Britaniya mətbuatı: Yalançını doğruçudan necə ayırd etmək olar?

Fotonun müəllifi JOE RAEDLE/GETTY IMAGES

ABŞ diplomatlarının və…Starbucks-ın Trump-a qarşı "qiyamı"

"The Guardian" qəzeti yazır ki, ABŞ Dövlət Departamentinin yüzlərlə rəsmisinin Donald Trump-ın qaçqın qadağanına qarşı etirazı "qiyam" şəklini alır.

Diplomatların imzaladıqları memorandumda deyilir ki, "biz bu qadağanı ölkəmizə yaraşdırmırıq".

Sənəddə vurğulanır ki, miqrantların ABŞ-a gəlişinə qadağan qoyan sərəncam ölkə Konstitusiyasına ziddir və tamamilə əks-reaksiyaya səbəb olacaq.

Memorandum Dövlət Departamentinin "fərqli mövqe kanalı" vasitəsilə dövriyyə edilib. Bu kanaldan vaxtilə Vyetnam müharibəsinə etiraz edən diplomatlar istifadə etmişdilər.

ABŞ xarici işlər təlimatına görə, "fərqli düşünənlərə" qarşı cəzalandırma tədbirləri görülə bilməz.

Ağ Evin sözçüsü Sean Spicer memonu imzalayanların istefa verməli olduqlarını bildirib.

Sözçü deyib ki, onlar ya "bu proqramla" razılaşmalı, ya da vəzifələrindən getməlidirlər.

Diplomatların imzaladıqları memoda deyilir ki, "kiçik sayda qanunsuz miqrantı" aşkar etmək üçün 200 milyon müsafirin üzünə qapı bağlamaq amerikalıların imicinə kölgə salır.

ABŞ Dövlət Departamentinin rəhbərliyinə ildə beş-altı "fərqli düşüncə" memosu daxil olur və onlar adətən məxfi saxlanır.

ABŞ-ın Foreign Policy məcmuəsinin bildirdiyinə görə, etiraz memosunu 200-dək diplomat imzalayıb.

Departamentin sözçü əvəzi Mark Toner memonun daxil olduğunu təsdiq edib.

Toner deyib ki, diplomatların məktubuna ehtiram nümayiş etdirilməlidir.

Sonuncu dəfə diplomatların belə kütləvi narazılığı Obamanın Suriya siyasəti ilə əlaqədar ifadə olunmuşdu.

Ötən iyunda bu sənədi 50 diplomat imzalamışdı. Lakin həmin memo Obama hakimiyyətinin sonlarında yazılmışdısa, Trump-a etiraz memosu inaqurasiyadan bir neçə gün sonra verilib.

"Biz təhlükəsizliyimizi qorumaq xatirinə bütöv cəmiyyətləri özümüzdən incik sala bilmərik" - deyilir memoda.

Elə həmin gün ABŞ xarici siyasəti və milli təhlükəsizliyinin 100-dək keçmiş əməkdaşı Dövlət Departamentini vurulmuş ziyanı aradan qaldımağa, Ağ Evi isə fərmanı geri götürməyə çağırıb.

Fotonun müəllifi Getty Images

Starbucks Trump-ın acığına

"The İndependent" qəzetində dərc olunmuş məqalədə deyilir ki, məşhur Starbucks şirkəti Donald Trump-ın "müsəlman qadağanına" etiraz olaraq qarşıdan gələn 5 ildə 10 min qaçqına iş yeri verəcək.

Kofe ticarəti şirkətinin baş icraçı direktoru Howard Schultz elan edib ki, qaçqınlar üçün iş yerləri dünya boyunca açılacaq, lakin kampaniyaya Birləşmiş Ştatlarda başlanacaq.

Şirkət rəhbərinin məktubunda deyilir ki, Amerika kafeteriyalarındakı iş yerləri əsasən İraqda ABŞ qoşunlarına dəstək vermiş hərbi tərcüməçilərə və başqalarına veriləcək.

