Rusiya, İran və Türkiyə Suriyada atəşkəsin monitorinqi barədə razılığa gəlib

Staffan de Mistura Fotonun müəllifi AFP
Image caption Danışıqlarda BMT nümayəndəsi Staffan de Mistura da iştirak edib

Astanada İran, Rusiya və Türkiyə arasında keçirilən görüşdə Suriyada atəşkəs rejiminə nəzarət etmək və münaqişə edən tərəflərin təxribatının qarşısını almaq üçün üçtərəfli müşahidə mexanizminin yaradılması barədə razılıq əldə olunub.

Görüş iştirakçılarının yaydığı birgə bəyanatda, rəsmi Ankara, Tehran və Moskvanın Suriya müxalifətinin Dəməşqlə keçiriləcək növbəti danışıqlarda iştirak etmək niyyətini dəstəklədiyi bildirilib.

Astanda keçirilən görüşün iştirakçıları özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya və "Əl-Nüsra" qrupuna qarşı mübarizənin davam edəcəyinin təsdiqləyiblər.

"Biz Suriya Ərəb Respublikasının çoxmillətli, çox dinli bir ölkə kimi suverenliyi və ərazi bütövlüyü ideyasını dəstəkləyirik"-deyə bəyanatda bildirilib.

Suriyanın müxalifət nümayəndəsi İranın Suriya münaqişəsindəki rolundan bəhs edilmədiyinə görə, tərəflərin bəyanatından razı qalmadıqlarını açıqlayıb.

Astanada danışıqlar dünən səhər başlanıb. Danışıqlarda suriyalı döyüşçülərin nümayəndə heyəti masanın bir tərəfində, hökumət nümayəndə heyəti isə digər tərəfində əyləşib. Bu Suriya müxalifətinin silahlı qruplaşma təmsilçilərindən ibarət olan nümayəndə heyətinin iştirak etdiyi ilk danışıqlardır.

Danışıqlara Bəşər Əsəd rejimini dəstəkləyən Rusiya və İran, Suriya müxalifətini dəstəkləyən Türkiyə də qoşulub.

Danışıqlarda həmçinin BMT-nin xüsusi nümayəndəsi Staffan de Mistura və ABŞ-ın Qazaxısatandakı səfiri də iştirak edib.

Dəməşq nümayəndə heyətinin və silahlı müxalifətin eyni masada oturmasına baxmayaraq onlar birbaşa deyil, vasitəçilərin köməyilə danışıblar.

Qazaxıstandakı görüşlərin əsas məqsədi ötən ilin dekabrında Rusiya və Türkiyənin vasitəçiliyi ilə əldə olunan atəşkəsin möhkəmləndiliməsidir.

Hələ ki münaqişə edən tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham edir.

Bu barədə daha geniş