Britaniya mətbuatı: Axirət saatında dünyanın axırına "2 dəqiqə yarım qalır"

Fotonun müəllifi AFP/Getty
Image caption Theresa May ABŞ prezidenti Donald Trump-ın görüşdüyü ilk xarici ölkə lideridir

ABŞ və Britaniya daha "İraqsayağı müharibələr" etməyəcəklər

"The Telegraph" qəzetinin yazdığına görə, Britaniyanın hazırda ABŞ-da səfərdə olan baş naziri Theresa May işarə edib ki, ABŞ və Britaniya bundan sonra da dünyanı öz təsəvvürlərindəki kimi qurmaq məqsədilə keçmişdə etdikləri səhvləri təkrarlamayacaqlar.

Məqalədə deyilir ki, bununla xanım May-in İraq və Əfqanıstan müharibələrini nəzərədə tutduğu düşünülür və bu, faktiki olaraq, son 20 ildəki Britaniya xarici siyasətinin radikal dəyişməsi deməkdir.

Theresa May ABŞ prezidenti Donald Trump-ın görüşdüyü ilk xarici ölkə lideridir.

May deyib ki, Britaniya və Amerika indi yeni xüsusi münasibətlər quracaqlar və bu münasibətlər Çin və Hindistan kimi iqtisadiyyatların "Qərbi kölgədə" qoymasına imkan verməyəcək.

Buna baxmayaraq iki liderin mövqelərində fərqlər də hiss olunub.

Xanım May işgəncələrdən istifadəni kəskin pisləyib və bildirib ki, Trump-ın bəzi işgəncə növlərini dəstəkləməsi London-un bir sıra kəşfiyyat məlumatlarını ABŞ-la paylaşmasına mane olacaq.

Theresa May Trump-ın prezident seçilməsini "Amerika üçün yeni eranın dan yeri" adlandırıb.

Britaniya baş naziri bildirib ki, London və Washington xarici siyasət məsələlərində eyni maraqlar və dəyərləri müdafiə mövqeyindən çıxış etməli olduqlarına inanır.

"Lakin bu bizim keçmişin uğursuz siyasətlərinə qayıdışımız deyil. Britaniya və Amerikanın dünyanı öz təsəvvürlərinə uyğun şəkildə qurmaq məqsədilə suveren ölkələrə müdaxilə etdiyi vaxtlar arxada qalıb. Lakin eyni zamanda bu o demək deyildir ki, biz təhlükə real olanda müdaxilə etmədən fəaliyyətsiz qala bilərik" - deyib May.

"The Telegraph" yazır ki, Theresa May-in bu bəyanatı cənab Trump-ın inaqurasiya nitqində dedikləri ilə səsləşir. Trump demişdi ki, "biz öz həyat tərzimizi başqalarına sırımayacağıq, lakin onu nümunə kimi parladacağıq".

Trump və Putin arasında pozitiv münasibətlərin olmasına baxmayaraq, Britaniya naziri çıxışında Rusiyanı tənqiddən çəkinməyib.

O həmçinin İranın Yaxın Şərqdəki neqativ təsirini diqqətdən buraxmamağa çağırıb.

May deyib ki, Soyuq müharibəyə qayıtmaq qaçılmaz deyildir, lakin Rusiya ilə güc mövqeyindən danışılmalıdır.

"Biz xüsusilə də Krımın qanunsuz ilhaqından sonra Rusiyanın qonşusu olan ölkələrə zəmanət verməliyik ki, onların təhlükəsizliyi sual altında deyildir" - deyib xanım May.

"Biz prezident Putinin buranı öz nüfuz dairəsi saymasını iddia etməsinə baxmayaraq, prezident Reagan-ın və xanım Thatcher-in Şərqi Avropaya gətirdiyi azadlığı təhlükəyə atmamalıyıq" - deyib baş nazir.

Londonun "Əsəd siyasəti" də dəyişir

Image caption "Bu bizim mövqeyimizdir ki, Əsəd getməlidir.... Lakin biz bu gedişin necə və hansı vaxt kəsimində baş verməsi barədə real düşünməliyik." - Boris Johnson deyib

"The Guardian" yazır ki, Britaniyanın xarici işlər naziri Boris Johnson öz ölkəsinin Suriya siyasətinin dramatik şəkildə dəyişdiyinin siqnalını verib. O deyib ki, Suriyada sülh bərqərar edilərsə, hazırkı prezident Bəşər Əsədə təkrar seçkiyə namizəd kimi qatılmaq imkanı yaradılmalıdır.

Bundan əvvəl Londonun tələbi Bəşər Əsədin hakimiyyəti dərhal tərk etməsi idi. Britaniya liderləri bildirirdilər ki, Əsəd hakimiyyətdə qaldıqca Suriyada sülhün bərqərar edilməsi mümkün olmayacaq.

Britaniya baş naziri Theresa May-in ABŞ-da prezident Trump-la danışıqlarının ərəfəsində fikir bildirən xarici işlər naziri etiraf edib ki, Trump-ın prezident seçilməsi bütün tərəflərin öz mövqeləri barədə yenidən düşünmələrini tələb edir.

"Bu bizim mövqeyimizdir ki, Əsəd getməlidir. Bu, uzun müddət bizim mövqeyimiz olub. Lakin biz bu gedişin necə və hansı vaxt kəsimində baş verməsi barədə real düşünməliyik." - deyib Boris Johnson Lordlar palatasının beynəlxalq əlaqələr komitəsində.

