Filippin: Duterte hərbi vəziyyət elan edə bilər

Duterte Rusiyanın Sakit Okean donanması gəmsinə ziyarətdə Fotonun müəllifi EPA
Image caption Cənab Duterte "xalqını qorumaq üçün" hərəkət etməyə vəd edib

Filippinin prezidenti Rodriqo Duterte ölkədə narkotik probleminin pisləşdiyi təqdirdə hərbi vəziyyətin elan olunmasının mümkün olduğunu deyib.

71 yaşlı keçmiş dövlət ittihamçısı hədəfinin "Filippin xalqını və bu torpağın gənclərini qorumaq" olduğunu deyib.

Cənab Dutertenin nartokikə qarşı sərt mübarizə kampaniyası nəticəsində son altı ayda 6 min nəfər öldürülüb.

O bu hərəkətləri ölkənin narko-dövlətə çevrilməməsi üçün etdiyini deyir.

"Əgər mən bunu istəsəm və əgər vəziyyət pisləşərək daha təhlükəli olsa, mən hərbi vəziyyət elan edəcəyəm. Əgər mən bunu istəsəm məni heç kəs dayandıra bilməyəcək", cənab Duterte cənubi Davao şəhərində biznesmenlər qarşısında etdiyi çıxışında deyib.

"Mənim ölkəm başqa hər şeydən üstündür, hətta məhdudiyyətlərdən də", o əlavə edib.

Hərbi vəziyyətin elan olunması ilə cənab Duterteyə inzibati qaydanı hərbi qüvvələrlə tətbiq etməyə və insanların ittihamsız saxlanmasına icazə verəcək.

Filippin konstitusiyasına əsasən, prezident hərbi vəziyyəti yalnız 60 gün müddətinə və yalnız hərbi işğalın və ya üsyanın qarşısını almaq üçün elan edə bilər. Parlament hərbi vəziyyəti 48 saat ərzində ləğv edə bilər və ali məhkəmə onun qanuniliyini müzakirə edə bilər.

Fotonun müəllifi EPA
Image caption Cənab Dutertenin nartotikə qarşı sərt mübarizə kampaniyası nəticəsində son altı ayda 6 min nəfər öldürülüb

Lakin cənab Duterte 60 günlük limitin "ləğv ediləcəyini" deyib.

"Əgər mən hərbi vəziyyət elan etmək istəsəm mən bunu edəcəyəm. Bu işğal, üsyan və ya təhlükə məsələsi deyil. Mən hərbi vəziyyəti öz xalqımı qorumaq üçün elan edəcəyəm. Vəssalam", o deyib.

Lakin onun sözləri keçən ay hərbi vəziyyətlə bağlı dediklərilə ziddiyət təşkil edir.

Dekabrda cənab Duterte hərbi vəziyyətin "cəfəngiyat" olduğunu və heç kəsin həyatını yaxşılaşdırmadığını demişdi.

Hərbi vəziyyət Filippində sonuncu dəfə diktator Ferdinand Markos tərəfindən 1972-ci ildə, onun dediyinə görə, kommunist üsyançılar və cinayətlə mübarizə üçün, elan edilmişdi. Hərbi vəziyyət yalnız 1981-ci ildə aradan qaldırılmışdı.

Cənab Duterte Filippindən qanunsuz narkotik maddələri yoxa çıxaracağını vəd edib.

Onun apardığı kampaniya çərçivəsində keçirilən polis əməliyyatları və müəmmalı qətllər nəticəsində minlərlə insan həyatını itirib.

Təxminən bir milyon nartotik istifadəçisi və satıcısı polisə könüllü şəkildə təslim olub.

Cənab Dutertenin sərt mübarizəsi beynəlxalq tənqidlərə səbəb olub və hətta ABŞ prezidenti Barack Obama ona mübarizəsini "doğru yolla" aparmağa tövsiyə edib.

Bəzi insan haqları müdafiəçiləri Cənab Dutertenin öldürmək məqsədilə atəş açmaq siyasətinin onun gələcəkdə Beynəlxalq Cinayət Məhkəməsində insanlığa qarşı cinayətlər törətmək ittihamları ilə mühakimə edilməsi ehtimalını artırdığını deyiblər.

Bu barədə daha geniş