Britaniya mətbuatı: Türkiyədə bir adamın, "hakimiyyəti sistemi yaradılır"

"The Guardian" yazır ki, Temza çayında İkinci Dünya Müharibəsindən qalmış aviasiya bombası tapıldıqdan sonra Londonun iki ən məşğul körpüsü bağlanıb.

Waterloo və Westminster, habelə Victoria bulvarı cümə axşamı gecəsi hələ də bağlı idi və mütəxəssislər təhlükəsizlik hesablamaları aparırdılar.

Bələdiyyə polisi bildirir ki, bomba çaydan dartılaraq çıxarılıb, lakin yoxlamaların nə qədər çəkəcəyi bilinmir.

Polis bildirir ki, bütün hazırlıq və yoxlama işləri başa çatanadək bir sıra küçələr bağlı qalacaq.

Avtomobilçilərə bu ərazidən yan keçmək tövsiyə edilsə də, iki körpüyə bitişik rayonlarda ağır nəqliyyat tıxacları yaranmışdı.

Çayın özündə isə bütün hərəkət Charing Cross və Westminster körpüləri arasında dayandırılmışdı.

"The Guardian" yazır ki, İkinci Dünya Müharibəsindən qalmlış partlamamış bombalar bütün Avropa boyunca tapılmaqda davam edir və bu hadisələrlə bağlı Britaniya, Fransa və Almaniyanın müxtəlif yerlərindən əhalini evakuasiya etmək lazım gəlir.

2016-cı ilin fevralında Londonun Victoria vağzalı yaxınlığında İkinci Dünya Müharibəsinin bombası aşkar edilmiş və vağzala bitişik evlərdən adamlar köçürülmüşdü.

May ayında isə Bath şəhərindəki məktəbin oyun meydançasının altından bomba tapılmış və adamlar gecəni sığınacaqda keçirməli olmuşdular.

Ötən noyabr ayında Portsmouth buxtasında tapılmış çox ağır bomba ekspertlər tərəfindən nəzarətli şəkildə partladılaraq zərəsizləşdirilmişdi.

Bu hadisə ilə bağlı Lamanş boğazında bərələrin hərəkəti dayandırılmışdı.

Bu bomba körfəzdən çıxarılıb aparılarkən onun keçdiyi yol boyunca əhali evakuasiya edilmişdi.

Almaniyada isə İkinci Dünya Müharibəsində Britaniya tərəfindən atılmış bomba Milad bayramı günü tapılmış və Augsburg şəhərinin 54 minlik əhalisi evakuasiya edilmişdi.

Bu bombanın ağırlığı 1, 8 ton idi. Əhalinin təxliyəsində 900 polis nəfəri iştirak edirdi.

Siz bu sətriləri oxuyarkən Türkiyədə…

"The Telegraph" yazır ki, siz bu sətriləri oxuyarkən Türkiyədə sürətli və təlatümlü bir "inqilab" həyata keçmiş olacaq.

Fotonun müəllifi ADEM ALTAN/AFP/Getty Images
Image caption Türkiyə parlamentinin səlahiyyətlərini ixtisar edəcək qanun kollektiv hökumət kabineti sistemini ləğv deməkdir.

Məqalədə deyilir ki, hakim Ədalət və İnkişaf Partiyası ölkənin idarə edilməsini radikal şəkildə dəyişəcək qanunvericilik təşəbbüsü ilə çıxış edib.

Bundan sonra Türkiyədə çoxdan bəri fəaliyyət göstərən kollektiv hökumət kabineti sistemi ləğv olunur.

Bununla da parlament hakimiyyəti bir nəfərə - prezidentə verir, parlamentin özü isə gücünü itirmiş olur, çünki yeni qanun prezidentin parlament qarşısında hesabatlılığını dramatik şəkildə azaldır.

"Türkiyədə bir adamın, yəni Recep Tayyip Erdoğanın hakimiyyəti sistemi yaradılır" - yazır "The Telegraph".

Bu islahat bir əsrdən də çox yaşı olan baş nazirlik təsisatını ləğv edərək onun funksiyalarını prezidentə verir.

Yeni qanun habelə millət vəkillərini icra hakimiyyətini haqq-hesaba çəkmək səlahiyyətindən məhrum edir və hökumət üçün etimad səsvermələrini aradan qaldırır.

Bundan sonra nazirlər, regional qubernatorlar, hakimlər və hətta Ali Məhkəmə hakimləri də prezident tərəfindən təyin ediləcəklər.

