Meksika: "ABŞ-la sərhəddə tikiləcək divara görə vəsait ödəməyəcək"

Enrique Pena Nieto Fotonun müəllifi AFP
Image caption Prezident Enrique Pena Nieto: "Meksika divarlara inanmır".

Meksika prezidenti xalqa müraciətində bəyan edib ki, ölkə Donald Trump-ın sərhəddə tikmək istədiyi divara görə vəsait ödəməyəcək.

Enrique Pena Nieto jurnalistlərə bildirib ki, "Meksika divarlara inanmır".

Lakin o, ABŞ-ın yeni prezidenti ilə görüşmək üçün yanvarın 31-də Vaşinqtona səfərinin ləğv edilməsi və ya təxirə salınması barədə heç nə deməyib.

Cənab Trump "keçilməz fiziki baryer" üçün müvafiq sərəncam imzalayıb və təkid edir ki, Meksika buna görə ABŞ-a təzminat ödəyəcək.

Cənab Pena Nieto isə "mən dəfələrlə demişəm, Meksika heç bir divara görə vəsait ödəməyəcək", deyib.

Milyardlarla dollar

Cənab Trump ABC News televiziyasına müsahibəsində bildirib ki, Meksika "tamamilə, 100 faiz divarın xərclərini qarşılayacaq".

Lakin konqres struktur üçün maliyyələşməni təsdiq etməlidir, bu isə milyardlarla dollar dəyərində qiymətləndirilir.

Meksika ilə sərhəd boyunca 2 min mil uzunluğunda sədd çəkilməsi Donald Trump-ın prerzidentlik üçün seçki kampaniyasında əsas vədlərindən biri idi.

O, çərşənbə günü ABŞ-ın cənub sərhədində "böhrandan" danışıb və Milli Təhlükəsizlik İdarəsində mərasim zamanı sərəncamlar imzalayıb.

Qərarlarda, həmçinin, sərhəd gözətçilərinin səylərinin artırılmasına kömək etmək məqsədilə 10 min miqrasiya rəsmilərinin işə götürülməsinə çağırış edilib.

"Sərhədsiz millət millət deyil," deyə o qeyd edib, "Bu gündən etibarən Birləşmiş Ştatlar öz sərhədlərinə nəzarət etməyə geri qayıdır".

Növbədə isə cənab Trump-ın Yaxın Şərq və Afrikada müsəlman əhaliyə sahib olan yeddi ölkə ilə bağlı miqrasiya məhdudiyyətlərini elan etməsi gözlənilir. Bu qaçqınlarla bağlı proqramlara təsir edə bilər.

Ehtimal edilir ki, bu ölkələr Suriya, İraq, İran, Liviya, Sudan, Somali və Yəməndir.

Bu barədə daha geniş