Britaniya mətbuatı: NATO olmasa, Avropa Rusiyanın qarşısında dayana bilməz

Fotonun müəllifi Getty Images
Image caption Polşalı əsgər NATO bayrağının önündə

NATO olmasa, Avropa Rusiyanın qarşısında dayana bilməz

"The Guardian" yazır ki, Britaniya parlamentinin komitə sədri Donald Trump-ın NATO barədə bəyanatlarını "radikal və məsuliyyətsiz" adlandırıb.

Müdafiə Komitəsinin sədri Julian Lewis deyib ki, Avropa Amerikanın hərbi himayəsi olmadan çox kövrək vəziyyətdə qala bilər.

Cənab Lewis ümid etdiyini bildirib ki, Trump bəlkə də Avropa ölkələrini müdafiə xərclərini artırmağa məcbur etmək üçün belə bir "hədəyə" əl atıb.

Millət vəkili bildirib ki, vəziyyət 1949-cu ildə NATO yaradılanda olduğu kimidir. NATO adi silahlara və qoşunlara qarşı Avropanın yeganə müdafiə variantdırır.

Cənab Lewis Westminster-dəki bu çıxışını Donald Trump-ın "The Times" qəzetinə müsahibəsindən sonra edib. Həmin müsahibədə Trump-ın NATO barədə dedikləri Avropa paytaxtlarında həyəcana səbəb olub.

Bundan əvvəl ötən yayda cənab Trump işarə etmişdi ki, ABŞ NATO müttəfiqlərini xarici düşməndən müdafiə etmək öhdəliyinə yenidən baxa bilər.

Cənab Lewis-in fikrincə Donald Trump-ın bu bəyanatları Avropanın öz silahlı qüvvələrini yaratmaq çağırışlarına qarşı da yönələ bilər.

Millət vəkili komitə sədri kimi yox, müstəqil şəxs kimi fikir bildirdiyini vurğulayıb və deyib ki, Avropa ölkələri ABŞ olmadan Rusiyanı yalnız nüvə hədəsindən çəkindirə bilərlər. Onun fikrincə, Avropa ölkələri adi silahlar və adi qüvvələrlə hücumu dəf etmək gücündə deyillər.

"The Guardian" yazır ki, bütün bunlara baxmayaraq Trump-ın NATO-ya və Rusiyaya dəqiq münasibətini dərk etmək asan deyil. Prezident seçilmiş Trump həm Rusiya ilə yaxınlaşmaqdan danışır, həm də Pentaqona qatı anti-Rusiya generalı "quduz köpək" ləqəbli Mattis-in namizədliyini verir. Mattis NATO-nun qızğın müdafiəçisi kimi tanınır.

Elə NATO-nu "köhnəlmiş" adlandırdığı eyni müsahibədə Trump bunu da əlavə edir ki, şimal alyansı onun üçün mühüm təşkilatdır.

Lewis inanmaq istəyir ki, Trump blef edir. Millət vəkili bildirir ki, Trump özünü Ronald Reagan-ın varisi hesab edir. Reagan-ın NATO-ya sədaqəti isə hamıya yaxşı bəllidir.

Donald Trump-ın NATO-nu tənqid etməsi ilə əlaqədar narahatlığını Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier də bildirib.

O deyib ki, bununla əlaqədar NATO ölkələrinin xarici işlər nazirləri əlaqə saxlayıb və ortalıqda çox böyük həyəcan və narahatlıq var.

Trump-ın hədələrinə cavab olaraq Almaniya kansleri Angela Merkel də deyib ki, "biz avropalıların müqəddəratı öz əlimizdədir".

Bununla belə, Moskva Trump-ın NATO-nu tənqid etməsini alqışlayıb.

Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, Moskva NATO-nun köhnəlməsi barədə fikirlərlə razılaşır, çünki alyans öz müdafiə funksiyasını itirərək qarşıdurma yolunu seçib.

Fotonun müəllifi MANDEL NGAN/AFP/Getty Images
Image caption James Mattis

Trump kaş Mattis-ə qulaq asaydı

"The Telegraph" qəzeti də diqqəti Trump-ın NATO barədə tənqidi ilə onun müdafiə naziri vəzifəsinə irəli sürdüyü namizəd general James Mattis-in mövqeyi arasındakı ziddiyyətə çəkir.

