ABŞ senatının komitəsi Tillerson-un dövlət katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Rex Tillerson Fotonun müəllifi Getty Images
Image caption Donald Trump 2016-ci il dekabrın 13-də Rex Tillerson-u dövlət katibi vəzifəsinə namizəd elan edib

ABŞ senatının xarici işlər üzrə komitəsi Rusiya ilə biznes əlaqələrinin olmasına görə narahatlığa baxmayaraq Exxon Mobil neft şirkətinin keçmiş rəhbəri Rex Tillerson-un dövlət katibi vəzifəsinə namizədliyini dəstəkləyib.

Səsvermə zamanı komitədə olan senatorların fikirləri partiya mənsubiyyəti üzrə fərqli olub, yəni 11 respublikaçı Tillerson-un leyhinə, 10 demokrat senator isə əleyhinə səs verib.

İndi Tillerson bu vəzifəyə təyin edilmək üçün bütün palatanın dəstəyini qazanmalıdır. Daha dəqiq o 100 səsdən azı 51-ni toplamalıdır.

Respublikaçılar senatda əksəriyyət, yəni 52 səsə malikdir. Bir neçə nüfuzlu respublikaçı, o cümlədən, senatorlar John Mccain, Lindsey Graham, Marco Rubio əvvəllər Tillerson-un namizədliyini tənqid ediblər, lakin sonda onu dəstəkləmək qərarına gəliblər.

Xarici işlər üzrə kabinetdə demokratik azlığın başçısı senator Ben Cardin əvvəllər qeyd edib ki, Tillerson-un biznesə yanaşması dövlət katibi qismində onun işinə mənfi təsir göstərə bilər. Cardin, həmçinin Tillerson-un Rusiya ilə münasibətindən narazıdır.

Plenar iclasda Tillerson-un namizədliyi üzrə səsvermənin gələn həftədən tez olmayaraq baş tutması gözlənilir.

Exxon Mobil-in başçısı olaraq Tillerson dəfələrlə Rusiyada olub, ölkə rəhbərliyi ilə əlaqə saxlayıb, hətta 2013-cu ildə Rusiya prezidentinin əlindən Xalqlar Dostluğu Ordenini alıb.

Donald Trump Rex Tillerson-u 2016-ci il dekabrın 13-də dövlət katibi vəzifəsinə namizəd elan edib.

Yanvarın 11-də Tillerson nitq söyləyərkən, Rusiyanın təhlükə daşıdığını deyib, eyni zamanda Moskva ilə "təmiz və açıq" dialoqa çağırış edib.

Bu barədə daha geniş