Britaniya mətbuatı: Rusiya və Türkiyə İranı Suriyadan uzaqlaşdırmaq istəyirlər?

Astanada keçirilmiş Suriya danışıqlarında Rusiya və Türkiyənin mövqelərinin daha da yaxınlaşması hiss olunub. Fotonun müəllifi Getty Images
Image caption Astanada keçirilmiş Suriya danışıqlarında Rusiya və Türkiyənin mövqelərinin daha da yaxınlaşması hiss olunub

The Guardian" qəzetində mükafatlı jurnalist Martin Çulov yazır ki, Astanada keçirilmiş Suriya danışıqlarında Rusiya və Türkiyənin mövqelərinin daha da yaxınlaşması hiss olunub.

Məqalədə deyilir ki, danışqılar yumşaq deyilsə, elə də ciddi bir nəticə verməsə də, bir məsələyə tam aydınlıq gəlib: Suriya müharibəsinin əsas iştirakçısı olan Rusiya bu münaqişənin başa çatdırılmasını həqiqətən də istəyir və bu yolda əlindən gələni əsirgəməyəcək.

İkinci aydın olan məsələ isə bundan ibarətdir ki, Əsəd rejimi döyüş meydanlarında qalib gəlsə də, "diplomatik dili" kifayət qədər qısadır.

"The Guardian" yazarının qənaətinə görə Rusiyanın Bəşər əl-Əsədin taleyi barədə son söz deyəcəyi gün yaxınlaşır.

Məqalədə deyilir ki, Əsəd qoşunları Hələb şəhərini İranın dəstəyi ilə geri aldıqdan sonra istər-istəməz Rusiya və Türkiyənin münasibətlərində yaxınlıq yaranıb.

Əslində Rusiya ilk dəfə olaraq Astanada Əsəd rejiminin nümayəndələrinə təpinib. Rəsmi Dəməşq bu görüşdə Vadi Barada üzərinə hücumun əl-Qaeda tərəfindən aparıldığını bildirsə də, Rusiya tərəfi deyib ki, atəşkəsi Suriya müxalifəti yox, İran və Suriya qüvvələri pozublar.

Bundan başqa, Rusiya Suriya rəsmilərinin terrorçu adlandıqları iki qruplaşmanı aşırı şəkildə "legitimləşdirməyə" çalışıb. Bunlar Əhrar əş-Şəm və Ceyş əl-İslam qruplaşmaları olmaqla silahlı müxalifətin özəyini təşkil edirlər.

Həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz ölkəsinin Suriyaya müdaxiləsi barədə ilk dəfə tam çılpaqlığı ilə danışaraq Moskvanın köməyini Əsədin başına qaxıb. Lavrov deyib ki, 2015-ci ildə Putin Rusiya qoşunlarını Suriyaya göndərməsəydi, Əsəd üç həftədən sonra devriləcəkdi.

Burada verilən kollekrtiv mesaj tam aydındır, "The Guardian" yazır. Ölkəni zəbt etdikdən və müxalifəti bombardmanla danışıqlar masası arxasına oturtduqdan sonra Putin indi özünün şeypur kimi çalacağı nəticə istəyir.

Bu, həm də Putinin yeni qlobal nizam düzəltmək arzularının təntənəsi olardı.

Rusiya rəsmiləri inanırlar ki, ABŞ prezidenti Donald Trump özünün Yaxın Şərq siyasətini yalnız İsraili qorumaq kimi minimum çərçivədə quracaq. Onlar həm də düşünürlər ki, Suriyaya çox da maraq göstərməyən yeni ABŞ prezidenti münaqişəni tamamilə Rusiyanın öhdəsinə buraxacaq.

"The Guardian" yazır ki, Rusiyanın Türkiyə ilə təmir edilmiş münasibətləri Astanada daha da möhkəmlənib. Əslində, Rusiyanın Əhrar əş-Şəm qruplaşmasını "rəsmiləşdirməsi" Ankaranın ürəyindən olub.

Türklər hələlik kürdləri danışıqlar prosesindən kənarda saxlayıblar və Əsədin devrilməsini artıq gündəliyin birinci məsələsi hesab etmirlər.

Məqalədə deyilir ki, Rusiyanın Astanada İranla eyni mövqedən çıxış etməsi Suriyada tamamilə fərqli postmüharibə vəziyyəti yarada bilərdi.

Türkiyə Suriya münaqişəsinə İranın həddindən artıq "ideoloji müdaxiləsindən" təngə gəldiyini hiss etdirir. İran isə öz növbəsində Türkiyəni cihadçılara dəstək verərək münaqişəni daha da qızışdırmaqda günahlandırır.