General Mattis demişdi: "Əgər bu gün NATO olmasaydı, biz onu yaratmalı olardıq".

"Biz ümid edirik ki, Trump general Mattis-ə, dövlət katibi vəzifəsinə namizəd Rex Tillerson-a qulaq asacaq" - deyib adının çəkilməsini istəməyən Avropa İttifaqı rəsmisi.

General Mattis həm də Rusiya prezidenti Vladimir Putinin kəskin tənqidçisi sayılır.

O, Senat qarşısındakı çıxışında deyib ki, Vladimir Putin Şimali Atlantika Alyansının üzvləri arasına ixtilaf salmağa çalışır.

Ayrıca bəyanatda Rusiyanın Xarici İşlər Nazirliyi cənab Obamanın getməkdə olan administrasiyasını Avropada "silahlanma yaraşının başlanmasında" ittiham edib.

Buna səbəb NATO-nun Polşa və Baltika ölkələrindəki birləşmələrini gücləndirilsməsi üçün bölgəyə ABŞ qoşunlarının gətirilməsi olub.

Fotonun müəllifi Orlando /Three Lions/Getty Images

Seksdən sonrakı xəcalət hissini yaradan nədir?

"The İndependent" yazır ki, seks barədə söz-söhbət dünyanı bürüsə də, insanın seksdən sonraki psixoloji durumu haqqında çox az danışılır.

Psixoloqlar bildirirlər ki, sekual aktdan və ya cinsi əlaqədən sonra insanların keçirdiyi qorxu və tənhalıq hissi kifayət qədər geniş yayılıb.

O qədər geniş yayılıb ki, bunun ayrıca elmi termini də var. Post-koital (cinsi əlaqədən sonrakı) disforiya və ya post-koital qüssə - ağlamsınmaq, kədərlənmək, nigarançılıq, aqressiya, amma ümumən kədər hissi ilə ifadə olunur.

Bəzi qadınlarda cinsi əlaqədən sonra atılmaq qorxusu və ya kiminsə tərəfindən istismar olunmaq hissi müşahidə oluna bilər.

Alimlər bildirirlər ki, bu hisslər seksin qarşılıqlı razılıq əsasında və həzverici olduğu hallarda da baş qaldırır.

Seksual psixologiya eksperti Denise Knowles "The İndependent" qəzetinə bildirib ki, cinsi əlaqədən sonra yaşanan kədər hissi təbiidir və heç də həmişə peşmançılıq duyğusu ilə bağlı olmur.

Ekspert izah edir ki, bu, seksual akt zamanı baş verən "hormonal partlayışdan" sonra yaşanan təbii sükut halıdır.

Alimin fikrincə bu həzz hissi ilə bağlı olan hormanların seksdən sonra sakitləşməsi kədərə bənzəyən duyğu ilə başa çatır.

Denise Knowles bildirir ki, "tam bir zövq və həzdən sonra gələn ayrılıq qadınları və bəzi kişiləri təsirləndirmiş olur".

Lakin buna baxmayaraq sözü gedən fenomen çox az öyrənilib.

Bu yaxınlarda aparılmış elmi araşdırma göstərib ki, ekperimentdə iştirak edən 230 qadından 46 faizi post-koital qüssə hissini yaşayıb.

Təcrübəni aparanlar vurğulayırlar ki, bu hal iki insan arasındakı sevgi münasibətlərindən asılı olmayaraq baş verir.

2011-ci ildə aparılmış başqa bir eksperiment göstərib ki, seks zamanı hətta yüksək məmnunluq yaşayan qadınların üçdə biri post-koital qüssənin təsirinə düşüb.

Bununla belə, xanım Knowles bildirib ki, bütün seksual aktlardan sonra post-koital qüssənin yaşanması normal hal hesab edilə bilməz.

Əgər belə bir hissi daim yaşayırsınızsa, deməli burada problem fiziologiyanızda yox, insani münasibətlərinizdədir, Denise Knowles deyib.

Bu barədə daha geniş