Britaniya mətbuatı: "Trump dosyesini yazan" Britaniya casusu gizlənib

Fotonun müəllifi TIMOTHY A. CLARY/AFP/Getty Images
Image caption Donald Trump barədə ifşaedici dosyeni tərtib etmiş keçmiş MI6 zabiti onun kimliyi ABŞ-da açıqlandıqdan sonra gizlənib.

"Trump dosyesini yazan" Britaniya casusu gizlənib

"The Daily Telegraph" yazır ki, Donald Trump barədə ifşaedici dosyeni tərtib etmiş keçmiş MI6 zabiti onun kimliyi ABŞ-da açıqlandıqdan sonra "həyatnın təhlükədə olmasından narahatdır".

Məqalədə deyilir ki, adının tezliklə açıqlanacağını hiss edən 52 yaşlı Christopher Steele Surreydəki evindən qaçıb.

Cənab Steele-ə yaxın çevrələrdən mətbuata bildirilib ki, keçmiş casus Moskvanın intiqamından qorxur.

"The Telegraph" yazır ki, Kremlin ABŞ seçkisində Trump-ın qalib gəlməsi üçün seçkini təsirləndirdiyini iddia edən 35 səhifəlik sənədi hazırlamış cənab Steele Londonda mənzillənmiş Orbis Business Intelligence Ltd firmasının həmtəsisçilərindən biridir.

Bu sənəddə iddia edilir ki, Rusiyanın təhlükəsizlik xidmətləri Trump-ı şantaj etmək üçün materiala malikdirlər. İddialardan biri də budur ki, Trump Moskva mehmanxanasında Barack və Michelle Obama-nın yatdığı çarpayını "murdarlamaları" üçün fahişələrə pul ödəyib.

"The Telegraph" yazır ki, britaniyalının araşdırmalarını əvvəlcə anti-Trump respublikaçılar, sonradan isə demokratlar maliyyələşdiriblər.

Cənab Trump dosyedəki iddiaları "saxta" adlandırıb.

Məqalədə deyilir ki, 1990-cı illərdə Moskvada Britaniyanın Məxfi Kəşfiyyat Xidməti üçün casusluq etmiş Steele Surreydəki evini tələm-tələs tərk etməzdən əvvəl pişiyini qonşusuna tapşırıb və "bir neçə günə" qayıdacağını deyib. Onun arvadının və uşaqlarının da evdə olmadıqları xəbər verilir.

"The Telegraph" yazır ki, keçmiş casus Moskvadakı mənbələrindən Trump-ın Kremllə əlaqələri barədə yığdığı məlumatları jurnalistlərlə paylaşmaqla təhlükəli oyuna girib.

Məqalədə deyilir ki, bir neçə məruzədən ibarət toplam 35 səhifəlik bu dosyenin mövcudluğu ABŞ jurnalistlərinə son 6 ay ərzində sirr deyildi, lakin FTB tərəfindən Obama və Trump-a təqdim olunmuş iki səhifəlik icmalın bu sənəddən çıxarış olduğu bilindikdən sonra dosye əhəmiyyət kəsb edib. Bu barədə məlumatı ilk dəfə olaraq CNN vermişdi. Bu məlumatda bildirilirdi ki, dosye keçmiş Britaniya casusu tərəfindən tərtib edilib.

"The Telegraph" yazır ki, bəzi məlumatlara görə cənab Steele 20 il müddətində MI6 üçün Moskvada casus materialları toplayıb.

2009-cu ildə MI6-dakı xidmətini başa çatdırdıqdan sonra cənab Steele özünün biznes partnyoru Christopher Burrows-la Orbis Business Intelligence Ltd firmasını qurub.

Şirkətin internet saytında deyilir ki, firma "Britaniya kəşfiyyatının keçmiş peşəkarları" tərəfindən yaradılıb.

58 yaşlı cənab Burrows Orbisin sözü gedən dosyeni tərtib edib-etməməsi barədə xəbəri nə təsdiq, nə də təkzib edib.

Cənab Trump özünün New York-dakı Trump Tower iqamətgahında keçirilən ilk mətbuat konfransında media üzərinə hücumu ilə yadda qalıb. O CNN-i "saxtakar", Buzzfeed saytını "zir-zibil qalağı", BBC-ni isə "daha bir gözəlçə" adlandırıb.

Bununla yanaşı Donald Trump müxbirlərin onun Moskva ilə maliyyə və başqa sövdələşmələrinə dair sualını cavabsız buraxıb.

Fotonun müəllifi AFP/Reuters
Image caption Nicos Anastasiades (solda) və onun Türk həmkarı Mustafa Akıncı (sağda) danışıqlara ayrıca gəliblər

Türklər və yunanlar Kipri birləşdirməyə "yaxınlaşıblar"

"The Guardian" yazır ki, Kiprin yunan və türk icmalarının liderləri Cenevrədə keçirilən danışıqların üçüncü günündə ərazilərin yenidən paylaşdırılmasının müzakirəsinə keçiblər.

