Britaniya mətbuatı: ABŞ tiranlığa çevrilə bilərmi?

Rusiya kəşfiyyatçısının evindən 12 milyon dollar tapılıb?

"The Guardian" yazır ki, Rusiyadan alınan xəbərə görə Moskvada kibertəhlükəsizliyin iki yüksək rütbəli rəsmisinə qarşı dövlət xəyanəti ittihamları irəli sürülüb.

Məqalədə deyilir ki, bu xəbərin yayılmasından az əvvəl ABŞ kəşfiyyatı Rusiyanı ABŞ seçkisinə müdaxilədə və Demokratik Partiyanın serverlərinə haker hücumunda ittiham etmişdi.

Xəbərdə adı çəkilən Sergey Mixaylov Rusiya Federal Təhlükəszilik Xidməti (FTX) Təhlükəsizlik İnformasiyası Mərkəzinin direktor müavinidir. Onun həbsi barədə xəbərlər ötən həftə sızdırılmış bir neçə məlumatlarlarla dövriyyə edirdi. Bu məlumatlarda habelə onun müavininin və bir neçə başqa şəxslərin adları çəkilirdi. Lakin çərşənbə axşamı yayılan xəbər bu məsələdə bir qədər də dərinə gedib.

"Sergey Mixaylov və onun müavini Dmitri Dokuçayev öz xidməti andlarını pozaraq Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) işləyiblər" - deyib təhqiqatla tanış olan mənbə İnterfax agentliyinə.

"Teatrlaşdırılmış həbs"

"The Guardian" yazır ki, rəsmi sanksiya olmadan İnterfax çətin ki, belə bir məlumatı yaymağa cəsarət edəydi, hərçənd xəbərin yayılması onun doğru olduğuna dəlalət etməyə də bilər.

Bundan əvvəl Rusiya mediasında yayılmış xəbərlərdə deyilirdi ki, Mixaylov bir müddət əvvəl elə FTX-nin binasında gedən iclas zamanı teatrlaşdırımlış bir tərzdə həbs olunub. Qolları bururlub, xəyanətdə ittiham olunduğu bildirilib və otaqdan çıxarılıb.

"The Guardian" yazır ki, onun müavini Dokuçayev Rusiyada Forb ləqəbli məşhur haker kimi tanınır.

Məqalədə deyilir ki, o özünün hakerlik fəaliyyətinə görə həbsxanaya salınmaması üçün bir neçə il əvvəl FTX-də işləməyə razı olub.

FTX zabitləri ilə yanaşı Moskvadakı Kasperski Laboratoriyası adlı kibertəhlükəsizlik firmasında kompüter insidentləri bölümünün rəisi işləyən Ruslan Stoyanov da həbs edilib.

Interfax xəbər verir ki, bunlardan başqa daha dörd nəfər həbs olunub və daha səkkiz nəfər şahid qismində dindirilir.

Dövlət xəyanəti ittihamlı məhkəmələr qapalı keçirilir və Dokuşayevlə Mixaylovu 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

FTX-də nəsə baş verir

"The Guardian" qəzetinin gəldiyi nəticəyə görə Rusiyada sözü gedən şəxslərə qarşı xəyanət ittihamlarının irəli sürülməsi ilə ABŞ seçkisinə və Demokratik Partiyanın serverlərinə haker müdaxiləsi arasındakı vaxt fasiləsi o qədər qısadır ki, həbslərin ABŞ seçkisi ilə bağlı olmadığına inanmaq çətindir.

Ötən həftə New York Times qəzeti hazırda vəzifədə olan ABŞ rəsmilərindən birinə istinadən yazırdı ki, ABŞ hakimiyyət orqanları haker hücumunun arxasında Rusiyanın dayandığı barədə informasiyanın alınmasında insan kəşfiyyat mənbəyinin rol oynadığını söyləyirlər.

"The Guardian" yazır ki, ABŞ kəşfiyyatının hesabatında gəlinmiş nəticələrin mənbəyindən əsas etibarilə söhbət getmir. Burdan belə nəticəyə də gəlmək olar ki, hesabatın mənbəyinin rusiyalılar olduğu təqdirdə ABŞ tərəfi təbii olaraq belə də etməli, mənbələri ictimailəşdirməməliydi.

Məqalədə deyilir ki, həbslər barədə informasiyaların yarımçıq və çətin deşifrə edilən parçalarla gəlməsi FTX-nin daxilində nə isə qəribə hadisənin yer aldığını söyləməyə əsas verir.

Rusiyada həssas informasiyaların sızdırılması nadir hallarda baş versə də, bu həbslər barədə xəbərləri bir neçə media qurumu yayıb. Belə təəssürat yaranır ki, ya kimsə səliqə ilə rəndələnmiş məlumatları sızdırır, ya da müxtəlif hakimiyyət mərkəzləri arasında güc çəkişməsi gedir.