Nazir bildirib ki, Suriyada hərbi-siyasi mənzərənin dəyişdiyi nəzərə alınmalıdır.

"Düzünü desəm, köhnə siyasət etimad doğrultmur" - deyib Johnson.

"The Guardian" yazır ki, "dəyişən mənzərə" dedikdə xarici işlər nazirinin müxalifətin Hələbdəki məğlubiyyətini, Trump-ın Rusiya ilə münasibətləri yenidən qurmaq əzmini və Türkiyənin Moskva ilə yaxınlaşmasını nəzərdə tutduğunu düşünmək olar.

O deyib ki, biz uzun müddət "Əsədin getməli olduğunu mantra kimi təkrarlasaq da, bu, baş verməyib".

Johnson bunu da əlavə edib ki, Trump administrasiyasının Suriyaya dair Rusiya ilə hər hansı anlaşmasında Əsədin ikinci müttəfiqi İran da yer almalı olacaq.

Bununla belə, Johnson bunu da bildirib ki, İranın regiondakı hegemonluğunun artmasını istəməzdi.

Boris Johnson hələ bir neçə həftə bundan əvvəl ağıla belə gəlməyini də deyib. O bildirib ki, Britaniya özünü İslam Dövləti adlandıran qrupun məğlub edilməsində Rusiya ilə əməkdaşlıq edə bilər.

O deyib ki, belə əməkdaşlıq, sonunda Əsədin vəzifədən getməsini və İranın nüfuzunun daha geniş əraziyə yayılmamasını nəzərdə tutmalıdır.

Johnson deyib ki, "Rusiya ilə danışmaq lazımdır, biz onları daim özümüzdən kənara itələyə bilmərik".

"Biz mütləq bilməliyik ki, Ağ Evin istədiyi nədir. Biz burada oyunun necə başa çatacağını bilməliyik. Biz bu söhbətin formalaşmasında iştirak etməliyik və xüsusilə də İran kimi narahatlıqlarımızı çatdırmalıyıq" - deyib Britaniya xarici işlər naziri.

Johnson bunu da vurğulayıb ki, xanım May Trump-la danışıqlarında NATO-nun mühümlüyünü "bu adın baş hərfləri" ilə təsdiqləməlidir.

O həmçinin deyib ki, xanım May, Trump-ı və ABŞ Konqresini İranla nüvə sazişinin saxlanmasının zərurətinə inandıra biləcək.

Axirət saatında son iki dəqiqə

Fotonun müəllifi Getty Images
Image caption Axirət Saatı İkinci Dünya Müharbəsi zamanı ilk atom bombasının yaradılmasından sonra hazırlanıb

"The İndependent" yazır ki, indi bəşəriyyət dünyanın axırından cəmi iki dəqiqə yarımlıq məsafədədir.

Axirət Saatında edilmiş bu dəyişiklik o deməkdir ki, dünya 1953-cü ildən bəri öz tarixinin ən təhlükəli anına çox yaxınlaşıb.

Bu simvolik saatdakı dəyişikliyi Bulletin of the Atomic Scientists məcmuəsinin ekspertləri edirlər.

Təşkilata rəhbərlik edən Lawrence Krauss və David Titley-nin sözlərinə görə Axirət saatının daha yarım dəqiqə gecəyarısına yaxınlaşdırılmasının iki mühüm səbəbi var. Bəşəriyyət hələlik nüvə və iqlim dəyişikliyi təhlükələrinə üstün gələ bilmir.

Alimlər yazırlar ki, əvvəllər heç vaxt Axirət saatına bircə adamın sözlərinə görə bu qədər böyük düzəliş edilməyib.

"Lakin bu şəxs ABŞ prezidentidir və onun sözlərini nəzərə almamaq olmaz" - yazır alimlər.

Alimlər bildirirlər ki, cənab Trump Amerikanın nüvə arsenalını gücləndirəcəyini və iqlim dəyişikliyini boş şey hesab etdiyini deyib.

Bundan əvvəl Axirət saatında gecəyarısına üç dəqiqə qalırdı. Bu, Soyuq müharbə illərindən bəri belə idi.

Ötən il alimlər saatın əqrəblərini irəli çəkməmək qərarına gəlmişdilər.

Əqrəblər gecəyarısına bu qədər yaxın məsafədə bir də 1953-cü ildə olub. Bu o vaxtlar idi ki, ABŞ və SSRİ hidrogen bombasını uğurla sınaqdan keçirmişdilər.

The Bulletin məcmuəsinin əsasını ABŞ-da Manhattan qrupuna daxil olan alimlər qoyublar. Bu alimlər İkinci Dünya Müharbəsi zamanı ilk atom bombasının yaradılmasında iştirak etmişdilər.

Onlar Axirət saatını 1947-ci ildə qurublar. Həmin vaxtdan bəri bu saatın əqrəbləri dünyanın üzləşdiyi təhlükələrdən asılı olaraq hərəkət edir.

Bu saat 1991-ci ildə 7 dəqiqə geriyə işləmişdi. O vaxt ABŞ və SSRİ nüvə silahlarının ixtisari barədə ilk sazişi imzalamışdılar.

Əlaqəli mövzular