Britaniya mətbuatı: "Təkcə Trump-a yox, hamımıza kompromat tapılar"

Fotonun müəllifi Getty Images
Image caption Nikki Haley ABŞ-ın BMT-yə səfiri vəzifəsinə Donald Trump-ın namizədidir

Trump-ın BMT-yə səfiri təşkilatın tənqidçisidir

"The Telegraph" yazır ki, prezident seçilmiş Donald Trump-ın Birləşmiş Millətlər Təşkilatında Amerikanın səfiri vəzifəsinə namizədi BMT-nin bir təşkilat kimi lazım olub-olmadığını sual edir.

Yanvarın 18-də Senat qarşısında namizədliyinin təsdiqi üçün ifadə verəcək Nikki Haley deyib ki, BMT ABŞ-ın maraqlarına yaxşı xidmət etmir və Amerikanın bu təşkilata ödədiyi pullara dəyməz.

Məqalədə deyilir ki, cənab Trump-ın özü də kampaniyası zamanı BMT-nin xeyirli bir təşkilat olması məsələsini sual altına almışdı.

Xanım Haley deyib ki, BMT-nin ən böyük uğursuzluğu onun "bizim ən yaxın müttəfiqimiz İsrailə qarşı qərəzidir".

"The Telegraph" yazır ki, ABŞ BMT-nin büdcəsinə ən çox pul ödəyən ölkədir. Amerika təşkilatın bir illik xərclərinin 22, bütün sülhyaradıcı əməliyyatlarının isə 29 faizini maliyyələşdirir.

Bu mənada ikincilik büdcənin 9, 68 faizini ödəyən Yaponiyaya məxsusdur.

Çin BMT xərclərinin 8, Almaniya 6, Fransa 5, Britaniya 4, 5 faizini qarşılayır.

Ümumilikdə ABŞ New York-da mənizllənmiş bu təşkilata ildə 3 milyard dollar ayırır.

Cənab Trump artıq bir müddət idi ki, BMT barədə skeptisizmini bildirirdi, lakin onun səbr kasasını daşdıran təşkilatın son 35 ildə ilk dəfə olaraq yəhudi məskənlərinə qarşı çıxardığı qətnamə olub.

Bu qətnamənin Təhlükəsizlik Şurasından keçməsinə bu səbəb olub ki, ABŞ-ın vəzifəsini başa çatdırmaqda olan hazırkı səfiri Samantha Power səsvermə zamanı həmişə olduğu kimi veto qoymaqdansa, bitərəf mövqe tutub.

Cənab Trump deyir ki, ABŞ bu qətnamə ləğv olunanadək təşkilatın maliyyələşdirilməsini dayandırmalıdır. Onun bu mövqeyini prezidentliyə daha iki respublikaçı namızəd - Ted Cruz və Lindsey Graham da dəstəkləyiblər.

"Bu təşkilatın böyük potensialı var, amma nə olsun, heç nə etmir, - deyib Trump, - Siz nə vaxt görmüsünüz ki, BMT problem həll etsin? O problem yaradır. Əgər özünü doğrulda bilsə, yaxşı təşkilatdır. Əgər doğrultmasa havayı israf olunan puldur".

Xanım Haley-nin 45 yaşı Trump-ın inaqurasiya günündə tamam olacaq və o, 2011-ci ildən Cənubi Carolina-nın qubernatoru olub.

Maraqlıdır ki, o seçki kampaniyası zamanı Trump-ı yox, onun rəqibi Marko Rubio-nu dəstəkləyib.

"The Telegraph" yazır ki, onu Trump-ın komandasına BMT-nin maliyyələşdirilməsinin lüzumuna şübhə ilə baxması gətirib.

BMT-nin yeni baş katibi Antonio Guterres təşkilatda dərin islahatlara ehtiyac olduğunu etitraf edir.

Fotonun müəllifi Getty Images
Image caption Donald Trump The Apprentice televiziya yarışını 12 ildir ki, aparıcısı olub

İnaqurasiya ərəfəsində "impiçment" söhbəti

"The Guardian" yazır ki, The Apprentice televiziya yarışının keçmiş iştirakçısı bir vaxtlar həmin verilişi aparmış Donald Trump-ı böhtan iddiası ilə məhkəməyə verir.

Bu qadın Donald Trump-ı onu əlləşdirməkdə və aqressiv şəkildə öpməkdə ittiham edəndən sonra, milyarder onu "yalançı" adlandırmışdı.

İndi xanım Summer Zervos Trump-ı məhz bu "yalançı" sözünə görə məhkəməyə çəkir. O iddia edir ki, Trump-ın onu yalançı adlandırması onun "reputasiyasına zərbə vurub". Xanım Zervos indi Donald Trump-ın onun ittihamlarını boynuna almasını tələb edir.

Onun vəkili Gloria Allred məhkəməyə Trump-ın inaqurasiyasına 3 gün qalanda müraciət edib.

