Britaniya mətbuatı: Ərinin ikinci toyuna "od vuran" qadın edam edilib

Fotonun müəllifi Reuters

Türkiyə diplomatiyada qalib gəlir, döyüş meydanında ağır itkilər verir

"The İndependent" yazır ki, Türkiyə ordusu Suriyada Hələbdən şimaldakı əl-Bab şəhərini İslam Dövləti təşkilatının alindən almaq məqsədilə apardığı döyüşlərdə ağır itkilər verir.

Ankara bu kiçik şəhəri tez və asanca zəbt edəcəyinə inanırdı, lakin artıq indiyədək Türkiyə ordusu 47 hərbçisini və 11 tankını itirib. Bütün bunlara baxmayaraq, türklər İŞİD-in müqavimət xəttini yara bilməyiblər.

Türkiyə hərbiyyəsinin şimali Suriyaya Fərat Qalxanı kod adlı müdaxiləsi ötən avqustun 24-də başlanmış və yenə də ağır itkilərlə nəticələnmişdi.

Bu müdaxilə həm də mülkilər arasında böyük tələfatla nəticələnib. Suriyanın müstəqil mənbələri bildirirlər ki, Türkiyənin hücumu nəticəsində 77-si uşaq, 48-i qadınlar olmaqla 352 dinc sakin öldürülüb.

İŞİD-in təqdim etdiyi videodan görünür ki, əl-Babda bir vaxtlar 100 min əhalinin yaşadığı binalar yerlə yeksan edilib.

Türkiyə Suriya ərazisində kiçik zolağa sahiblənməyə can atır. Türklər əl-Babı ələ keçirməklə İŞİD-i Suriyanın şimalındakı son istehkamından məhrum etməli, habelə Suriya YPG kürd qüvvələrinin Kobani və Qamışlıdakı kürd ərazilərini Hələbin şimalındakı Afrinlə birləşdirməsinə yol verməməliydi.

Lakin heç də hər şey Türkiyənin planlaşdırdığı kimi rəvan və asan olmadı, çünki Ankara əl-Babdakı İŞİD cihadçılarının potensial müqavimət qüvvəsini düzgün hesablamamışdı. Türkiyə bu işdə əvvəlcə Azad Suriya Ordusuna və türkman qüvvələrinə arxayın olmuşdu. Bu əməliyyatda çox az sayda türk hərbçisi iştirak etməliydi.

Plan sanki başlanğıcda hətta işləmişdi. Fərat çayının Türkiyə ərazisinə keçdiyi yerdə olan Carablus tez bir zamanda ələ keçirilmişdi. Lakin nəzərə almaq lazımdır ki, İŞİD buranı müqavimətsiz tərk etmişdi. Cihadçıların böyük bir qismi isə saqqallarını qırxıb yerli əhaliyə qarışmışdı. Lakin əl-Babda vəziyyət tamam fərqli oldu. Burada Türkiyə öz əsgərlərindən istifadəyə vadar edildi.

Türkiyə rəhbərliyi bu uğursuzluğa görə ABŞ-ı dəstək verməməkdə ittiham etmişdi. Lakin ABŞ Türkiyənin YPG-yə qarşı yönəlmiş hücumlarına dəstək verə bilməzdi, çünki onları Vaşinqton dəstəkləyirdi. Bu ərazidə YPG-nin yaxşı təlim görmüş 25 min döyüşçüsü var. İndi Ankara ümid edir ki, Trump Suriya kürdlərini Obama administrasiyası qədər dəstəkləməyəcək.

İŞİD Türkiyə qoşunlarına sınaqdan çıxmış taktika ilə müqavimət göstərir. Burada söhbət intensiv intiharçı bomba basqınlarından gedir.

"The İndependent" yazır ki, Türkiyə ordusu nəinki əl-Bab şəhərini tam mühasirəyə ala bilməyib, o heç cihadçıların Raqqaya gedən təchizat yolunu da kəsə bilməyib.

Doğrudur, Türkiyə diplomatları Astanada keçirilən Suriya sülh danışqlarında uğurlar əldə edə biliblər, lakin əl-Bab yaxınlığındakı döyüş meydanlarda ordu bir metr də irəliləyə bilmir.

Vəziyyəti ağırlaşdıran bir də odur ki, Suriya qiyamçılarının iki ən qüdrətli qruplaşması Cəbhət Fateh əş-Şəm və İŞİD Astana danışqlarına dəvət olunmamışdı və deməli, atəşkəs razılaşması da onlara aid deyil.

İraq və Suriya hökumətlərinin nikbin bəyanatlarına baxmayaraq, İŞİD bir neçə cəbhədə uğurla müqavimət göstərmək qüdrətində olduğunu nümayiş etdirir.

Qruplaşma Mosulun qərb hissəsində, yəni 750 minlik əhali üzərində nəzarətini saxlayır, Palmiranı yenidən geri alıb və Suriya hökumətinin nəzarətində olan Deyr əz-Zaur üzərinə hücumlarını davam etdirir.

