Human Rights Watch Nardaran məhbuslarını azad etməyə çağırıb

Nardaran

Human Rights Watch (HRW) təşkilatı Azərbaycan hakimiyyətini tanınmış ilahiyyatçı və aparıcı siyasi müxalifət fəalı da daxil olmaqla, 18 nəfəri azad etməyə çağırıb.

Təşkilatın çərşənbə axşamı açıqlanmış bəyanatında bildirilir ki, yanvarın 25-də barələrində hökm verilmiş bu şəxslər yanlış ittihamla uzunmüddətli həbs cəzalarına məhkum olunub.

"On yeddisi iddia edir ki, onlar saxlanılarkən polis etirafları və ifadələr almaq üçün onlarla qeyri-insani davranıb. Hakimiyyət Facebook-da dövlət siyasətini tənqid etdiyinə görə siyasi fəalı hədəfləyib".

Azərbaycan hakimiyyəti bu şəxslərin işgəncələrə məruz qalması barədə iddiaları ciddi qəbul etmək və araşdırmaqda tamamilə uğursuz olub və 17 nəfəri bu ittihamlar əsasında məhkum edib", HRW-nin Avropa və Mərkəzi Asiya üzrə icraçı direktoru Jane Buchanan deyib.

O əlavə edib ki, "işgəncələrlə əldə edilmiş sübutlara əsaslanmış hökmlər təməl insan hüquqlarını pozur və buna icazə verilə bilməz. Hakimiyyət götürdüyü beynəlxalq öhdəliklərinə uyğun hərəkət etməli, hökmləri ləğv etməli və saxlanılanları azad etməlidir."

Qurum bildirib ki, bu şəxslərin əksəriyyəti 2015-ci il 26 noyabrda hakimiyyətin siyasətini tənqid edən mühafizəkar şiə inanclılarının yaşadığı Nardarana reyd zamanı həbs edilib.

"Reyd qeyri-aydın və mübahisəli şəraitə görə zorakılıqla nəticələnib, nəticədə iki polis nəfəri və 7 sakin atışmada həlak olub. Həbs edilənlər arasında Müsəlman Birliyi ictimai hərəkatının lideri, imam və dini alim Taleh Bağırov da olub".

Bəyanatda həmçinin deyilir ki, Nardaran hadisələri zamanı polisin hərəkətlərini sosial şəbəkədə tənqid etmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı azad edilməlidir.

"Onun Facebook postları hakimiyyətdəki bir çoxları üçün kəskin və bəlkə də, arzuolunmaz ola bilər, amma buna görə onu həbs etmək, onun insan haqlarını pozmaq başqalarına sosial mediada fəallığa görə hansı qiymətə başa gələcəyini göstərməkdir."

Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmülə Taleh Bağırzadə və Abbas Hüseynova 20, Fuad Qəhrəmanlıya 10, Rasim Cəbrayılova 17 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər birinə isə 14 il 6 ay həbs cəzası verilib.

Bu barədə daha geniş