Bu məsələ təhlilçilər tərəfindən adanın yenidən birləşməsi yolunda həlledici məqam sayılır. İki lider - Nicos Anastasiades və Mustafa Akıncı iki dövlətdən ibarət federasiyasının yaradılmasında ən mühüm mərhələ olacaq torpaq dəyiş-düyüşünü müzakirə edirlər.

"The Guardian" yazır ki, 200 min insanın öz evindən didərgin düşdüyü bir adada ərazilərin və sərhədlərin müəyyənləşdirilməsi asan məsələ deyil.

İki lider ilk dəfə olaraq adadan xeyli aralıda yerləşən Cenevrənin sakit mühitində xəritə üzərində qızğın iş aparırlar.

Danışıqlara müşahidəçilik edən keçmiş Norveç xarici işlər naziri Espen Barth Eide BMT-nin Cenevrə qərargahında deyib ki, "biz artıq bir sıra qəliz məsələlərin həllini tapmışıq və bir sıra başqa məsələlərin həllinə yaxınıq".

Bununla belə, Eide əlavə edib ki, irəlidə bir xeyli görüləcək işlər var.

"The Guardian" yazır ki, qarşıdan gələn günlərdə adanın üç postmüstəmləkə qarantı olan Britaniya, Yunanıstan və Türkiyənin rəsmiləri Kiprə dair tarixi konfransa qoşulacaqlar.

Buna baxmayaraq danışıqlarda iştirak edən tərəflər müzakirələri "bir tərəfi açıq proses" adlandırırlar. Onlar deyirlər ki, illərlə kölgədə qalmış problemlər bir gündə həllini tapa bilməz. Hərçənd bir sıra Kipr rəsmiləri etiraf ediblər ki, onlar danışıqların uzanacağını bildiklərindən Cenevrəyə birtərəfli uçuş üçün bilet alıblar.

Rəsmilər deyirlər ki, ərazilər planının cizgiləri razılaşdırılsa, artıq bu ilin sonlarına doğru referendum keçirilə bilər.

"The Guardian" yazır ki, adanın beynəlxalq aləmdə tanınan yunan hissəsinin rəhbəri Anastasiades bu danışıqaların onun öz icmasında necə qarşılanacağından narahatdır.

Ötən çərşənbə axşamı günü adanı ikiyə bölən demarkasiya xəttində toplaşan türklər və yunanlar barış mahnıları oxusalar da, Anastasiades öz icmasında bir sıra inkarçılarla üzləşəcəyini bilir.

Kipr parlamentində təmsil olunan 8 partiyadan altısı hər hansı razılaşmanın əleyhinədir. Bu partiyalar bildirirlər ki, Türkiyənin 1974-cü ildə baş vermiş hərbi müdaxiləsi zamanı mülkiyyətini və evini itirənlər həddindən artıq çox olub və buna görə də ədalətli sazişin əldə olunacağına ümid yoxdur. Türkiyə 1974-cü ildə məhz sağ təmayüllü yunanların adanı Yunanıstana birləşdirmək cəhdinə görə müdaxilə etmiş və Kiprin 37 faizini tutmuşdu.

Odur ki, indi danışıqlarda hər hansı uğurun qazanılması üçün Anastasiades türkləri müdaxilə zamanı qaçqın düşmüş 90 min adamın evlərinə qayıtması üçün torpaqlarından keçməyə razı salmalıdır. Bu təkcə razılaşmanın əldə olunması yox, həm də referendumda birləşmə üçün müsbət nəticənin alınması üçün zəruridir.

Akıncının başçılığı altında türklər torpaqları qaytarmağa hazır olduqlarını bildiriblər, lakin əvəzində rotasiyalı prezidentlik də daxil bir sıra hakimiyyət güzəştləri istəyirlər.

"The Guardian" yazır ki, belə bir perspektiv yunan millətçiləri üçün ölüm hökmü kimi səslənir. Bundan başqa diplomatlar bildirirlər ki, birləşməyə təkcə hazırlıq işlərinə 25 milyard avro lazım olacaq.

Hazırda ekspertlər hər iki tərəfdən təqdim olunmuş xəritələr üzərində işləyirlər.

Başqa bir fikir ixtilafı isə qarant ölkələrin arasında baş verir. Hazırda adada Türkiyənin 40 minlik əsgəri qüvvəsi var. Yunanıstanın kontingenti bundan bir qədər azdır. Adanın birləşdirilməsi prosesi başlananda qarant ölkələrin qoşunları buradan çıxmalı olacaq. Məhz buna Ankara etiraz edir.

