Britaniya mətbuatı: Bu gün niyə ilin “ən bədbin bazar ertəsi” sayılır?

Fotonun müəllifi SAVO PRELEVIC/AFP/Getty Images
Image caption Monteneqroda Serbiya yönümlü hərəkat tərəfindən yerləşdirilən afişa

Trump yenə də Putinlə sazişdən danışıb

"The Times" qəzetinin yazdığına görə, ABŞ prezidenti seçilmiş Donald Trump deyib ki, o Rusiyanın nüvə silahlarını azaltmağa razılaşması müqabilində Moskvanın üzərindən bəzi iqtidsadi sanksiyaların qaldırılmasına dair prezident Vladimir Putinlə saziş əldə edə bilər.

Britaniyanın "The Times" və Almaniyanın Bild qəzetlərinə müştərək müsahibə verən Trump deyib ki, Birləşmiş Ştatların və Rusiyanın nüvə arsenallarını "əhəmiyyətli dərəcədə" azaltmalarını istəyir.

Trump bu müsahibədə həmçinin Moskvanın Suriya münaqişəsinə müdaxiləsini tənqid edib və deyib ki, bu "çox pis şeydir" və "dəhşətli humanitar vəziyyətə" səbəb olub.

Prezident seçilmiş Trump həmçinin NATO-nu "nimdaş" adlandırıb və təşkilatı terrorla mübarizədə çox iş görmədiyinə görə tənqid edib, lakin deyib ki, alyans "mənim üçün çox mühümdür".

Trump yenə də belə bir tənqidi təkrar edib ki, bir çox NATO üzvləri öz təhlükəsizlikləri üçün kifayət qədər pul ödəmirlər və onların maliyyə yükünü ABŞ çəkir.

"Bir çox ölkələr ödəməli olduqları pulları ödəmirlər. Bu isə Birləşmiş Ştatlara münasibətdə ədalətsizlikdir" - deyib Trump.

O əlavə edib ki, NATO-nun 28 üzvündən yalnız beşi öz öhdəlikləri üzrə üzvlük haqqı ödəyir.

Trump Britaniyanın Avropa İttifaqından ayrılmaq qərarını tərifləyib və deyib ki, liberal miqrant siyasəti başqa ölkələrin də Aİ-dən çıxmasına səbəb ola bilər.

Almaniya kansleri Angela Merkelə "hörmətinin olduğunu" desə də, Trump əlavə edib ki, xanım Merkel 2015-ci ildən bəri bu qədər sənədsiz miqrantı ölkəyə buraxmaqla "fəlakətli səhvə" yol verib.

Trump bunu da bildirib ki, kürəkəni Jared Kushner-i Yaxın Şərq sülh sazişinin əldə olunması üçün vasitəçi təyin edəcək.

O kraliça 2-ci Elizabeth-i tərifləyib və bildirib ki, ABŞ tezliklə Britaniya ilə ticarət sazişi imzalayacaq və onun özü tezliklə baş nazir Theresa May-lə görüşəcək.

Fotonun müəllifi TIMOTHY A. CLARY/AFP/Getty Images
Image caption Donald Trump

Trump jurnalistləri Ağ Evdən "qovmaq istəyir"

"The İndependent" yazır ki, Donald Trump-ın administrasiyası Ağ Evdəki mətbuat korpusunu ləğv edə bilər.

Bundan əvvəl Trump-ın rəsmilərindən biri jurnalistləri "müxalifət partiyası" adlandırmışdı.

Hazırda Ağ Evin Qərb Qanadında jurnalistlər üçün xüsusi yer ayrılıb və prezidentin mətbuat katibi burada brifinq və mətbuat konfranslarını keçirir.

Esquire məcmuəsinin verdiyi məlumata görə müşavirlər hazırda James S Brady brifinq otağının ləğv edilməsinin mümkün nəticələrini götür-qoy edirlər. Trump administrasiyası bu qənaətdədir ki, mətbuat ümumilikdə Trump-a qarşı düşmən mövqedən çıxış edir.

Adının çəkilməsini istəməyən bir rəsmi Esquire jurnalına deyib: "Onlar müxalifət partiyasıdır. Mən onların binadan çıxmasını istəyirəm".

Cənab Trump-ın mətbuat katibi Sean Spicer keçid administrasiyasının bu məsələni "müzakirə" etdiyini təsdiqləyib.

Lakin o məsələni belə izah edib ki, administrasiya tədbirlərdə daha çox jurnalistin iştirakına çalışır.

"Sual budur: Cəmi 49 oturacağı olan otaq adekvatdırmı? Biz mətbuat konfransları keçirəndə minlərlə iştirak ricası alırıq. Amma hələlik qərar qəbul edilməyib".

Esquire yazır ki, mətbuatı qonşuluqdakı "Old Executive Office Building" deyilən inzibati binaya və ya Ağ Evdən bir qədər aralıda olan Konfrans Mərkəzinə keçirə bilərlər.

