Rumıniya: Korrupsiyaya dair fərmandan sonra etiraz aksiyası keçirilib

Rumıniya Fotonun müəllifi AFP

Korrupsiyaya görə həbs edilmiş məmurları azad edə biləcək fərman qəbul edildikdən sonra Rumıniyanın paytaxtı Buxarestdə hökumət əleyhinə bu günə qədər baş tutmuş ən iri etiraz aksiyalarından biri keçirilib.

Azı 150 min insanın çərşənbə günü hökumət orqanlarının qarşısında etiraz etdiyi bildirilir. Digər qəsəbə və şəhərlərdə də mitinqlər baş tutub.

Paytaxtda bəzi nümayişçilər polisə fişəng və tüstü bombaları atıb, polis isə gözyaşardıcı qazla cavab verib.

Fərman çərşənbə axşamı qəbul edilib.

Sosial Demokrat Partiyasından olan baş nazir Sorin Grindeanu-nun başçılıq etdiyi solçu hökumət deyir ki, həbsxanalarda darısqallığı yüngülləşdirmək lazımdır.

Lakin cənab Grindeanu-nun tənqidçiləri bildirir ki, o, korrupsiyaya görə məhkum olunmuş müttəfiqlərini azad etməyə çalışır.

Çərşənbə günü etirazlar Avropa İttifaqının Rumıniyaya korrupsiyanı məğlub etmək səylərində "geri çəkilməklə bağlı" xəbərdarlıq etməsindən sonra keçirilib.

Buxarestdə aksiya iştirakçıları "İstefa" və "Oğrular, oğrular" kimi şüarlar səsləndiriblər.

Qəbul edilmiş fərman bir neçə xətanı dekriminallaşdırır. Fərmana görə, məbləğ yalnız 44 min avrodan çox olarsa, vəzifə səlahiyyətlərindən sui-istifadə azadlıqdan məhrum etmə cəzası ilə nəticələnə bilər.

Qərardan ilk faydalanan Sosial Demokrat Partiyasının lideri Liviu Dragnea ola bilər. O, 24 min avro dəyərində dövləti aldatmaqda ittiham edilib.

Azadlığa buraxılacaq digər məhkumlar arasında seçilmiş rəsmilər və hakimlər var.