Qazaxıstanda Suriya münaqişəsinin həlli üçün sülh danışıqları keçirilir

görüş Fotonun müəllifi AFP
Image caption Danışıqların yalnız ilk hissəsi jurnalistlər üçün açıq olub

Qazaxıstanın paytaxtı Astanada Suriya münaqişəsinin həllini tapmaq münaqişə tərəfləri dəyirmi stol arxasında yeni sülh danışıqları keçirir.

Suriyanın hökümət nümayəndələri İran və BMT nümayəndələrinin arasında, müxalifəti isə ABŞ və Türkiyə arasında əyləşib. Türkiyənin yanında isə Rusiya nümayəndələri yer alıb.

Danışıqların yalnız ilk hissəsi jurnalistlər üçün açıq olub, bu hissədə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin görüş iştirakçılarına ünvanlanmış nitqi və Qazaxıstanın xarici işlər nazirinin çıxışı olub.

Əvvəlcə rəsmi Dəməşqin, sonra müxalifətin çıxış edəcəyi gözlənilir. Yalnız bundan sonra Rusiya, Türkiyə, İran, ABŞ və BMT fikir bildirəcək. Görüşlərdə Qazaxıstan nümayəndəliyi də iştirak edir.

Müzakirələrdən nə gözlənilir?

Fotonun müəllifi Reuters
Image caption Görüşdə iri üsyançı qrupların təmsilçiləri iştirak edəcək

Danışıqlar Suriya hökumətini dəstəkləyən Rusiya və İran və üsyançıları dəstəkləyən Türkiyənin vasitəçiliyi ilə ilə həyata keçirilir.

Bu, ötən ilin əvvəlində Cenevrədə BMT-nin dəstəyi ilə aparılan danışıqların təxirə salınmasından sonra ilkdir.

Görüşdə iri üsyançı qrupların təmsilçiləri iştirak etsə də, özünü İslam Dövləti (İD) adlandıran qrup kənarlaşdırılıb.

Suriyada 6 il əvvəl münaqişənin başlamasından sonra 300 mindən artıq insan həlak olub və 11 milyon sakin isə məcburi köçkün vəziyyətinə düşüb.

Görüşdə BMT-nin Suriya üzrə nümayəndəsi Staffan de Mistura və ABŞ-ın Qazaxıstandakı səfiri də iştirak edir.

Danışıqların bir gün davam edəcəyi nəzərdə tutulsa da, onun uzanacağı istisna edilmir.

BBC-nin Astanadakı müxbiri Lyse Doucet Suriya müxalifətinin nümayəndəsi Yəhya əl-Aridi ilə görüşüb:

"Bizə deyilənə görə, müzakirələr vasitəçilərin yardımı ilə keçiriləcək. Biz bu görüşün məqsədinə çatmağa cəhd göstəririk: atəşkəs barədə razılaşmanın təsdiqi, mühasirənin ləğv edilməsi, həbs edilənlər və girovların azad edilməsi və humanitar yardımın çatdırılması."

"Demək olmaz ki, indiki danışıqlar, razılaşma əldə etmək üçün Cenevrə görüşündən yaxşı fürsətdir. Lakin bu görüş dinc siyasi həll prosesinə uyğun olaraq, 2012-ci il Cenevrə bəyannaməsi üçün yaxşı töhfədir", Yəhya əl-Aridi deyib.

"İnsani aspektlər də müzakirə olunacaq. Əslində, humanitar məsələlərdə anlaşma - danışıqların uğurlu və ya uğursuz olduğunu göstərir, çünki Suriyada hər iki tərəfdən insanlar əziyyət çəkir. Müəyyən siyasi məqsədlərə çatmaq üçün, hakimiyyəti əldə saxlamaq xatirinə dinc sakinləri girova çevirmək yolverilməzdir, - Suriya müxalifətinin nümayəndə heyətinin nümayəndəsi bildirib.

Rusiyanın sözçüsü Alexander Lavrentyev bazar günü bildirib ki, müharibə tərəflərinin nümayəndələrinin təkbətək və ya vasitəçilərin köməyi ilə görüşəcəyini bəlli deyil.

Təşkilatçılar danışıqlarda irəliləyiş gözləntilərini aşağı həddə saxlayıb.

Yeni tənlik

Lyse Doucet, BBC-nin Astanadakı müxbiri

Fotonun müəllifi AFP

"Hələbdən başlayaraq hər şey dəyişdi," son bir neçə il ərzində Suriya ilə məşğul olan bir Qərb diplomatı deyir: "Yeni tənlik var".

Dekabr ayında Hələbdə müxalifətin acı məğlubiyyəti onların iri şəhərlərində prezident Bəşər Əsədlə mübarizəsinin dayaq məntəqələrini zəiflədib.

Və daha bir oyun-dəyişən var. Pərdə arxasında Türkiyənin paytaxtı Ankarada yeni Rusiya-Türkiyə alyansı Suriyanın ikinci şəhəri üçün son döyüş ətrafında sövdələşmə qurub.

İndi isə bu müharibədə həmişə müxtəlif tərəflərdə olan iki müttəfiq Suriyanın geosiyasi xəritəsini dəyişdirməyə ümid edir.

Bu barədə daha geniş