Bu yaxınlarda Türkiyə prezidenti Recep Tayyip Erdoğan CNN müxbirinin sualına cavab verməkdən imtina edən Trump-ı tərifləyib.

"The İndependent" yazır ki, Erdoğanın öz ölkəsində müxalifət, media və alimləri repressiya etməsi beynəlxalq aləmdə kəskin tənqid edilir.

Ötən çərşənbə günü Trump Tower otelində keçirilən mətbuat konfransında Trump CNN-nin Ağ Ev müxbiri Jim Acosta-nın təkidlərinə baxmayaraq onun sualına cavab verməyəcəyini demişdi.

Daha sonra cənab Acosta iddia edib ki, Spicer onu daha bir sual verərsə, çölə atmaqla hədələyib.

Trump administrasiyasının başçısı Reince Priebus ABC-nin "This Week" proqramına deyib ki, onlar yalnız və yalnız mətbuatın Executive Offices Building deyilən binaya keçirilməsini müzakirə ediblər.

Bu isə elə Ağ Evdir, deyib rəsmi.

Bu günə niyə "Mavi bazar ertəsi" deyirlər

"The Telegraph" yazır ki, bu gün "Mavi bazar ertəsidir" - başqa sözlərlə ilin ən depressiyalı günüdür.

Məqalədə deyilir ki, "Mavi bazar ertəsi" terminin icad edən şəxs bunu bu həftə Donald Trump-ın prezidentliyə başlaması ilə əlaqələndirib.

Lakin bundan əlavə çox sayda məşhurun ölümü və Brexit nigarançılığı da faktor sayılır.

2005-ci ildə Cardiff Universitetinin ovaxtkı professoru Cliff Arnall ilin ən bədbin gününü müəyyən etmək üçün düstur təqdim etmişdi. Bu düstürda hava, borclar, Miladdan ötən günlərin sayı və bir sıra başqa faktorlar nəzərə alınırdı.

Onun düsturuna görə yanvarın üçüncü həftəsində dilxorçuluq ən yüksək zirvəsinə çatır, çünki Milad bayramı xərclərinin bank ödənişləri məhz həmin vaxta təsadüf edir.

Lakin doktor Arnall deyib ki, bu ilki "bədbin bazar ertəsi" əvvəlkilərdən bədbin ola bilər. Buna səbəb Trump-ın qarşıdan gələn prezidentliyi və Britaniyanın Avropa İttifaqından ayrılmasının narahatçılığıdır.

51 yaşlı Cliff Arnall hazırda Britaniya İş və Pensiya Nazirliyi və Dövlət Səhiyyə İdarəsi kimi təşkilatlarda xoşbəxtlik və özünəinamlıq sessiyaları keçirir.

O deyir ki, "fəslin bütün depressiya faktorları "Mavi bazar ertəsinində" çarpazlaşır və 2017-nin "mavi bazar ertəsi" əvvəlkilərdən daha bədbin olacaq.

Kredit kartları üzrə ödəniçşlər bir yana, qar, yolların sürüşkənliyi - bütün bunlar insanı dilxor edən faktorlardır, alim deyir.

Arnall bildirir ki, bu ilin sonunda və əvvəlində çox sayda məşhurun 50 və 60 yaşlarında vəfat etməsi də insanlara onların özlərinin də ölümlü olduqlarını xatırladıb.

Lakin Sussex Universiteti bildirib ki, milli xoşbəxtlik ötən ilin 9 noyabrında olduğundan daha aşağı həddə düşə bilməz. Bu, Trump-ın ABŞ seçkisində qalib gəldiyi gün idi.

Professor George Mackerron və komandası son 6 ildə Mappiness deyilən aplikasiya vasitəsilə britaniyalıların əhvalını monitorinq edib.

Onlardan nə dərəcədə xoşbəxt olduqlarını 100 ballıq şkalada dəyərləndirmək rica olunub.

ABŞ seçksi günündə xoşbəxtliyin orta rəqəmi 55-ə düşüb ki, bu, son altı ildə ən aşağı rəqəmdir.

Alimlər deyirlər ki, 2010-cu ildən bəri Trump-ın prezident seçildiyi 9 noyabra qədər nəhs gün qeydə alınmayıb.

Son 6 ildə ən xoşbəxt gün isə 2010-cu ilin Milad günü - dekabrın 25-i olub. Həmin gün insanların səadəti 75, 7 faizə qalxmışdı.

Bununla belə doktor Arnall adamlara təskinlik verib: "Xoşbəxtliyin ən asan yolu sevdiklərinizlə bir yerdə olmağınızdır…"

O deyib ki, "Mavi bazar ertəsindən" çətin işlərin qulpundan yapışmaq - məsələn artıq çəki itirmək, siqareti tərgitmək və kareyera planları qurmaq üçün istifadə edin.

Bu barədə daha geniş