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker isə deyib ki, hazırkı danışıqılar adanın birləşdirilməsi üçün son tarixi imkandır.

Fotonun müəllifi MARTIN BUREAU/AFP/Getty Images
Image caption Bəzi ölkələrdə sevgililər bir-birilərini "mənim gombulum", "mənim həşəratım" və "mikrobum" deyərək əzizləyirlər

Adam da sevgilisinə "mənim həşəratım", "mikrobum" deyərmi?

"The İndependent" yazır ki, əgər sevgiliniz sizə "mənim gombulum", "mənim həşəratım" desə xoşunuza gəlməz. Amma bəzi dillərdə sevgilini məhz belə əzizləyirlər.

İngiliscə darling (əzizim), sweetheart (şirin qəlblim), lovely (sevimlim), gorgeous (ecazkarım), babe (balam) və sair kimi sözlər şirinlik və zərifliklə bağlıdır, amma başqa mədəniyyətlərdə bunları əvəzləyən və əcaib səslənə biləcək başqa əziziləmə terminləri var.

"The İndependent" yazır ki, bu balaca lüğəti Direct Travel səyahət sığortası şirkəti öz saytında yerləşdirib və əlbəttə, yola çıxanlar üçün faydası ola bilər.

Bu saytda ekzotik "əzizləmələrdən" 10 nümunə verilib:

  • Yaponiyada "tamago gata no kao" ifadəsi sevgili üçün böyük komplimentdir, amma mənası "mənim gözlü yumurtam" deməkdir. Əlbəttə, burada yəqin ki, yapon mədəniyyətində yumurta kimi girdə sifətlərin gözəllik kimi qiymətləndirilməsi rol oynayıb. Yəni yaponlar bunu deyəndə qayğanağı yadlarına salmırlar.
  • Farsca kimisə əzizləmək istəyəndə, ona "muş boxoradet" - yəni "ay səni siçan yesin" deyə bilərlər. Əslində britaniyalı baba-nənələr də nəvələrinə "səni yeyərəm" deyirlər. Sığorta saytı yazır ki, çox güman, siçanın kimisə yeməsi daha az xəsarətlə nəticələnə bilər.
  • Çində çox gözəl qızlara "Chen yu iuo yan" - "batan balıq, düşən qaz" deyirlər. Deyilənə görə bu ifadə Çinin iki qədim gözəli barədə əfsanədə işlədilib. Biri o qədər gözəl olub ki, o hovuza baxanda balıq üzməyi yadından çıxararaq batıb, o biri gözəli görən qaz isə qanad çalmağı unudub və kəllə-mayallaq yerə gəlib. Odur ki, harda ölü balıq, qaz görsəniz bilin ki, onlar kimə rast gəliblər.
  • Fransada sevgiliyə "mon petit chou" - "mənim balaca kələmim" demək təhqir yox, tərif sayılır. Amma burası da var ki, fransızlarda kələm formalı "chou à la crème" deyilən dadlı bir piroq da var. Yəqin ki, kələm deyəndə elə o piroqu nəzərdə tuturlar.
  • "Microbino mio" ifadəsini əzizləmə mənasında italyanlar işlədirlər. Tərcüməsi "mənim balaca mikrobumdur". Yəqin ki, söhbət faydalı bakterialardan gedir, yazır sayt.
  • Hollandlar isə lap ağ ediblər. Onların sevdiklərinə dediyini kimə desən əlindəkini adamın başına çırpar. "Mijn poepie" - "mənim balaca po…" nə isə, bu söz elə ingiliscə də "poo" kimi yazılır.
  • Macarıstanda kimə "bogarkam" desəniz təbəssüm qazanarsınız. Halbuki mənası "mənim həşəratımdır".
  • Almanca "Zaubermaus" "sehirli siçan" kimi tərcümə olunur və onu yalnız arvadınıza və ya qızınıza deyə bilərsiniz. Bu sözü yaşlılar barədə işlətmirlər. Almanlarda da böyük-kiçik var.
  • Polyaklarda kimisə əzizləyəndə ona "kruzynko" - "çörək ovxantısı" deyirlər. Yeməklə bağlı olduğu məlumdur. Nə olar, hər halda həşəratdan, mikrobdan və ən əsası o hollandların dediyindən yaxşıdır.
  • Bir də Ekvadorda əzizləmə funksiyasında kişiyə "gordo", qadına "gorda" deyirlər. İspancada cins kateqoriyası var. Amma tərcüməsi "gömbul" deməkdir. Yəni,"mənim gombulum", "mənim motuşum, potuşum" və sair. Azərbaycanca hansı variantını istəsəniz işlədə bilərsiniz. Üstəlik də azərbaycan dilində cins kateqoriyası yoxdur.

Bu barədə daha geniş