Britaniya mətbuatı: Trump-la Pentagonun gələcək başçısı arasında ziddiyyət

Britaniya mətbuatı

"The İndependent" yazır ki, Donald Trump-ın gələcək müdafiə naziri deyib ki, "dünya nizamı İkinci Dünya Müharibəsindən sonra ən böyük hücum təhlükəsi altındadır".

General James Mattis Senatda vəzifəyə təsdiq edilməsi üçün keçirilən dinləmədə iddia edib ki, Vladimir Putin "Şimali Atlantika Alyansını sındırmağa cəhdlər göstərir" və ABŞ özünü müdafiə etmək üçün addımlar atmalıdır.

Təqaüddə olan general İranla nüvə silahına dair saziş barədə suala cavab verərkən bididirib ki, Tehran "Yaxın Şərqdə ən böyük sabitsizlik mənbəyidir", lakin ABŞ onunla bağladığı sazişə əməl etməlidir.

"The İndependent" yazır ki, generalın iki bəyanatı onun birbaşa komandanı olacaq Donald Trump-la aralarındakı kəskin ziddiyyəti göstərib.

Donald Trump Rusiyanın ABŞ seçkisinə müdaxiləsi barədə məlumatları "axmaq iddialar" kimi rədd etmiş və ölkənin kəşfiyyat xidmətlərini Rusiyaya dair saxta xəbərlərlə oynamaqda günahlandırmışdı.

Cənab Trump NATO-nu köhnəlmiş bir təşkilat kimi tənqid etmişdi, lakin general Mattis təşkilatı "müasir tarixdə, bəlkə də ümumiyyətlə tarixdə ən uğurlu hərbi alyans" adlandırıb.

Cənab Trump özünün namizədlik kampaniyası zamanı dəfələrlə elan etmişdi ki, Barack Obama administrasiyasının İranla imzaladığı sazişi "cırıb atacaq".

General Mattis isə deyib ki, ABŞ "İranın regional hegemonluğa can atan strategiyasını nəzarətdə saxlamalıdır".

"Amerika nədəsə söz verirsə, biz bu sözün ağası olmalıyıq və öz müttəfiqlərimizlə işləməkdə davam etməliyik"- deyib Mattis. Başqa sözlərlə general sazişi saxlamağın tərəfdarı olduğuna işarə edib.

Bundan başqa generala onun orduda qadınlara döyüş rolunun verilməsi məsələsindəki mövqeyinə aid sual da verilib.

General Mattis 2015-ci ildə qadınların döyüş mövqelərinə buraxılması təklifi ilə əlaqədar bildirmişdi ki, bu, ordunun "standartlarını aşağı sala bilər".

Lakin Senat dinləməsi zamanı bu məsələ barəsində demokrat senator Claire McCaskill-in sualına cavab verərkən Mattis deyib ki, "mənim bizim hərbiyyəmizdə qadınların iştirakı üçün heç bir aspektdə etirazım yoxdur".

General deyib ki, kişi və ya qadınlığından asılı olmayaq hərbçi tələb edilən standartlara cavab verməlidir.

"The İndependent" yazır ki, hazırkı nazir Ash Carter ötən ilin yanvarından qadınlara hərbiyyənin istənilən sahəsində xidmət etmək imkanı verib.

Bundan əvvəl general Mattis açıq geylərin orduda xidmət etməsinə qarşı çıxırıdı. Lakin New York senatoru Kirsten Gillibrand generaldan seksual azlıqların orduda xidmətinə necə baxdığını soruşub.

"Düzünü desəm, senator, mən bir-biri ilə yatan iki nəfərin kimliyi ilə heç vaxt maraqlanmamışam" - deyib general.

Daha bir iddia: "Kremldə Trump-a aid bir yox, bir neçə kasset ola bilər"

Fotonun müəllifi Chip Somodevilla/ Getty
Image caption Donald Trump Moskva otellərindən birindəki iddia edilən əməllə bağlı ona aid seksual xarakterli videonun olması barədə iddiaları "saxta məlumatlar" adlandırıb

"The İndependent" qəzetinin daha bir məqaləsində deyilir ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiyada Donald Trump-a qarşı bir yox, bir neçə şantaj materialı ola biləcəyinə inandığını bildirib.

Donald Trump və Kreml Britaniya casusu tərəfindən toplanmış olduğu düşünülən sənəddə adı çəkilən seksual xarakterli rüsvayedici materialın ola biləcəyi barədə iddianı rədd ediblər.

Lakin BBC müxbiri bildirib ki, ona bir neçə mənbəyi olan agentlikdən verilmiş iddialar barədə Mərkəzi Kəşfiyyat İdarəsinə sorğu verib. Bu mənbələr iddiaların "həqiqi" olduğuna inanırdılar.

Paul Wood Washington-dan verdiyi canlı reportajda deyirdi ki, ehtimallara görə "bir neçə tarixə aid, təkcə Moskvada yox, həm də Sankt Peterburqda əldə olunmuş və heç də təkcə video yox, həm də audio olan bir yox, bir neçə materialların olduğu söylənir".

Cənab Trump Moskva otellərindən birindəki iddia edilən əməllə bağlı ona aid seksual xarakterli videonun olması barədə iddiaları "saxta məlumatlar" adlandırıb.

