Britaniya mətbuatı: İranın Trump-a cavabı, "daşüzlü Erdoğan"…

İranda ABŞ haqqında divar rəsmi Fotonun müəllifi Getty Images

"The İndependent" yazır ki, İran Donald Trump-ın 7 müsəlman ölkəsindən vətəndaşların Amerikaya səfər etməsinə qoyduğu qadağana cavab olaraq ABŞ vətəndaşlarının İrana gəlməsinə qadağan qoyacaq.

İran Xarici İşlər Nazirliyi bildirib ki, Tehran ABŞ-ın İran vətəndaşlarına qarşı "təhqiramiz" viza məhdudiyyəti aradan qaldırılanadək ABŞ vətəndaşlarına öz qadağanını tətbiq edəcək.

İran XİN-in bəyanatında deyilir ki, ABŞ-ın qoyduğu qadağan "müsəlman dünyasına qarşı həqarətdir" və "ekstremistlərə verilmiş töhfə sayıla bilər".

"The İndependent" yazır ki, Trump-ın İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına qoyduğu viza qadağanı bütün dünya boyunca hiddətlə qarşılanıb.

Respublikaçı milyarder prezidentin imzaladığı qadağan sərəncamında sözü gedən yeddi ölkə "ABŞ üçün təhlükəsizlik narahatlığı" kimi təqdim edilir. Qadağanın azı 90 gün müddətinə qoyulduğu bildirilir.

Birləmiş Millətlər Təşkilatı prezidentin qadağanını pisləyib, Beynəlxalq Miqrasiya Təşkilatı isə yeni ABŞ administrasiyasını müharibə və təqiblərdən qaçanlara sığınacaq verməkdə davam etməyə çağırıb.

Bu iki təşkilat vurğulayıblar ki, ABŞ-ın sığınacaq proqramı bütün dünyada ən mühüm proqramdır və dayandırıla bilməz.

İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Tehran Amerika xalqına ehtiram edir və bu xalqı onun hökumətinin düşmən siyasətlərindən ayırmağı bacarır.

Fotonun müəllifi Getty Images

Bununla belə, Tehran bildirir ki, ABŞ-ın İran vətəndaşlarına qarşı qoyulmuş təhqiramiz viza qadağanına müvafiq şəklildə cavab verəcək.

İran prezidenti Həsən Ruhani ABŞ-ın yeni prezidentini tənqid edib.

O Trump-ın adını çəkmədən deyib ki, indi millətlər arasında hasarlar tikməyin vaxtı deyildir.

"Onlar yəqin ki, Berlin divarının necə uçurulduğunu unudublar" - deyib Ruhani.

İran prezidenti deyib ki, Vaşinqtonun ticarət müqavilələrini ləğv etməsi ABŞ iqtisadiyyatının çiçəklənməsinə xidmət etmir".

"Daşüzlü Erdoğan"

"The Observer" yazır ki, Britaniya baş naziri Theresa May prezident Recep Tayyip Erdoğanla döyüş təyyarələrinə dair 100 milyon funt strelinqlik müqaviləni imzalamazdan əvvəl Ankaranı insan haqlarına və qanunun alililiyinə hörmətlə yanaşmağa çağırıb.

Xanım May Ankaraya Washington-da prezident Donald Trump-la danışıqlardan sonra səfər edib.

"The Observer" yazır ki, Theresa May-in səfərindən bir məqsəd də Britaniyanın Avropa İttifaqından çıxmasından sonra London və Ankara arasında ikitərəfli ticarət bağlarının qurulması idi.

Məqalədə deyilir ki, Türkiyə Britaniya ilə NATO müttəfiqidir və milyonlarla Suriya qaçqınına qucaq açıb, bununla belə bu ölkədə ötən ilin iyulunda baş vermis çevriliş cəhdindən sonra vətəndaş cəmiyyəti üzərinə hücum və repressiyalar başlanıb.

"Daşüzlü Erdoğanla onun dəbdəbəli ofisində görüşündə xanım May deyib: "Türkiyə Birləşmiş Krallığın ən köhnə dostlarındandır, lakin …indi Türkiyə üçün demokratiyanı və qanunun aliliyini saxlamaq və insan haqlarına dair beynəlxalq öhdəliklərinə əməl etmək çox mühümdür" - yazır "The Observer".

