Pinyin sistemini yaradan çinli linqvist 111 yaşında vəfat edib

Zhou Youguang Fotonun müəllifi Getty Images
Image caption Zhou Youguang 1906-cı ildə Tzin sülaləsi zamanı anadan olub

Çin yazısının latın əlifbası ilə transkripsiya üçün Pinyin sistemini yaradan çinli linqvist Zhou Youguang 111 yaşında vəfat edib.

Cənab Zhou və kommunist partiyasının kömitəsi pinyini 1950-ci illərdə üç ilə yaradıblar.

Pinyin sistemi Çin dilinin tədrisini dəyişərək ölkədə savadlılıq dərəcəsinin kəskin artmasına yardım edib.

1906-cı ildə Tzin sülaləsi zamanı anadan olan cənab Zhou daha sonra Çin kommunist rəhbərlərinin sərt tənqidçisi olub.

Çin mediası deyir ki, cənab Zhou doğum günündən bir gün sonra Pekində vəfat edib.

Gəncliyində cənab Zhou bir müddət ABŞ-da Wall Street bankiri olub.

Kommunistlərin 1949-cu ildəki qələbəsindən sonra Çinə qayıdan cənab Zhou-ya latın əlifbası ilə yeni yazı sistemi yaratmaq vəzifəsi tapşırılıb.

"Biz Pinyin sistemini yaratmaq üçün 3 il sərf etdik. Adamlar bizi ələ salıb deyirdilər ki yalnız 26 hərflə məşğul olmaq çox vaxt çəkib", o BBC-yə 2012-ci ildə deyib.

Fotonun müəllifi Getty Images
Image caption Pinyin artıq dünya ətrafında çin dilinin tədrisi üçün istifadə olunur

Pinyin sistemi yaradılandan əvvəl Çin əhalisinin 85 faizi oxumağı bilmirdi. İndi isə demək olar ki, hər kəs oxuya bilir.

O vaxtdan Pinyin dünyada ən çox istifadə olunan sistem olub, lakin Honq Konq və Tayvan kimi bəzi çin icmaları hələ də fərqli sistemlərdən istifadə edirlər.

Pinyin kompyuter və smartfonlarda Çin dilini yazmaq üçün istifadə olunur, lakin bu, Çin yazısının bir gün pinyin tərəfindən tamamilə əvəz olunacağını düşünən insanların bəzilərini narahat edir.

Image caption Yazı Qəhrəmanı adlı televiziya verilişi çinlilərin Çin yazısını unutmamaq üçün yönələn kampaniyaya daxildir

Bu nailiyyət cənab Zhounu keçmiş lider Mao Tsedunun rəhbərliyi altında baş vermiş bəzi repressiyalardan qoruyub.

Lakin Maonun mədəni inqilabı zamanı o Çinin rayonlarına yenidən təhsil almağa göndərilib.

Həyatının son illərində o Çin hakimiyyətinin sərt tənqidçisinə çevrilib və yazdığı kitabların əksəriyyəti qadağan olunub.

2011-ci ildə ABŞ-ın NPR radiosuna verdiyi müsahibədə o Çin hakimiyyətinin 1989-cu il Tyananmen Meydanında hərbi qüvvələrin dinc nümayişçilərə hücum etməsinin səhv olduğunu etiraf etməsini ölmədən əvvəl görmək istədiyini deyib.

Cənab Zhou sadə insanların artıq kommunist partiyasına inanmadıqlarını və çinli ziyalıların əksəriyyətinin demokratiyaya yönəli olduğunu deyib.

Bu barədə daha geniş