Britaniya mətbuatı: Ağ Ev “ağ yalan” danışır?

Fotonun müəllifi Getty Images
Image caption Amerika prezidentlərinin tarixində ən az adamın gəldiyi inaqurasiya mərasimi barədə Sean Spicer (solda) deyib ki, "bu ən böyük izdiham idi".

Ağ Ev "ağ yalan" danışır?

"The Guardian" qəzetində Jon Swaine yazır ki, Donald Trump-ın prezidentliyinin ilk günündən o və onun Ağ Ev administrasiyası ictimaiyyətə "həyasızcasına" ağ yalan danışmaqda ittiham ediliblər.

Məqalədə deyilir ki, Amerikada Vyetnam müharibəsindən bəri ən böyük etiraz aksiyasından silkələnmiş Trump administrasiyası ilk iş həftəsinə bu etirazların miqyasını danmaqla başlayıb.

Trump-ın mətbuat katibi Sean Spicer Ağ Evdə keçirilən ilk mətbuat konfransında jurnalistlərin üstünə qışqıraraq onları inaqurasiyanı "bilərəkdən saxtakarlıqla işıqlandırmaqda" ittiham edib.

Amerika prezidentlərinin tarixində ən az adamın gəldiyi inaqurasiya mərasimi barədə Spicer deyib ki, "bu ən böyük izdiham idi".

Mətbuat katibi bu bəyanatı verərkən bütün rəsmi statistika rəqəmlərini və havadan çəkilən fotoları inkar edib.

Ağ Evin vəzifəli katiblərindən Kellyanne Conway NBC-yə deyib ki, Spicer "alternativ faktlardan" danışıb. "The Guardian" yazır ki, ictimaiyyət "alternativ faktlar" ifadəsini böyük təəccüblə qarşılayıb.

Halbuki bütün ABŞ boyunca Trump-a etiraz edən "qadın yürüşlərində" 2, 6 milyon insan iştirak edib, "The Guardian" yazır.

Təkcə Washington-un küçələrində həmin gün milyon nəfər olub. Yüz minlərlə insan isə Trump-a New York, Los Angeles, Chicago və Boston-un küçələrində etiraz edib.

Washington şəhər metro sisteminin verdiyi məlumata görə şənbə günü yeraltı nəqliyyatdan 1 milyondan artıq insan istifadə edib, halbuki inaqurasiyanın keçirildiyi cümə günü üçün bu rəqəm 570 min idi və bunların heç də hamısı inaqurasiyaya tələsmirdi.

Amma bazar günü, Trump etiraz aksiyalarının əhəmiyyətini azaltmağa çalışıb və deyib ki, "görəsən bunlar səsvermədə niyə iştirak etməyiblər?"

"The Guardian" yazır ki, Trump-ın belə davranışı bir sıra siyasətçilər tərəfindən tənqid edilir.

Demokrat konqresmen Adam Schiff deyib ki, hələ administrasiya aksiya iştirakçılarının sayı ilə bağlı bu cür həccətləşir, görün indi onun iqtisadi siyasəti ilə bağlı tənqidlər səslənəndə nə olacaq?

"O öz xeyrinə olmayan hər bir şeyi "yalan" adlandıracaq" - deyib konqresmen.

Bəziləri isə düşünürlər ki, tənqidlər çoxaldıqca Trump bir qədər özünü ələ alacaq.

Trump həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin binasında etdiyi çıxışında media təmsilçilərini "dünyanın ən yalançı adamları" adlandırıb.

Halbuki onca gün əvvəl onun özü yazdığı tvitdə ABŞ kəşfiyyatını nasist Almaniyasına bənzətmişdi.

Konqresdə Trump-ı dəstəkləyən millət vəkilləri isə deyirlər ki, bu hələ bir müddət belə olacaq.

Respublikaçı konqresmen Devin Nunes deyib ki, "prezidentin sadəcə olaraq kefi kökdür".

"The Guardian" yazır ki, Trump həm də onun əsas tənqidçiləri olan senatorlar McCain və Lindsey Graham-ın fikirlərini dəyişməsindən ruhlanıb.

Hər iki senator bildiriblər ki, Trump-ın dövlət katibliyinə namizədi Rex Tillerson-un Senatda təsdiq olunmasına maneçilik yaratmayacaqlar.

Lakin buna baxmayaraq Ağ Ev bir sıra başqa istiqamətlərdən də təzyiq altındadır.

Trump bundan əvvəl bütün biznesini oğlanlarına ötürdüyünü desə də, bunu təsdiq edən sənədləri hələ də təqdim etməyib.

Obama və George W Bush-un etika üzrə hüquqşünasları deyirlər ki, Trump və onun komandası artıq indidən konstitusiyanı kobud şəkildə pozurlar.