Erdoğan isə deyib ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 15 milyard dollardır və Ankara bu rəqəmin 20 milyard dollara yüksəldilməsinə çalışır.

Tərəflər habelə Suriya münaqişəsində terrora qarşı mübarizə məsələlərini də müzakirə ediblər.

Bununla belə, Theresa May-in Türkiyə ilə münasibətlərdə insan haqlarını ticarətə qurban verməsinə dair iddialar səslənir.

Britaniyada müxalif Liberal Demokrat Partiyasının lideri Tim Farron deyib: "Theresa May dünyanın ən xoşagəlməz liderləri ilə ticarət sazişləri imzalamağa çalışır və unudur ki, dünyada ən uğurlu ölkələr insan haqlarına hörmət edən ölkələrdir. İqtisadiyyatlar azad cəmiyyətlərdə çiçəklənir".

Silah Ticarətinə Qarşı Kampaniyanın liderlərindən Andrew Smith deyib ki, Türkiyə ilə imzalanmış saziş Theresa May-in beynəlxalq insan haqlarına hörmətsizlik edən ölkələrə silah satmağa hazır olduğunu göstərib.

Siyasətçi bunu "Erdoğana dəstək, Türkiyə boyunca insan haqları müdafiəçilərinə və siyasi məhbuslara sillə" kimi qiymətləndirib.

Bundan əvvəl Amnesty International təşkilatının Britaniya idarəsi baş nazir Theresa May-i insan haqları məsələsini Erdoğanla danışıqlarında qaldırmağa çağırmışdı.

"The Observer" bunu da yazır ki, Theresa May Britaniya Avropa İttifaqından rəsmən çıxmamış başqa ölkələrlə ikitərəfli ticarət sazişlərinə can atmaqla tələskinliyə yol verib.

Theresa May-in susqunluğu

Fotonun müəllifi Getty Images

"The Mirror" qəzeti yazır ki, Britaniya baş naziri Theresa May həm də Donald Trump-ın müsəlman ölkələrinə qoyduğu viza qadağanını tənqid etmədiyinə görə öz vətənində mətbuat və siyasətçilər tərəfindən kəskin qınanıb.

Türkiyədə keçirilən mətbuat konfransında xanım May bu barədə ona verilən sualdan dəfələrlə yayınmağa cəhd göstərib.

"The Mirror" yazır ki, Donald Trump-ın məlum sərəncamı dünya liderləri tərəfindən tənqid edildikdən sonra Britaniya baş naziri ümumiyyətlə təcrid olunmuş vəziyyətə düşüb.

Məqalədə deyilir ki, Donald Trump-ın müsəlmanlara qoyduğu qadağan Britaniyanın müsəlman vətəndaşlarını da təsirləndirəcək.

Məsələn, bu qadağan Somali əsilli Britaniya vətəndaşı, olimpiya çempionu Mo Farah-a da tətbiq edilə bilər.

"The Mirror" yazır ki, nəhayət bazar gününün erkən saatlarında baş nazirin ofisi məsələyə münasibət bildirib və aydınlıq gətirməyə məcbur olub.

Britaniya hökumətinin açıqlamasında deyilir ki, "ABŞ-in miqrasiya siyasəti ABŞ-a aid bir məsələdir, lakin biz məsələyə belə yanaşma ilə razı deyilik".

Hökumət vəd edib ki, bu məsələ, xüsusilə də Britaniya vətəndaşlarına aidiyyərti çərçivəsində öyrəniləcək.

Ankarada keçirilən mətbuat konfransında xanım May demişdi ki, ABŞ-ın miqrasiya siyasəti onun özünə aid bir məsələdir.

Hərçənd mətbuat konfransında çıxış edən Türkiyə baş naziri Binali Yıldırım məsələyə daha aydın və sərt reaksiya vermişdi.

O demişdi ki, "biz qaçqınların taleyinə biganə qala bilmərik".

Britaniya müxalifətinin liderlərindən Jeremy Corbyn deyib ki, xanım May Britaniyanın vahid Avropa bazarında qalmasına çalışsaydı, belə vəziyyətə düşməzdi.