Xanım Zervos jurnalistlərə deyib ki, Trump onun ittihamlarını boynuna alsa, heç maliyyə kompensasiyası da istəmədən şikayətini geri götürəcək.

"The Guardian" yazır ki, New York məhkəməsinə təqdim edilmiş 20 səhifəlik iddia Birləşmiş Ştatların gələcək ali baş komandanına qarşı ittihamlarla doludur.

Vəkil bildirir ki, Trump iddiaları yalan adlandırmaqla özü yalan danışıb.

Veteran qadın müdafiəçisi kimi tanınan Allred deyib ki, Zervos şənbə günü Washington-da keçiriləcək anti-Trump yürüşünə qatılacaq.

Vəkil xatırladıb ki, 1994-cü ildə Paula Jones-un şikayət ərizəsi az qala prezident Bill Clinton-un impiçmenti ilə başa çatacaqdı.

Trump sözçülərindən Hope Hicks "The Guardian" qəzetinə email-də iddiaların əsassız olduğunu yazıb.

Bir çox təhlilçilər bildirirlər ki, bu məhkəmə işinin nəticəsi hələlik açıq sual olaraq qalır.

Lakin vəkil bildirir ki, bu ölkədə qanun hamıdan yüksəkdə dayanır və Trump bu məhkəmədəki suallara yataq otağında Tvitterdən yox, dinləmə zalından cavab verməli olacaq.

Hər kəs öz kompromatını özü yaradır. Sevə-sevə…

"The İndependent" qəzeti yazır ki, təkcə prezidentlərə yox, lazım olsa, elə hamımıza kompromat tapılar.

Məqalədə deyilir ki, sevgi və ya evlilik münasibətləri zamanı açdığınız intim və xəlvət sirləriniz potensial təhlükə daşıyıcısıdır, çünki ən əziz və doğma münasibətlər də bir gün pozula bilər.

Ömür-gün yoldaşınıza, qəlb dostunuza açdığınız şəxsi sirlər bir gün əleyhinizə çevrilə bilər.

Elə Donald Trump-ın təcrübəsi də göstərir ki, iki ingilis sözündən (compromising material) düzəldilmiş bir rus sözü - "kompromat" ictimai həyatınızda ən təhlükəli nəticələrə səbəb ola bilər.

Qəzet yazır ki, dünyada heç də hamının alnına ən böyük ölkənin prezidenti olmaq yazılmayıb, lakin hər birimizin elə sirr olaraq qalmalı məlumatlarımız var.

İnsanlar sevgi və ya evlilik münasibətlərində olarkən çox vaxt partnyorlarına müdirləri, dostları, yaxın qohumları haqqında gileylənir, qiybət qırırlar.

Amma hər dəfə belə söhbətlər edəndə gözünüzün qabağına gətirin ki, bir gün sevgiliniz "keçmiş sevgiliyə" çevrilə bilər. Bu zaman dedikləriniz, donquldandıqlarınız da kompromata çevrilməzmi?

Söhbət xüsusilə də bir-birinizə göndərdiyiniz seksual məzmunlu SMS-lərdən və ya sekstlərdən, intim fotolardan gedir.

"The İndependent" yazır ki, bəzi aşırı açıq və səmimi adamlar kiminləsə münasibətlərinin çox erkən mərhələsində öz sirlərini aşırı açıqlıqla paylaşırlar.

Kiminsə barəsində yazdığınız SMS-dən az sonra hirsiniz soyuyar, hətta belə düşündüyünüzə peşman da ola bilərsiniz. Lakin bu peşmançılıq potensial kompromatı silə bilmir.

Tanışlıq və münasibətlər psixoloqu Madeleine Mason "The Independent" qəzetinə deyib: "Özünüzə belə bir sual verin: Bu göndərdiyimi ailəm və həmkarlarım görsə, necə olar? Cavab "pis"dirsə, bunu etməyin".

Ekspert deyir ki, əlbəttə, "dilin ucuna gələni saxlamaq" müəyyən mənada "çılğınlığa nəzarətin" vərdişə çevrilməsini tələb edir.

Xanım Mason xüsusilə də virtual kommunikasiyalara ehtiyatla yanaşmanı məsələhət görür: "Unutmayın ki, göndərdiyiniz, forvard etdiyiniz, paylaşdığınız material da kompromat ola bilər".

Bunu da yadda saxlayın ki, Snapchat və Skype zəngləri yazıla bilər.

Bir anlıq göz önünə gətirin ki, bu kommunikasiyalarda dediklərinizi və görüntülədiyiniz videoları, fotoları paylaşa bilərlər.

Əlbəttə, sevdiyiniz və ya ünsiyyətdə olduğunuz ləyaqətli insan balası, mələk övladı olsa da, heç nəyə heç vaxt tam qarantiya yoxdur.

Əgər belə çox sevirsinizsə, yazır "The İndependent", heç olmasa münasibətlərinizin erkən dövründə bir az ağzıbütöv olun.

Axı bir 20 ildən sonra siz də prezident ola bilərsiniz.

Bu barədə daha geniş