Ağ Evə ünvanlanmış petisiyanı artıq 200 min nəfər imzalayıb. Petisiyada Trump-dan özünün biznes üzrə vergi ödənişləri sənədlərini açıqlaması tələb olunur. Qanunla petisyalar 100 min imzanı keçəndən sonra Ağ Ev onlara rəsmi reaksiya verməlidir.

Lakin onun müşavirləri ABC-yə deyiblər ki, Trump bu sənədləri heç vaxt açıqlamayacaq.

Uzun danışıb, zaraftları şit olub…

"The İndependent" qəzetinin yazdığına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru John Brennan deyib ki, Donald Trump kəşfiyyatçıların qarşısındakı çıxışda etdiyi "biabırçı" və "yekəxana" şərhlərə görə "utanmalıdır".

Fotonun müəllifi TASOS KATOPODIS/AFP/Getty Images
Image caption John Brennan (sağdan ikinci) senatın Silahli Qüvvələr Komitə iclasında (10 yanvar 2017)

Donald Trump MKİ binasındakı çıxışını xidmətdə ikən həlak olmuş kəşfiyyatçıların xatirə divarı qarşısında edirdi.

O bu çıxışında etiraz aksiyalarına 1, 5 milyon yox, 250 min adamın çıxdığı barədə inadkar bəyanatlar verirdi.

Trump bildirirdi ki, onun guya ölkənin xüsusi xidmətləri ilə çəkişmədə olduğu barədə iddiaları "şərəfsiz media" uydurub və əslində "bu dünyada kəşfiyyatçıları onun qədər sevən yoxdur".

"Bu mənim indiyədək eşitdiyim ən başayaq nitqlərdən biri idi, - deyib ABŞ kəşfiyyatının vəzifəlilərindən biri "The Washington Post" qəzetinə, - O qısa danışa bilərdi. Deyə bilərdi ki, bura "körpü salmağa" gəlmişəm. Lakin o bu barədə cəmi 10 saniyə danışdı. Çıxışının qalan hissəsini etiraza çıxanların sayı barədə söz-söhbətə həsr etdi".

"The İndependent" yazır ki, ABŞ-ın kəşfiyyat icmasında Trump-ın çıxışını inamsızlıqla qarşılayıblar və hətta təhqir hesab ediblər.

CNN telekanalına danışan keçmiş MKİ vəzifəlisi Jim Sciutto deyib ki, bu çıxış hətta bir qədər ədəbsiz səsləndi.

Jim Sciutto deyir ki, ona bir çox kəşfiyyat peşəkarlarından email və SMS-lər gəlir.

Peşəkarlar deyirlər ki, çoxlarının adları indiyədək naməlum olan 117 ulduzlu o şərəf lövhəsinin qarşısında belə çıxış etmək olmazdı.

Peşəkarlar yazırlar ki, Trump-ın zarafatları da şit səslənirdi.

Ayda pivə bişirəcəklər?

"The Telegraph" yazır ki, bu ilk baxışdan bir qədər elmi görünməyə bilər, lakin alimlər Ayda pivə bişirməyin mümkün olub-olmadığını yoxlamaq istəyirlər.

California Universitetinin alimləri pivə tənəkəsi boyda modulu orbitə bu ilin sonlarında uçacaq Hindistan kosmik gəmisi ilə çıxarmaq istəyirlər.

Fotonun müəllifi Getty Images

Alimlər qeyd edirlər ki, mayanın özünü Ay şəraitində necə aparmasını bilmək son dərəcə mühümdür. Bu ona görə lazımdır ki, gələcək uzunmüddətli uçuşlarda çörək kimi mühüm ərzaqların hazırlanmasının mümkünlüyü öyrənilsin.

Lakin alimlər bu təcrübə zamanı fermentasiya ilə karbonasiyanı ayrı-ayrı mərhələlərdə yox, bir mərhələdə həyata keçirməyi düşünürlər. Yer şəraitində pivənin çəkilməsi bu iki prosesin ayrı-ayrılıqda aparılmasını nəzərdə tutur.

Lakin kosmosda da eyni üsuldan istifadə kosmik gəmi üçün təhlükə yaradardı.

Alimlər komandasının mexanika üzrə başçısı Srivaths Kaylan deyib ki, onların konteyneri üç kameradan ibarət olacaq. Üst kamera fermentasiya olunmamış pivə ilə dolduralacaq. İkinci kameraya maya yerləşdiriləcək.

"Gəmi Aya enən kimi iki kamera arasındakı klapan açılacaq və maya ilə pivə bir-birinə qarışacaq - deyib alim, - Elə ki, maya öz işini gördü, ikinci klapan açılaraq hazır məhsulu üçüncü - boş kameryaya tökəcək".

TeamIndus adlı kosmik gəmiyə dekabrın 28-də start veriləcək.

Bu barədə daha geniş