Şərqi Avropalı hakerlər Tayvanda 34 bankomatı soyub

First Bank bankomatı Fotonun müəllifi Reuters
Image caption İnsidentdən sonra Tayvanda mindən çox bankomat fəaliyyətini dayandırıb

Şərqi Avropa vətəndaşı olan 3 nəfər Tayvanda 5 il həbs cəzasına məhkum edilib. Onlar Taybey və Taycun şəhərlərindəki First Bank bankomatlarından 2,6 milyon dollar ekvivalentində pul oğurlamaqda ittiham olunurlar.

Məhkum olunanlar Latviya vətəndaşı Andreys Perequdovs, Rumıniya vətəndaşı Mixail Kolibaba və Moldaviya vətəndaşı Nikolay Penkovdur.

Oğurluq kompüter proqramları vasitəsilə həyata keşirilib.

Tayvan rəhbərliyinin məlumatına görə, məhkumlar ötən ilin yayında bankın sistemini viruslara yoluxdurmaq üçün onun London şöbəsindəki təhlükəsizlik tədbirlərinin aşağı olmasından istifadə ediblər.

Bu isə onlara bankomatlara yüklənən pulu çıxarmaq imkanı yaradıb. 34 bankomatı 10 dəqiqə ərzində boşaldan məhkumlar pulları böyük çantalarda aparıblar.

Bu işdə daha 19 nəfərin şübhəli qismində olduğu, lakin onların hadisədən sonra Tayvanı tərk etdiyi ehtimal olunur.

Tayvanda ilk dəfədir ki, bu məbləğdə pul hakerlər tərəfindən mənimsənilib. İnsidentdən sonra adada mindən çox bankomatın fəaliyyəti dayandırılıb.