, bu şeylər barədə hər səhər 15 dəqiqə düşünməyə adət edin. Belədə narahatlıqların yükü bir xeyli azalmış olur.

Rahatlanma terapiyaları, dərin nəfəsalma və meditasiya bəzi adamlara yuxuya getməkdə və rahat yatmaqda kömək edir.

Çarpayıda yuxuya getmək üçün sizə ən əlverişli görünən pozanı seçin.

Gündüzlər uzun mürgülərdən qaçın. Gündüz saatlarında 30 dəqiqədən artıq yatmayın.

Bəzən də belə olur ki, biz normal yuxu saatlarını yatsaq da, kifayət qədər yatmadığımızı düşünürük. Belə bir hal sizi uzun müddət narahat edərsə, həkimə müraciət edin.

Smartfonları, televizorlarınızı yataq otağınızdan kənarda saxlayın. Yataq otağnızdan oxumaq və ya kompüter oyunları oynamaq üçün deyil, yatmaq üçün istifadə edin.

Yataq otağınızı sakit və qaranlıq edin. Əgər gecələr arada oyanmaq lazımdırsa, zəif işıqlı gecə lampalarından istifadə edin. İşığın qırmızımtıl, sarımtıl çalarda olması məsləhətdir.

Yataq otağının temperaturunu yuxuya getmək rejiminizə uyğun nizamlayın.

İt və pişiyinizin yataq otağında olmasına yol verməyin.

Yatağa getməzdən üç saat əvvəl qida və maye qəbulunu məhdudlaşdırın.

Bu barədə daha geniş