Meksika ABŞ-ın sərhəd divarı üçün verginin artırılması planını qınayır

ABŞ- Meksika sərhədi Fotonun müəllifi Getty Images
Image caption ABŞ və Meksika arasında bəzi sərhəd yerlərində divar artıq mövcuddur

Meksika ABŞ-ın, prezident Donald Trump-ın planlaşdırdığı sərhəd divarının tikilişinə pul ödənilməzsə, Meksikadan idxal edilən məhsullara 20% vergi tətbiq edilməsi təklifini pisləyib.

Xarici işlər naziri Luis Videgaray-ın sözlərinə görə, belə vergi Meksikadan idxal edilən məhsulları ABŞ-da bahalaşdıra və nəticədə, onlar divar haqqını ödəməli olarlar.

Meksika prezidenti bundan əvvəl, sərhəd divarının tikintisinə kimin pul ödəməsinə dair mübahisələrə görə ABŞ-a səfərini təxirə salıb.

Planlaşdırılan divar cənab Trump-ın seçki kampaniyasının əsas vədlərindən biri idi.

Bu həftənin əvvəlində prezident, ABŞ-Meksika sərhədi boyunca 3,200 kilometrlik divar tikilməsi haqqında sərəncam imzalayıb.

Cümə axşamı çıxış edən cənab Videgaray bildirib: "Meksikadan ABŞ-a idxal edilən məhsullara vergini artırmaq Meksikanı divar haqqını ödəməyə məcbur etmək yolu deyil, əksinə şimali amerikalı istehlakçılarının avokado, paltaryuyan maşın və televizor kimi məhsulları daha baha almasıdır."

O, həmçinin qeyd edib ki, cənab Trump-ın divarı üçün pul ödəmək Meksika üçün "danışıqlar mövzusu deyil".