Fotonun müəllifi AFP

Küveytdə şahzadə, qulluqçu və "qısqanc qadın" edam edilib

"The Guardian" yazır ki, Küveyt yeddi məhbusu asmaqla edam edib. Onların arasında kral ailəsinin bir üzvü və 40 nəfərin qətlində ittiham edilən qadın da var.

Bu, son bir neçə ildə neftlə zəngin əmirliyin həyata keçirdiyi ilk edamlardır.

Dövlət Kuna xəbər agentliyinin verdiyi məlumata görə, çərşənbə günü edam olunanlardan biri banqladeşli, biri filippinli, biri efiopiyalı, ikisi küveytli və ikisi misirlidir.

Edamlar Küveyt əmiri Şeyx Səbah əl-Əhməd əs-Səbahın əmri ilə ölkənin mərkəzi həbsxanasında icra olunub.

Edam olunanlardan biri də Feysəl Abdullah əl-Caber əs-Səbahdır. O bilərkdən qətl törətməkdə və qanunsuz odlu silah saxlamaqda ittiham edilirdi.

Edam olunan ikinci küveytli Nəsra əl-Enezi olub. Bu qadın bilərəkdən qətl törətməkdə ittiham edilirdi və 2010-cu ildə ən yüksək cəzaya məhkum olunmuşdu.

Əl-Enezi 2009-cu ildə ərinin və onun ikinci arvadının toy çadırına od vurmaqda günahlandırılmışdı. O vaxt toy çadırında 40 nəfər yanaraq ölmüşdü.

Filippinin Xarici İşlər Nazirliyinin məlumatına görə Küveytdə edam edilmiş filippinli qadın Cakatiya Pava qulluqçuluq etdiyi evin qız övladının qətlinə görə məhkum olunmuşdu.

Pavanın qardaşı Gary Pava deyib ki, bacısı ona edamdan bir gün əvvəl zəng edərək vidalaşıb. O həm də qardaşından iki uşağına qayğı göstərilməsini xahiş edib.

Filippin prezidenti Rodrigo Dutertenin sözçüsü Ernesto Abella deyib ki, hökumət qadını edamdan xilas etmək üçün diplomatik səylər də daxil bütün mümkün cəhdləri edib.

Sözçü təəssüflə bildirib ki, Küveyt qanunlarına görə artıq edam cəzasını geri oxutmaq mümkün deyildir.

Rəsmi edam edilmiş qadının ailəsinə səbr diləyib.

Fotonun müəllifi Thinkstock

İtlər və pişiklər "bir ağıldaymış"

"The Telegraph" yazır ki, itlə pişiyin əsrlərdir yola getmədiyi kimi, onların sahibləri də mübahisələrini kəsmirlər: hansı heyvan daha ağıllıdır?

Lakin indi Yaponiya alimləri barışdırıcı nəticəyə gəliblər. Onlar müxtəlif yaddaş testlərindən sonra bildiriblər ki, həm pişiklər, həm də itlər eyni dərəcədə ağıllı heyvanlardır.

İndiyədək bəlli idi ki, itlər keçmişdə baş vermiş bəzi hadisələri yadda saxlaya bilirlər. Buna epizodik yaddaş da deyilir.

Lakin indi təcrübələr göstərib ki, pişiklər də 15 dəqiqəlik fasiləyə baxmayaraq hansı qabdakı yemi yeyib qurtardıqlarını, hansına isə hələ toxunmadıqlarını yadda saxlayıblar.

Bu da aşkar edilib ki, itlər kimi pişiklər də insanın bəzi jestlərini, üz ifadələrini və emosiyalarını başa düşürlər.

Kyoto Universitetinin professoru Saho Tagi deyib ki, həm itlər, həm də pişiklər yaxşı hadisələri xatırlamaqdan həzz alırlar.

Alim xatırladıb ki, epizodik yaddaş ağıl funksiyasının mövcudluğunu göstərir.

Alimlər həm də bu qənaətdədirlər ki, pişiklər təcrübə zamanı aşkarlanmış müddətdən daha uzun vaxt üçün yaddaşa malik ola bilərlər.

Saho Takaginin fikrincə, bu araşdırmanın praktik faydası ola bilər.

"Pişikləri anlamaqla insan onlarla daha dərin ünsiyyət qura bilər - deyib alim, - Adamların itləri daha ağıllı heyvan hesab etməsinə baxmayaraq, pişiklər də itlər qədər ağıllıdır".

Yale Universitetindən professor Laurie Santos isə deyir ki, indi pişik yaddaşının müddətini daha dəqiq hesablamaq məqsədli tədqiqatlar aparıla bilər.

Ötən il Macarıstan alimləri bu nəticəyə gəlmişdilər ki, itlər sahiblərinin hərəkətlərini yadda saxlaya bilirlər, hərçənd təcrübə vaxtı onlara belə bir komanda verilməmişdi.