Hillary Clinton-un qatı tərəfdarı olan Schultz habelə prezident Trump-ın başqa siyasətlərinə də etiraz bildirib.

Məktubda deyilir ki, Starbucks Meksikada qəhvə yetişdirənlərə dəstək verəcək, habelə Obama-nın səhiyyə proqramının ləğvi ilə əlaqədar sığortasız qalanların müalicəsinə maliyyə yardımı göstərəcək.

"The İndependent" yazır ki, Starbucks-ın hərəkəti ABŞ-dakı bizneslərin Trump-la əlaqədar üzləşdiyi ziddiyyətləri nümayiş etdirir.

Bundan əvvəl Donald Trump Ford, General Motors və Boeing şirkətlərinin rəhbərləri ilə görüşərək onları amerikalılar üçün iş yerləri açmağa çağırıb.

Qadağan siyahısında Səudiyyə və Misir niyə yoxdur?

"The Guardian" qəzeti insan haqları fəalı, Human Rights Watch təşkilatının əsasını qoyanlardan Aryeh Neier-in məqaləsini dərc edib.

Müəllif belə bir sual verir: Görəsən Trump özünün müsəlman qadağanına Səudiyyə Ərəbistanından və Misirdən olan miqrantları niyə daxil etməyib, halbuki 11 sentyabr terror basqınlarını törədənlərin demək olar hamısı Səudiyyədən idi.

"40 il azadlıqlar uğrunda mübarizədə" kitabının müəllifi şübhə edir ki, bəlkə də Trump zəngin səudlarla biznes sövdələşmələri barədə düşünür.

Məqalədə deyilir ki, vətəndaşlarına qadağan qoyulmayan başqa bir müsəlman ölkəsi də Misirdir.

Müəllif bunun Trump-ın Misir lideri general Abdel Fəttah əl-Sisi ilə yaxşı münasibətlər qurmaq arzusundan irəli gəlib-gəlmədiyini sual edir.

"Biz bunları bilmirik, lakin o özünün vergi ödənişi kağızlarını açmaqdan imtina etməklə belə suallara yol açır" - yazır Neier.

Fotonun müəllifi PA

Avstriya müsəlman qadınlarının üz örtüyünü qadağan edəcək

"The İndependent" yazır ki, Avstriya müsəlman qadınlarının geyindiyi rübəndi və ya üzü tamamilə qapayan örtüyü məhkəmələrdə, məktəblərdə və başqa ictimai yerlərdə qadağan etməyi planlaşdırır.

Qadağan ərəbcə adı niqab olan üz örtüyünə və üzü və bədəni boyaboy örtən burqaya şamil ediləcək.

Məqalədə deyilir ki, bu qadağan ölkənin hakim koalisiyası tərəfindən, yüksəlişdə olan ifrat sağçı Azadlıq Partiyasının "dilini gödək etmək" üçün qəbul edilib.

Azadlıq Partiyası son aylarda keçirilmiş rəy sorğularına görə, hazırda ən populyar partiyadır.

"Biz inanırıq ki, açıq cəmiyyət açıq ünsiyyətə əsaslanır. Bədəni bütünlüklə örtən paltarların ictimai yerlərdə geyinilməsi bu ünsiyyətə mane olduğuna görə qadağan edilir" - deyilir koalisiya razılaşmasında.

Ölkə koalisiyası habelə polis zabitlərinə, hakimlərə və prokurorlara baş örtüyündən istifadəni qadağan etmək barədə razılığa gəlib.

Bəyanatda deyilir ki, baş örtüyü dövlətə qulluq edən peşə sahiblərinin "ideoloji və dini neytrallığını" pozur.

"The Daily Mail" qəzetinin yazdığına görə, Avstriya kansleri Christian Kerr deyib ki, rübəndin ictimai yerlərdə qadağanına qarşıdan gələn 18 ayda start veriləcək.

