Avstriya burkaya qadağanı genişləndirib

Burka Fotonun müəllifi Getty Images

Avstriya hökuməti məktəb və məhkəmələrdə olduğu kimi digər ictimai sahələrdə də burkadan istifadəni qadağan edib.

Hökumət eyni zamanda ictimai yerlərdə çalışanların hicab bağlamasını və ya digər dini geyimləri qadağan edən ümumi bir qərar üzərində çalışır.

"Özümüzü açıq bir cəmiyyətə həsr etmişik. Bunun da üstünlüyü açıq ünsiyyətdir. Üzü bağlayan burka isə buna mane olduğu üçün qadağan ediləcək", - deyə Avstriya hökuməti qərarın səbəbini açıqlayarkən bildirib.

Avstriyada toplam olaraq 150 qadının burkadan istifadə etdiyi bildirilib.

Turizm şirkətləri isə bu qadağanın Körfəz ölkələrindən turistlərin gəlişinə mane olacağından narahatlıqlarını dilə gətiriblər.

Ölkə mətbuatına açıqlama verən hökumət nümayəndəsi bu qadağanın Zell am See kimi istirahət mərkəzlərində və paytaxt Vyanada tətbiq ediləcəyini söyləyib.

Avstriya mərkəzçi koalisiyanın bu addımı nüfuzu yüksələn sağçı Müstəqillik Partiyasını dayandırmaq cəhdi kimi qiymətləndirlib.

Ötən ilin dekabr ayında ölkədə keçirilən president seçkilərində Müstəqillik Partiyasından olan namizəd cüzi fərqlə məğlub olmuşdu.

Qarşıdan gələn ildə parlament seçkilərinə gedəcək ölkə koalisiyası isə hökumətin gələcəyi ilə bağlı anlaşmadıqları üçün ötən həftə az qala dağılmaq təhlükəsini yaşayıb.

Fotonun müəllifi AFP
Image caption Avstriyanın xarici işlər naziri Sebastian Kurz ictimai yerlərdə çalışanların neytral görünməsinin vacibliyini vurğulayıb

Sosial demokratlar və mühafizəkarlardan təşkil olunan koalisya xarici işçilərin azaldılması məsələsində də razılığa gəlib.

Burkanın qadağan edilməsinə açıqlama verən Avstriyanın xarici işlər naziri Sebastian Kurz ictimai yerlərdə çalışanların neytral görünməsinin vacibliyini vurğulayıb.

Lakin bu qərarlar parlament tərəfindən də qəbul edilməlidir.

2011-ci ildə Belçika və Fransa çadranı qadağan edərkən Hollandiya parlamenti buna bənzər bir qadağa üzərində çalışırdı.

Almaniyanın baş naziri Angela Markel isə burkanın hər yerdə qadağan edilməsinin vacibliyini vurğulamışdı.

Bu barədə daha geniş