Nardaran hadisəsində təqsirləndirilənlərə hökm oxunub

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Nardaran işi: Məhkumların yaxınları danışır

Bakı Ağır Cinayətlər Məhkəməsinin çərşənbə günü verdiyi hökmə əsasən, Taleh Bağırzadə və Abbas Hüseynova 20, Fuad Qəhrəmanlıya 10, Rasim Cəbrayılova 17 il həbs cəzası verilib.

Taleh Bağırzadə və Abbas Hüseynov həbslərinin ilk 7 ilini qapalı rejimli həbsxanada çəkəcəklər.

Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisəsində təqsirləndirilənlərin məhkəməsi başa çatıb.

Hökmün oxunmasından sonra BBC Azərbaycancaya verdiyi müsahibədə, Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə məhbusların həbsdən qorxmadıqlarını və bu səbəbdən qərarın "hakimiyyətin məğlubiyyəti" olduğunu deyib.

"Onlar heç cürə bu insanların əqidəsinə mubarizələrinə qarşı dura bilməzlər", o əlavə edib.

Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur ədalətli qərar gözləmədiyini, lakin Taleh Bağırzadənin ömürlük azadlıqdan məhrum edilmə tələbinin 20 il həbs cəzası ilə əvəzlənməsini "müəyyən mənada qələbə hesab" etdiyini deyib.

Image caption Nardaran məhbuslarının qohumları. Fuad Qəhrəmanlının yat yoldaşı (soldan üçüncü ) Zümrüd Yağmur və Taleh Bağırovun həyat yoldaşı (sağdan üçüncü) Leyla İsmayılzadə

Nardaranda ötən ilin noyabr ayında keçirilən əməliyyatdan sonra saxlanılan Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərə qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülüb.

Əməliyyat vaxtı baş vermiş silahlı qarşıdurmada ikisi polis əməkdaşı olmaqla, 6 nəfər öldürülüb.

Image caption Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında çoxsaylı polis avtomobilləri dayanıb

Bu barədə daha geniş