Cənab Wood bildirib ki, o MKİ-dən dosyedəki iddialar barədə soruşub. Onun sözlərinə görə bu dosyedəki iddialar artıq aylardır ki, əsas media qurumlarında dövriyyə etsə də, onları yalnız Buzzfeed çap etdikdən sonra üzə çıxarıblar.

"Mən noyabrın əvvəllərində MKİ-yə mesaj göndərərək bu iddialar barədə soruşmuşdum" - deyib cənab Wood.

Jurnalist bildirir ki, onunla hər hansı rəsminin bu barədə danışması qanunsuz əməl sayıla bilərdi, lakin o sonradan araçılar vasitəsilə öz sorğusuna cavab alıb. Cavabda deyilirdi ki, bu iddiaların həqiqət olduğuna inanılır və Britaniya kəşfiyyatçısı bu iddilar barədə məlumatın yeganə mənbəyi olmayıb.

"The İndependent" keçmiş MI6 zabiti Christopher Steele barədə bəzi yeni məlumatları da verir və yazır ki, o, FİFA-dakı korrupsiya iddialarının araşdırılmasında Federal Təhqiqatlar Bürosuna kömək edib və ciddi casus sayılır.

Qadının qan təzyiqi onun oğlan, yoxsa qız doğacağını göstərə bilər?

Fotonun müəllifi Ian Waldie/ Getty

"The Telegraph" yazır ki, qadının şirniyyata can atması, səhərlər ürəyinin bulanması və qarnının qarpızşəkilli olması onun qız uşağına hamilə olduğunun göstəricisi sayılır.

Lakin yeni tədiqiqatdan bəlli olub ki, bunlardan da dəqiq göstərici qadının qan təzyiqidir. Həm də qan təzyiqi hələ qadın uşağa qalmazdan əvvəl də onun hansı cinsdən olan uşağa qalacağını göstərə bilir.

Kanada alimləri müəyyən ediblər ki, qadının uşağa qalmazdan 26 həftə əvvəlki sistolik (yuxarı) təzyiqi onun gələcək uşağının cinsini müəyyən edir.

Yüksək qan təzyiqi qadının oğlan uşağına hamilə qalacağının siqnalı sayılır. Təzyiqin aşağı olması isə əksinə, dünyaya qız uşağının gələcəyini göstərir.

Torontodakı Mount Sinai xəstəxanasından endokrinoloq doktor Ravi Retnakaran deyib ki, bu yeni araşdırma qan təzyiqi ilə doğulacaq uşağın cinsiyyəti arasında bu vaxtadək bilinməyən əlaqə faktorunun mövcudluğunu göstərir.

Alimlər qrupu bu nəticəyə təsadüfən, insan populyasında qız və oğlanların say nisbətinin səbəblərini araşdırarkən gəlib.

Bir neçə araşdırmada müharibələr, təbii fəalkətlər və iqtisadi depressiyaların doğulan oğlan və qızların sayı nisbətinə necə təsir etdiyi öyrənilmişdi.

Bu hallarda nisbət ona görə pozulurdu ki, bir cinsin sağ qalmaq üçün digər cinsdən şansları daha çox olurdu.

Bu zaman cins nisbəti 50:50 nisbətindıə qalsa da, doğuş nisbəti hansı cinsin daha güclü olmasına görə dəyişirdi.

Alimlər belə bir nəticəyə gəliblər ki, aşağı təzyiq oğlan dölünün sağ qalması, yüksək təzyiq isə qız dölünün sağ qalması üçün əlverişsiz şərait yaradır. Bu araşdırma üçün 1411 təzəcə ərə getmiş çinli qadın üzərində onlar uşağa qalmazdan 26 həftə əvvələdək müşahidə aparılıb.

Qadınlar ümumilikdə 739 oğlan və 672 qız doğublar. Bu zaman bir daha təsdiqlənib ki, oğlan doğan qadınların sistolik arterial (yuxarı rəqəm) qan təzyiqi daha çox olub.

Liverpool Qadın Xəstəxanasından qadın münbitliyi eksperti Charles Kingsland deyir ki, bu tədqiqat olduqca maraqlıdır, lakin qadınların irqi fərqlərini nəzərə almır.

Bu fərqlər Qafqaz və ya Afro-Karib tipli qadınlara da şamil edilə bilərmi? - deyə sual edib ekspert.

Tədqiqatın nəticələrinə şübhə ilə yanaşan başqa alimlər də var.

Londondakı Hammersmith xəstəxanasının reproduktiv təbabət və cərrahiyyə eksperti Geoffrey Trew deyir ki, əvvəllər belə bir şey eşitməyib.

"Təbiətən çox dəyişkən və fərqli olan qan təzyiqinin hamiləlikdən 26 həftə əvvəl doğulacaq uşağın cinsiyyətini diqtə etdiyinə inanmaq çətindir.

Bəzi reptiliya növlərində dölün cinsiyyəti onun erkən inkişaf mərhələsində hava temperaturundan asılı olaraq dəyişə bilir. Amma bu, əlbəttə hamiləlikdən 26 həftə əvvəl baş vermir" - deyib doktor.