Britaniya mətbuatı: Robotlara “şəxs” statusu veriləcək

Fotonun müəllifi JOHANNES EISELE/AFP/Getty Images
Image caption Çinin Elm və Texnologiya universiteti tərəfindən yaradılmış "Jia Jia" adlı robot

Robotlara "şəxs" status veriləcək

"The İndependent" yazır ki, Avropa Parlamentinin (AP) üzvləri robotlara hüquqi statusun verilməsi təklifini səsə qoyublar.

Bundan sonra robotların "elektron şəxs" adlandırılması nəzərdə tutulub. Hazırda onların öz "hərəkətləri və səhvləri" üçün necə məsuliyyət daşıyacaqları müzakirə edilir.

Lüksemburqlu sosialist millət vəkili Mady Delvaux-Stehres tətəfindən təklif olunmuş hesabat layihəsində deyilir ki, hazırkı qaydalar "texnoloji inqilabdan" geridə qalır. Deputat robotlar üçün "elementar etik prinsiplərin" yaradılmasını təklif edir.

Xanım Delvaux-Stehres-in qətnamə layihəsi AP komitəsindən asanlıqla keçib.

Yeni qanunun fevral ayında AP-də səsə qoyulması nəzərdə tutulub.

Hesabatda deyilir ki, robotlar və süni zəkanın botlar və androidlər kimi başqa daşıyıcıları yaxın gələcəkdə cəmiyyətin bütün təbəqələrini bürüyəcək.

"Robotların fərdiliyi artıqca onların sadəcə kiminsə əlində alət olmasının hüquqiliyi azalır - deyilir layihədə, - Bu səbədən də adi qaydalar onların tənzimlənməsi üçün kifayət etmir".

Xanım Delvaux-Stehres bildirib ki, robotların gələcəkdə də yalnız insanlara xidmət etməsini təmin etmək üçün hüquqi çərçivə hazırlanmalıdır.

2014-cü ildə robotların satışı 29 faiz artıb və bu tarixən ən böyük artım sayılır. Çünki 2010-2014-cü illər arasında artım 17 faiz idi.

Ötən ilin iyununda Google ev işləri görən "robot it" yaradıb. Alman alimləri isə robotların ağrı hiss edə bilmələri üçün süni sinir sistemi yaradılması üzərində işləyirlər.

Alimlər bildirirlər ki, sürücüsüz avtomobillər qəzaların sayını 90 faiz azalda bilər.

Lakin alimlər həm də ciddi mənəvi dilemma qarşısındadırlar.

Müəyyən hallarda robot sürücü maşından kənarda olan insanların məhvinə çalışa bilər.

Fotonun müəllifi Getty Images
Image caption Almaniyada keçirilən Dreamhack 2017 oyun festivalında kompyüter oyunçusu

Kompüterin uşaqlara faydası var, amma günə 257 dəqiqə

"The Telegraph" yazır ki, valideynlər uşaqların kompüter, smartfon və video oyunları ilə çox məşğul olmasından narahat olmamalıdırlar, çünki ekran qarşısında keçirilən vaxt onların inkişafına kömək edir.

Oxford Universitetinin alimləri düşünürlər ki, son onillikdə texnologiyaların yüksəlişi belə bir narahatlıq yaradıb ki, yeni texnologiyalar uşaqların ictimai vərdişlərinə və zehni sağlamlığına ziyan vura bilər.

Oxford Universitetinin alimləri 120 min 15 yaşlının kompüterə həsr etdiyi vaxtla onların rifah vəziyyətini müqayisə ediblər və bu nəticəyə gəliblər ki, elektron cihazlarla məşğul olmaq uşaqlara müsbət təsir göstərir.

Əslində bu faydalılıq günə 4 saat 17 dəqiqə istifadə həddində ən yüksək nöqtəsinə çatıb və bundan sonra tədricən enib.

Smartfonlar üçün bu rəqəm 2 saat və 1 saat 40 dəqiqədir.

Alimlər deyirlər ki, elektron cihazlar uşaqların kommunikasiya və zehni qabiliyyətlərini artırır.

Oxford İnternet İnstitutundan Andrew Przybylski deyib ki, bundan əvvəlki araşdırmalar həddən artıq bəsitləşdirilmişdi və aydın təsəvvür yaratmırdı.

Alim deyib ki, elektron cihazlar ümumilikdə faydalıdır, lakin bu faydalığın vaxt limitləri var.

"The Telegraph" yazır ki, bununla belə uşaqların fiziki vəziyyəti bu araşdırmada nəzərə alınmayıb.

2014-cü ildə Çində aparılmış araşdırma göstərmişdi ki, internetdən aşırı istifadə uşaqların beynini tükəndirir və "elektron ekran sindromu" deyilən xəstəliyə yol açır.

Buckingham Universitetinin keçmiş prorektoru lord Anthony Seldon deyib ki, "ekran müddəti" çox ciddi narahatlıq predmetidir.

O deyib ki, kompüterlər zehni qabiliyyəti artırsa da, onlardan ifrat istifadənin ciddi ziyanları ola bilər.

Alimin fikrincə uşaqlar üçün real insanlar və onlarla real ünsiyyət daha faydalıdır.

Son araşdırmanın müəllifləri də bu ziyanları etiraf edirlər, lakin deyirlər ki, internet uşaqları real dostlar tapmaqdan və yuxudan məhrum etməməlidir.

Bu barədə daha geniş