Sızma xəbərlərin əksəriyyətində Kreml rəsmilərinə aid e-mailləri faş etməklə ad çıxarmış Şaltay-Boltay haker qrupundan söz gedir. Belə güman edilir ki, bu qrupun başçısı olduğu deyilən keçmiş jurnalist Vladimir Anikeyev də həbs olunanların arasındadır.

Güllü köynəkli kişi

2014-cü ildə "The Guardian" qəzetinin müxbiri Şaltay-Boltay qrupunun nümayəndələri ilə Rusiyanın xaricində yerləşən bir şəhərdə görüşüblər. Qrupun qoyduğu şərtə görə nə həmin şəhərin adı, nə də görüşə gələn qrup nümayəndələrinin xarici görünüşü açıqlanmamalıydı.

"The Guardian" yazır ki, bu görüş Avropa paytaxtlarından birinin ətrafında yerləşən qayıqçılıq klubunda baş tutub. Əynində güllü köynək olan bir kişi kateri çayın ortasına sürərək, orada musiqinin səsini ucaldıb və bundan sonra danışmağa başlayıb.

Özünü yalnız Şaltay adı ilə təqdim edən bu şəxs "The Guardian" qəzetinə deyib ki, qrup hakerlərdən və ola bisin vəzifədən atılmış rəsmilərdən ibarətdir və gələcəkdə yayılması mümkün geniş material arxivinə malikdir.

Bu şəxs iddia edib ki, sözü gedən materialların arasında hətta Vladimir Putinin yediyi xörəklərin menyusu və prezidentin yaxın çevrəsinə daxil şəxslərə aid minlərlə elektron məktub var.

Buna sübut kimi həmin şəxs noutbukunu açıb və orada Kremlin əsas fiqurlarından birinə aid e-maillərə bənzəyən siyahını göstərib. O deyib ki, qrup bu informasiyanı almağa hazır olan müştəri axtarır.

"Əjdaha başı"

"The Guardian" yazır ki, Mixaylovun Şaltay-Boltaydakı iddia edilən rolu dumanlıdır. Başqa bir kəşfiyyat mənbəyi İnterfax agentliyinə iddia olunan prosesi belə izah edib: "Bu işdə adı keçənlərin hər birinin öz işi vardı. Bəziləri kiberhücumları həyata keçirir, bir başqaları isə xarici kəşfiyyat xidmətləri üçün işləyirdilər".

Bəziləri inanırlar ki, Şaltay-Boltay informasiyanı Qərb kəşfiyyatına ötürə bilərdi, digərləri isə bu fikirdədirlər ki, bu qrupun adının hallandırılması əsl haker hadisəsindən diqqəti yayındırılması üçün ortalığa atılımış "əjdaha başı" məsələsidir.

Rusiyada internet və kibertəhlükəsizliyə aid kitabı bu yaxınlarda çap olunmuş Andrey Soldatov "The Guardian" qəzetinə deyib ki, Mixaylov və Stoyanov Şaltay-Boltayın yaydığı informasiyaya bənzər məlumatlarla məşğul olmayıblar. Buna görə də xəyanət ittihamları doğrudursa, söhbət böyük bir ehtimalla Demokratik Partiyaya haker hücumu etmiş qeyri-rəsmi şəxslərə aid informasiyanın ötürülməsindən gedir.

Ötən çərşənbə axşamı günü kəşfiyyat xidmətlərinə yaxınlığı ilə tanınan Life portalı xəbər verib ki, FTX xəfiyyələri Mixaylovun evində və daçasında axtarış aparıblar və müxtəlif gizlənc yerlərindən 12 milyon dollar nəqd pul tapılıb.

ABŞ tiranlığa çevrilə bilərmi?

Fotonun müəllifi Mark Wilson
Fotonun müəllifi AP

"The İndependent" yazır ki, tanınmış kinorejissor və jurnalist Michael Moore ABŞ-da, onun özünün də hiss etmədiyi halda dövlət çevrilişi baş verdiyini iddia edib.

Donald Trump-ın seçkidə qalib gələcəyini düzgün proqnozlaşdırmış jurnalistin qənaətinə görə Birləşmiş Ştatlarda "çevriliş" vəziyyətini prezident Trump və onun vəzifələrə təyin etdiyi şəxslər yaradıblar.

Özünün Tvitter hesabından New York Times qəzetinin Trump-ın müşaviri barədə məqaləsinə link verən Moore yazır: "Əgər siz hələ də özünüzü 21-ci əsrdə çevriliş baş vermədiyinə inandırırsınızsa, bunu oxuyun və ayılın".

Bu məqalədə söhbət indiyədək ifrat sağçı xəbər portalı Breitbart News saytına rəhbərlik edən Bannon-dan gedir.

