Trump işgəncənin kəsərli üsul olduğuna inandığını deyib

Donald Trump Fotonun müəllifi AFP

ABŞ prezidenti Donald Trump "biz düşmənlə onun öz üsülları ilə döyüşməliyik" deyərək, su ilə işgəncənin kəsərli üsul olduğuna inandığını deyib.

Cənab Trump yaxın şərqdə radikal qrupların insanları edam edən halda "biz eyni səviyyədə vuruşmuruq" deyib.

ABŞ lideri müdafiə katibi James Mattis və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mike Pompeo ilə məsləhətləşəcəyini deyib. "Onlar bunu etmək istəməsələr etmərik", Donald Trump əlavə edib.

Cənab Mattis və cənab Pompeo su ilə işgəncə metodunun tərəfdarı olmadıqlarını deyiblər.

Sabiq MKİ direktoru Leon Panetta deyib ki, işgəncəyə doğru "geriyə addım atmaq böyük səhv olar".

Fotonun müəllifi Getty Images

Su ilə işgəncə nədir?

Bu işgəncə vaxtı işgəncə verilən şəxsdə boğulmaq hissi yaranır.

İşgəncə verilən şəxs üzüaşağı şəkildə bir taxtaya bağlanılır və ağzının üstündə bir parça əski yerləşdirilir. Daha sonra onun uzune su tökülür və bu ağ ciyərlərinin su ilə dolduğu hissiyatını yaradır.

Hazırda ABŞ-da su ilə işgəncə üsullarının tətbiqi rəsmi şəkildə qadağan edilib.

Donald Trump seçki kampaniyasının gedişatında demişdir ki, belə üsulların bərpa ediləcəyini istisna etmir.