Hökumətin tərtib etdiyi 35 səhifəlik rəsmi sənəddə vurğulanır ki, Avstriyada qalmaq hüququ almış miqrantlar icbari qaydada "inteqrasiya müqaviləsi" və "dəyərlər haqqında bəyannamə" imzalamalı olacaqlar.

"Maarifləndirmə dəyərlərini qəbul etməyənlər ölkəni və cəmiyyəti tərk etməli olacaqlar" - deyilir sənəddə.

Kern deyib ki, "Avstriyanın 600 minlik müsəlman əhalisinə onların cəmiyyətin bir parçası olmadıqları mesajını vermək istəmir".

Hökumətin hazırladığı sənəd və onun xırdalıqları parlamentdə müzakirə olunduqdan sonra səsə qoyulacaq.

Bundan altı il əvvəl Fransa Avropa İttifaqında ilk dəfə olaraq üz örtüyü rübəndi və burqanı ictimai yerlərdə qadağan edib.

Belçikada və İsveçrənin bir sıra torpaqlarında buna bənzər qadağanlar qüvvədədir.

Fotonun müəllifi Thinkstock

Yalançılar gözlərini də qırpmırlar

"The Telegraph" yazır ki, heç kəs aldadılmaq istəmir, lakin real həyatda çox vaxt yalançı ilə doğruçunu ayırd etmək asan olmur.

Məqalədə deyilir ki, bu məsələ barədə fikir söyləmələri üçün dünya boyunca alimlərə müxtəlif videokliplər göstərilib…və alimlər müəyyən qənaətlərə gəliblər.

California Universitetindən Bella de Paulo və Wendy Morris aşkar ediblər ki, yalan danışanların adətən göz bəbəkləri böyüyür və onlar ucadan danışmağa çalışırlar.

Yalançılar dorğu danışanlardan fərqli olaraq söz və ifadələri tez-tez təkrar edirlər və çox vaxt dodaqlarını bir-birinə sıxırlar.

Geniş yayılmış inama rəğmən yalançılar yalan danışarkən gözlərini az qırpırlar və o qədər də gərgin görünmürlər.

UCLA-dan Edward Geiselman deyir ki, yalançıların bir xüsusiyyəti də özlərinə çox bəzək-düzək vermələridir.

Onlar yalan danışarkən dırnaqlarını səliqəyə salır, saçlarını sığal çəkirlər. Yalançıların başqa bir xüsusiyyəti isə budur ki, onlara verilmiş suallara cavab verməzdən əvvəl sualın özünü təkrar edirlər.

Bu daha usta yalan danışmaq üçün vaxt qazanmaq və özünü toparlamaq cəhdi kimi qiymətləndirilə bilər.

Yalançılar doğru danışanlardan fərqli olaraq dediklərini daha çox əsaslandırmağa can atırlar.

Michigan Universitetindən Rada Mihalcea da deyir ki, ən qəribəsi məhkəmə dinləmələrində yalançıların hakim, prokuror və vəkillərin gözünə düz baxa bilmək qabiliyyətidir.

Yalançılar üz-gözlərini daha çox əzib-büzür, daha çox əl-ayaq hərəkəti edirlər.

Texas Universitetindən James Pennebaker isə yalançıların yazılı ifadələrini araşdırıb və belə nəticəyə gəlib ki, yalançılar "nifrət" və "kədər" kimi emosional ifadələrdən daha çox istifadə edirlər.

Onlar "amma", "lakin", "istisna" kimi inkar sözlərindən qaçmağa çalışırlar.

Pennebaker habelə aşkar edib ki, yalançılar özlərini yalandan aralı tutmaq məqsədilə "mən" əvəzliyindən yox, daha çox "o" əvəzliyindən - üçüncü şəxsdən istifadə edirlər.

Sonda "The Telegraph" yerinə düşən məsləhət verir: "Yalançılarla üzləşməyə yaxşı hazırlaşın. Elə bilməyin ki, belə məqalələri yalnız siz oxuyursunuz. Onlar da öz üzərlərində işləyirlər…"