Britaniya mətbuatı: Söyüşcül ağız “həqiqət qapısıymış”?

Həm südü, həm südpulunu, həm də südçü qızı istəmək necə olur?

"The Guardian" qəzeti Britaniya baş naziri Theresa May-in ölkənin Avropa İttifaqından çıxmasına həsr olunmuş nitqinə Avropadan gələn reaksiyalara silsilə məqalələr həsr edib.

Avropa İttifaqının liderləri xanım May-in çıxşını "aşırı optimist" adlandırıblar və bildiriblər ki, Londonun Avropadan ayrılması baş nazirin xəyalında qurduğu qədər asan olmayacaq.

Aİ rəsmiləri deyirlər ki, "heç kəs Britaniyanı tutub ittifaqda saxlamaq niyyətindıə deyil", lakin ayrılmanın bir sıra prosedurları 2021-ci ilədək uzana bilər.

Brüssel bəyan edib ki, Britaniyanın Aİ üzv ölkələri ilə ayrı-ayrılıqda ikitərəfli müqavilələr bağlayacağına dair planları xam xəyaldır, çünki Britaniya ilə "boşanma masasının bir tərəfində London, qarşı tərəfində 27 üzv ölkə oturacaq".

Avropa Parlamentinin Brexit danışıqçısı Guy Verhofstadt deyib ki, Britaniya Avropanın vahid bazarına rüsumsuz girişi saxlamaq üçün ittifaqın başqa şərtlərini də, ələxüsus sərhədlərin sərbəstliyi şərtini qəbul etməli olacaq.

"The Guardian" qəzeti üçün yazdığı məqalədə cənab Guy Verhofstadt "ittifaqdan ən yaxşı şeyləri alıb, əvəzində heç nə verməmək" arzuların "illyuziya" adlandırıb.

"The Guardian" qəzetinin məqalələrində deyilir ki, Britaniyanın ittifaqdan ayrılmaq qərarı qitənin başqa yerlərində yaşayan Britaniya vətəndaşlarını qibtəolunmaz vəzityyyətə salacaq.

Məsələn İspaniya, həyatının pensiya hissəsini bu ölkədə yaşayan 100 min Britaniya pensiyaçısını pulsuz səhiyyədən məhrum edə bilər.

Britaniyadakı bir çox transmilli şirkətlər baş qərargahlarını və bizneslərini bu ölkədən çıxarmaq məcbuiryyəti qarşısında qala bilərlər.

İsveçrə bankı, Toyoto avtomobil zavodu artıq narahatlıqlaırnı bildiriblər.

Məqalədə deyilir ki, Avropanın bir sıra aparıcı qəzetləri xanım May-in çıxışını tənqid edib və lağa qoyublar.

Bu məqalələrdən bəzilərində "Böyük Britaniya" adı əvəzinə "kiçik britaniya" ifadəsindən istifadə olunub.

Almaniyanın Der Spiegel qəzeti Britaniyanın Aİ-dən ayrılmasını "könüllü özünüməhv" adlandırıb.

Libération qəzetinin Brüssel müxbiri Jean Quatremer "The Guardian" qəzetində dərc olunmuş məqaləsində yazır ki, Britaniya Avropa İttifaqından ayrılmaq üçün mümkün olmayan şərtlər qoyub:

"Biz fransızlarda mümkün olmayanı istəyən adam barədə deyirlər ki, "filankəs həm yağ istəyir, həm yağpulu istəyir, həm də yağı nehrələyən südçü qızdan təbəssüm istəyir... Mən burada ədəb xatirinə "südçü qızdan başqa şey istəyir" yazmamışam.

Trump uzağı səkkiz illikdir, jurnalistika həmişəlik

"The İndependent" yazır ki, Amerika jurnalistləri ABŞ prezidenti seçilmiş Donald Trump-a açıq məktub yazıblar.

Məktubda xəbərdarlıq edilir ki, jurnalistlər, bundan sonra hamkarlarının mətbuat konfranslarında qulaqardına vurulmasına və ya təhqir edilməsinə sakitcə müşahidəçi olmayacaqlar.

"Odur ki, siz innən belə hər hansı jurnalistin üstünə çığırsanız və ya xoşunuza gəlməyən bir sözü deyən müxbiri qulaqardına vursanız, qarşınızda bizim vahid cəbhəmizi görəcəksiniz" - deyilir Columbia Journalism Review məcmuəsində dərc edilmiş məktubda.

Fotonun müəllifi AFP
Image caption Yeni seçilmiş prezident Donald Trump mətbuatı dəfərlə tənqid edib.

Bu məktubdan əvvəl cənab Trump 6 aylıq fasilədən sonra keçirilmiş ilk mətbuat konfransında CNN müxbiri Jim Acosta-nın sualına cavab verməkdən imtina etmişdi.

Bəzi xəbərlərə görə cənab Trump-ın mətbuat katibi Sean Spicer Acosta-ya xəbərdarlıq edib ki, o, özünü gələcəkdə də belə aparsa mətbuat konfransından çıxarılacaq.

