Trump Nato-ya "köhnəlmiş" deyib, alyans narahat olub

Fotonun müəllifi AP
Image caption Avropanın şərqində artan Nato hərbi təlimləri Rusiyanı narahat edib.

ABŞ Prezidenti seçilmiş Donald Trump-ın Nato "köhnəlmiş" qurumdur deməsi alyansda "narahatlıq" yaradıb, Almaniya xarici işlər naziri deyib.

Frank-Walter Steinmeier bildirib ki, bu bəyanat bir neçə gün əvvəl cənab Trump-ın təyin etdiyi müdafiə nazirinin dediklərinə ziddir.

New York-da verdiyi müsahibə zamanı cənab Trump həmçinin deyib ki, Almaniya kansleri bir milyondan artıq qaçqını qəbul etməklə "fəlakətli səhvə" yol verib.

O Almaniya avtomobil istehsalçılarını yüksək idxal tarifləri tətbiq edəcəyilə hədələyib.

BMW, Volkswagen və Daimler kimi şirkətlər Meksika kimi xərclərin az olduğu ölkələrdəki zavodlara, ABŞ bazarlarına ixrac məqsədilə sərmayə yatırıb.

Ancaq cənab Trump əlavə edib: "Onlara deyərdim ki, vaxtını və pulunu boşa sərf etməsinlər. Başqa ölkələrə satmaq istəyirlərsə, bu başqa məsələ".

"BMW şirkətinə deyərdim ki, əgər Meksikada zavod yaratmaq istəyirsənsə və [avtomobilləri] ABŞ-a 35 faiz vergi ödəmədən satmaq istəyirsənsə, onda bunu unut!

Cənab Trump xarici siyasət məqsədləri barədə Britaniya və Almaniya mətbuatına - The Times və Bild qəzetlərinə, New York-dakı Trump Tower-də müsahibə verib.

___________________________________________________________

Almaniyada qəzəb və çaşqınlıq var, təəccüb isə yoxdur: BBC-nin Berlin müxbiri Jenny Hill

Donald Trump-ın şərhləri Berlində çaşqınlıq və narahatlıq yaradıb, amma çox güman ki, sürpriz olmayıb. Angela Merkel və onun qaçqınlar siyasətinin qəti tərəfdarı olan Barack Obamanın isti münasibətlər və inama əsaslanan müttəfiqliyinin özünü yeni transatlantik münasibətlərdə də biruzə verəcəyini çox az adam gözləyiridi.

Qəzəb də var. Almaniyanın Vitse-kansleri Sigmar Gabriel etiraz edərək deyib ki, miqrant böhranı "Yaxın Şərq və Aralıq Dənizi regionunda Amerikanın yanlış, müdaxiləçi siyasətinin" nəticəsi olub.

Cənab Trump-ın avtomobil istehsalçılarını da hədəfə alacağı barədə məlumatlar narahatlıq yaradıb, ancaq az adam inanır ki, Konqres, onun idxal edilən maşınlara tətbiq edəcəyilə hədələdiyi 35 faizlik vergini təsdiq edəcək.

Almanlar cənab Trump haqqında onun seçki kampaniyası zamanı və elə indi də yüksək fikirdə deyillər. Ancaq görünür ki, alman əsilli olmasına baxmayaraq, cənab Trump özünü almanlara sevdirmək üçün böyük səy göstərmir.

__________________________________________________________

Fotonun müəllifi The Times
Image caption Cənab Trump-dan müsahibəni The Times qəzet üçün Britaniyanın keçmiş ədliyyə naziri Michael Gove və Bild qəzeti üçün Kai Diekmann alıb.

Nato barəsində danışarkən cənab Trump bir daha deyib ki, 28 üzv dövlətin çoxu öz töhvəsini ədalətlə vermir.

O bildirib ki, alyans "çox, çox illər əvvəl" köhnəlib: "O sıradan çıxıb, çünki terrorla mübarizə aparmır".

Bundan sonra isə, tam əksinə olaraq, cənab Trump Nato-nun onun üçün "çox mühüm" olduğunu deyib.