Qısaca deyilsə, kollektiv hakimiyyət bir fərdə verilir.

Hakim AKP israr edir ki, yeni sistem ölkə liderinə Türkiyənin ehtiyacı olan sabitliyi gətirmək imkanı verəcək.

"The Telegraph" yazır ki, bu iddia hazırda siyasi təlatümlərdən yorulmuş kütlənin ürəyinə yatır.

Məqalədə deyilir ki, bu, qismən həqiqiət də ola bilər, lakin yaranan obyektiv təsəvvür budur ki, sistem məhz Erdoğanın əyininə biçilir.

Digər tərəfdən yeni qanunun 9-cı maddəsi ilk dəfə olaraq prezidenti mühakimə etmək imkanı yaradır və bu qanuna görə prezidenti yalnız dövlətə xəyanət maddəsi ilə mühakimə etmək olar.

Digər tərəfdən bu qanunun qüvvəyə minməsi üçün onun aprel ayında rerefenduma çıxarılması lazımdır. Referendum barədə qərarın qəbul edilməsi üçün hökumətin hazırda parlamentdə malik olduğu mandatların sayı həlledici 330 rəqəminə çatmır.

Məhz bu məqamda millətçi MHP rəhbərliyi hakim partiyaya dəstək verməyə boyun olub, lakin digər tərəfdən MHP-nın sıravi üzvləri Erdoğanın təkhakimiyyətliyinə etiraz edirlər.

Hazırda bir sıra millət vəkillərinin hədələndiyi barədə xəbərlər alınır.

Trump və xanımı Sinatranın "bədniyabət" mahnısı ilə rəqs edəcəklər

"The İndependent"in yazdığına görə, böyük müğənni Frank Sinatra-nın qızı Nancy Sinatra iki həftə bundan əvvəl demişdi ki, atası sağ olsaydı, nə Donald Trump-ı dəstəkləyər, nə də onun inaqurasiyasında oxuyardı.

Lakin indi müğənninin pərəstişkarlarından biri xanım Sinatra-ya xatırladıb ki, onun atasının məşhur "Mənim öz yolum" (My Way) mahnısını inaqurasiyada ifa edə bilərlər və Trump bu mahnının sədaları altında arvadı Melania ilə rəqs etməyi planlaşdırır.

"Onda bu mahnının yalnız birinci misrasını xatırlayın" - deyə Nancy Sinatra cavab verib.

Daha çox özünün "Bang Bang" və "Bu çəkmələr gəzmək üçün tikilib" (These Boots Are Made For Walkin) mahnıları ilə məşhur olan Nancy Sinatra heç şübhəsiz ki, atasının məşhur mahnısındakı ilk misranı yada salanda bu sözləri nəzərdə tuturdu: "Və indi son yaxınlaşıb…"

Bundan əvvəlki bəyanatında Sinatranın qızı demişdi: "DT-nin düşüncəsi zəifdir. Vəziyyət çox çətin olacaq".

"The İndependent" isə yazır ki, Frank Sinatranın sözü gedən mahnısı kədərlilyinə görə Britaniyada adətən dəfn mərasimlərində çalınır.

Fotonun müəllifi EPA
Image caption Trump və xanımı Sinatranın "bədniyabət" mahnısı ilə rəqs edəcəklər, "The İndependent" yazır

Sinatranın özü 1969-cu ildə onu daha da məşhur etmiş bu mahnıya nifrət edirdi. Qızı Tinanın sözlərinə görə, atası həmişə deyərmiş ki, bu çox "bədniyabət" və "bəduğur" mahnıdır.

Trump-ın inaqurasiya konserti yanvarın 20-də keçiriləcək. Burada Toby Keith, 3 Doors Down, Jon Voight, America's Got Talent yarışında ikinci yeri tutmuş Jackie Evancho və DJ Ravi Drums çıxış edəcəklər.

Cümə axşamı bu da bəlli olub ki, Kanye West Trump-a bildirdiyi dəstəyə və Trump Tower-də onunla görüşməsinə baxmayaraq konsertdə oxunmağa dəvət edilməyib.

Trump-ın sözçüsü bunu konsertin "sırf Amerika ənənəli" olacağı ilə izah edib.

"The İndependent" diqqəti belə bir məqama çəkir ki, bu "sırf Amerika" konsertində irland rəqqas Michael Flatley oynayacaq, həmin o 'My Way' mahnısının isə orjinalı fransızca yazılıb.

Bu barədə daha geniş