"The Guardian" yazır ki, yekun bəyannaməsini nə Əsəd rejimi, nə də müxalifət imzalamayıblar.

Lakin bunun indi əhəmiyyəti çox azdır. Hakimiyyətin də, müxalifətin də innən belə döyüşməsinə az meydan var. Onları dəstəkləyən regional güclər də münaqişəni körükləmək istəmirlər. Suriya müxalifəti bilir ki, onun Suriya üzərində nəzarəti ələ almaq planları iflasa uğrayıb. Əsədsə bilir ki, qələbəni onun əvəzinə qazanmış Rusiya onun öz məsələsini də özü həll etmək istəyir.

Avropa Parlamentinin keçmiş başçısı Schulz Merkelə qarşı

Fotonun müəllifi Sean Gallup

"The Telegraph" qəzetinin Berlin müxbiri Justin Huggler yazır ki, Avropa Parlamentinin keçmiş ziddiyyətli prezidenti Martin Schulz Almaniya seçkilərində Angela Merkelə meydan oxumaq niyyətindədir.

Hazırkı vise-kansler Sigmar Gabriel bu günlərdə bəyan edib ki, mərkəz-solçu Sosial Demokrat Partiyasının (SPD) liderliyindən gedir və seçkiyə qatılmayacaq. Bu öz növbəsində seçkiyə Martin Schulz-un qatılmasına imkan yaradır.

"The Telegraph" yazır ki, cənab Martin Schulz qatı avropapərəstdir və onun Almaniyanın kansleri olması ölkə üçün həlledici vaxta təsadüf edə bilər.

Sigmar Gabriel artıq partiya rəhbərliyinə cənab Schulz-u tövsiyə edib.

Cənab Gabriel Almaniyanın Stern jurnalına deyib ki, Martin Schulz kifayət qədər güclü namizəddir.

Lakin "The Telegraph" müxbiri hesab edir ki, cənab Schulz Merkelə meydan oxumaq üçün hələ çox iş görməlidir. Hazırda xanım Merkelin hakim Xristian Demokrat Partiyası (CDU) rəy sorğularında 33, 5 faizlə irəlidədir.

İndilik SPD hakim koalisiyaya daxildir və 21 faiz populyarlıqla hər hansı gələcək koalisiya üçün real namizəd ola bilər.

İfrat sağçı Almaniya üçün Alternativ Partiyası (AfD) 13, 5 faizlə 3-cü yerdədir.

Lakin digər mühüm bir faktor bundan ibarətdir ki, cənab Schulz daxili rəy sorğularında Gabriel-dən daha populyardır.

Ötən ay keçirilmiş rəy sorğuları göstərib ki, almanların 57 faizi xanım Merkelə, 19 faizi isə Gabriel-ə səs verə bilər.

Lakin bu tənliyə cənab Schulz-u daxil etdikdə nisbət əhəmiyyətli dərəcədə, daha dəqiq deyilsə 43-36 faizə dəyişir.

Burası da var ki, Almaniya prezident yox, parlament ölkəsidir və bu ölkədə seçkinin proporsionallığına görə kansler olmaq üçün mütləq koalisiya təşkil etmək lazım gəlir.

Buna görə də Schulz reallıqda yalnız Yaşıllar və Sol Partiya ilə koalisiyada kansler ola bilər. Bu isə Almaniyanı əhəmiyyətli dərəcədə sola çəkərdi.

İnsan dərisi çap edən printer icad olunub

"The İndependent" yazır ki, bioloqlardan ibarət alimlər qrupu insanın canlı və funksional dərisini sözün əsl mənasında çap edə biləcək 3D bioprinteri hazırlayıb.

İspaniyanın Carlos III de Madrid adına Universitetinin Enerji, Ətraf Mühit və Texnologiya Mərkəzi ilə, Hospital General Universitario Gregorio Marañón xəstəxanası bildiriblər ki, alimlərin laboratoriyada yetişdirdiyi dəri, od, kimyəvi maddə və ya kosmetik vasitələrlə yanıb sıradan çıxmış dərinin əvəz edilməsi üçün istifadə oluna bilər.

Əsl insan dərisində olduğu kimi süni dərinin də epidermisə bənzər xarici qatı və daha qalın alt və ya dermis qatı var. Süni dəri kollagen istehsal edən fibroblast hüceyrələrdən hazırlanıb.

Alim Juan Francisco del Cañizo deyib ki, süni dərinin normal funksiyası göstərməsi onu təşkil edən komponentlərin düzgün qarışığının hazırlanmasından asılıdır.

3D printerində çap olunacaq dərinin materialları pasientin öz sağlam dəri materiallarından götürülür.

Bu metod dəri materialının sənaye məqsədilə istənilən həcmlərdə çapına imkan açır.