Məktubda deyilir ki, cənab Trump mətbuatın material yığdığı toplanışları qulaqardına vuraraq ailə şamlarına getməyə üstünlük verib, onu tənqid edən jurnalistləri Twitterdən "qərəzli", "çirkab yığan" kimi sözlərlə şəxsən təhqir edib.

O həmçinin NBC müxbiri Katy Tur-u özünün kütləvi mitinqində təhqir edib və tərəfdarlarını da jurnalisti təhqir etməyə çağırıb.

Trump onun haqqında Britaniya kəşfiyyatçısı tərəfindən tərtib olunmuş dosyeni çap edən BuzzFeed saytını "əzvay zibil qalağı" adlandırıb.

Açıq məktubda deyilir ki, "əlbəttə kimləri dəvət etmək sizin ixtiyarınızdadır, amma unutmayın ki, biz alternativ informasiya toplamağın yollarını yaxşı bilirik.

Bu da qeyd olunur ki, hansısa jurnalistin tədbirə buraxılmaması həmin jurnalistə həmin tədbir barədə yazmağı qadağan etmir.

"Nəyi və necə yazmaq qərarı bizdədir" - deyilir məktubda.

"Ən yaxşı halda siz bu vəzifədə səkkiz il qala biləcəksiniz, biz isə bu Respublika yaranandan burdayıq və bizim bu böyük demokratiyadakı rolumuz dəfələrlə və dəfələrlə təsdiqlənib və güc alıb. Siz bizi, varlığımızın məqsədi barədə təməl suallar barədə düşünməyə vadar etmisiniz. Buna görə sizə təşəkkür düşür. İndilik, inaqurasiyanızdan kef alın..." - deyilir məktubda.

Sözün düzünü söyüşkən deyər?

"The Telegraph" qəzetində Henry Bodkin yazır ki, söyüşcül adamlara cəmiyyətin münasibəti birmənalı deyil, lakin yeni elmi araşdırma özünü söyüşdən saxlayanların çox vaxt ən ləyaqətsiz və qeyri-səmimi insanlar olduğunu göstərir.

Cambridge Universitetində aparılmış elmi araşdırma ağzısöyüşlü adamların adətən ən ləyaqətli və doğruçu insanlar olduğunu nümayiş etdirib.

"Social Psychological and Personality Science" elmi jurnalında dərc olunmuş tədqiqat hesabatında deyilir ki, təcrübə zamanı 276 iştirakçıdan ən çox xoşladıqları söyüşlərin siyahısını tutmaq xahiş edilib.

Onlara verilmiş anketdə isə "mən heç vaxt yalan danışmıram" və ya "mənim bütün vərdişlərim yaxşıdır" kimi qrafalar vardı. Alimlər bu qrafalarda yazılmış cavablara əsasən iştirakçıların doğruçuluğunu yoxlamaq istəyirdilər.

Siyahı ilə anketlərin tutuşdurulmasından məlum olub ki, ən düz danışan adamların çoxu, həm də ən çox söyüş söyənlərdir.

Araşdırmanı aparanlardan professor David Stillwell bunu belə izah edib ki, insanın dilinə sosial normalar tərəfindən qoyulan sərhədlər, həm də həqiqətin qarşısına qoyulmuş sərhədlərlə üst-üstə düşür.

Başqa sözlərlə, abır-həya insanı doğruçu olmağa qoymur, deyib professor.

Bununla belə alim xəbərdarlıq edir ki, burada dələduzluq kimi ciddi ləyaqətsizlik şərt kimi qoyulmayıb, amma əlaqənin məntiqini ABŞ-da keçirilmiş buna bənzər araşdırma da təsdiq edir.

ABŞ-da aparılmış rəy sorğusundan aydın olub ki, "ən söyüşlü ştatlarda", ləyaqətlə bağlı cinatəyətkarlığın səviyyəsi xeyli aşağıdır.

Məsələn "ağızısöyüşlü" New Jersey ştatının adamları Ştatların Doğruçuluq İndeksində ən yüksək yeri tutub, lakin söyüşlərin çox az işlədildiyi Utah və başqa yerlərdə fırıldaq və dələduzluqla bağlı cinayətlər daha çox baş verib.

"Söyüş söyənlər sizə ən azı düşündüklərini açırlar" - deyib doktor Stillwell .

Facebook-da 75 min istifadəçinin postları araşdırılıb və məlum olub ki, ən qısa postları yazanaların söyüş söymə ehtimalı da aşağıdır.

Doktor Sillwell-in fikrincə, qısa bəyanatlar ləyaqətsizlik və qeyri-səmimliyin əlaməti sayılır, çünki yalançılar uzun və mürəkkəb cümlələr qurmaqda çətinlik çəkirlər.

Bundan başqa, məlum olub ki, postlarında "lakin" və "bununla belə" söz və ifadələrini işlədənlər və postlarındakı bəyanatları "mən" əvəzliyi ilə bağlayanlar daha doğruçu adamlardır.

Bu da bəlli olub ki, Facebook-da belə üslubda post yazanlar, adətən real həyatda söyüşcül olurlar.

Bu barədə daha geniş