Qəzet onun əvvəllər yalnız yüksək vəzifəli generalların tutduğu milli təhlükəszlik müşaviri vəzifəsinə gətirilməsini misli görünməmiş presedent adlandırır və bildirir ki, Ağ Evin son günlərdə elan edilmiş sərt siyasətlərinin arxasında məhz bu adam dayanır.

"The İndependent" yazır ki, cənab Moore bu postu, prezident ABŞ baş prokuroru Sally Yates-i vəzifəsindən kənarlaşdırdıqdan az sonra göndərib.

Onun vəzifəsindən kənarlaşdırılmasına səbəb baş prokurorun müsəlman qadağasının qanuniliyini sorğu-sual etməsi və Ədliyyə Nazirliyini bu qadağanı dəstəkləməməyə çağırması olub.

Lakin Ağ Evin rəsmi məlumatında baş prokurorun "ölkənin sərhədləri və qanunsuz miqrasiya sahələrindəki zəifliyi" əsas gətirilib.

Cənab Trump xanım Yates-i daha üzüyola olduğu söylənən Dana Boente ilə əvəzləyib. Lakin onun da tezliklə senatior Jeff Session-la əvəzlənəcəyi gözlənilir. Onun namizədliyi hələlik Senat tərəfindən təsdiq olunmayıb.

Google şirkətinin mühəndislərindən biri özünün bloqpostunda iddia edir ki, müsəlman qadağası "çevrilişə hazırlığın zondaj şarıdır".

Müəllif dediklərini onunla əsaslandırır ki, bəzi xəbərlərə görə Daxili Təhlükəsizlik Nazirliyinin vəkilləri müsəlman qadağasına qarşı çıxsalar da, cənab Bannon onların mövqeyini rədd edib.

Nixon da baş prokuroru qovmuşdu

"The Guardian" qəzetində dərc olunmuş məqalədə isə iddia edilir ki, Ağ Ev Dövlət Departamentində az qala bütün yüksək vəzifəli rəsmiləri "repressiya" edib.

Yonatan Zunger-in yazdığı postda deyilir ki, "administrasiya hazırda bütün icra hakimiyyətinin kiçik daxili çevrədə toplanması ilə məşğuldur". Bu ona görə edilir ki, federal bürokratlar, Konqres və məhkəmələr hadisələrə təsir gücünü itirsinlər.

Onun da yazdığına görə, müsəlman qadağanı kimi məsələlər ona görə ortalığa atılıb ki, administrasiya baş qataraq mütləq hakimiyyətə sahib olsun.

"The İndependent" qəzetinin başqa bir məqaləsində Trump 1970-ci illərdə impiçment edilmiş prezident Nixon-la müqayisə edilir.

Məqalədə deyilir ki, şərhçilər ABŞ baş prokurorunun vəzifədən azad edilməsini "bazar ertəsi qətliamı" adlandırıblar.

Qəzet yazır ki, Trump-dan başqa baş prokuroru işdən qovan yeganə prezident elə Nixon olub və onun özü 1973-cü ildə impiçmentə məruz qalıb. O vaxt baş prokurorun işdən qovulmasını "şənbə qətliamı" adlandırmışdılar.

"Legitim qiyam"

"The İndependent" qəzetinin daha bir məqaləsində mükafatlı jurnalist Matthew Norman da yazır ki, Donald Trump ABŞ-ın əsaslarını sarsıdan hərəkətlər edir.

O yazır ki, əgər Trump-Bannon tandem tutduğu yolu davam etdirsə, hüquq-mühafizə orqanlarının qarşısında iki yol qalacaq: ya məhkəməyə, ya da prezidentə tabe olmaq.

Əgər onlar ikincini seçsələr, onda Amerikanın vətəndaş cəmiyyəti çökəcək, yazır jurnalist.

Məqalədə deyilir ki, ədliyyə ilə yanaşı dövləti qoruyan başqa konstitusiya elementləri də var. İmpiçment var və nəhayət prezidentin devrilməsi üçün "qiyamı legitimləşdirən" 25-ci düzəliş var. Bundan başqa 22 aydan sonra çox güman ki, Konqres çoxluğunu demokratlar ələ keçirəcəklər.

Lakin bu olduqca uzun müddətdir. Jurnalist yazır ki, hadisələrin dinamikası prezidenti onun 11 gün bundan əvvəl müdafiə edəcəyinə and içdiyi sənədlə üz-üzə qoya bilər.

Məqalədə deyilir ki, Amerikanın əsasını qoyan Atalar bu divarı tiranlığa qarşı ucaldıblar.

"İndi görək Donald Trump Thomas Jefferson və başqalarının qurduğu bu divarın dəyərini necə ödəcəyək?" - yazır Matthew Norman.

Əlaqəli mövzular