Britaniya mətbuatı: AŞPA özünə qarşı "Azərbaycanla bağlı iddiaları" necə araşdıracaq?

AŞPA özünə qarşı "Azərbaycanla bağlı iddiaları" necə araşdıracaq?

"The Guardian" qəzetinin yazdığına görə, Avropanın ən mötəbər insan haqları təsisatlarından birinə xəbərdarlıq edilib ki, qurum Azərbaycan hökumətinin iddia olunan rüşvətinin AŞPA-dakı səsverməyə təsirini tam tədqiq etməsə, nüfuzunu tamamilə itirə bilər.

AŞPA-nın keçmiş vəzifəli üzvlərindən birinin səsverməni Azərbaycan hökumətinin xeyrinə "əymək" üçün 2, 39 milyon avro rüvşət almasına dair iddiaların səslənməsindən sonra qurum korrupsiyaya göz yummaqda ittiham edilir.

Məqalədə deyilir ki, Hollandiyadan olan mərkəz-sağçı millət vəkili Pieter Omtzigt AŞPA liderlərini bu iddialarla bağlı "dərin və müstəqil" təhqiqat aparmağa çağırıb.

Omtzigt bu barədə təcili təhqiqat aparılmasına çağıran qətnamənin iki müəllifindən biridir.

"The Guardian" yazır ki, Azərbaycan AŞPA-ya daxil olduğu 2001-ci ildən indiyədək keçirilmiş seçkilərdə saxtakarlıqlara və insan haqlarının pozulmasına yol verib.

Azərbaycana dair son iddialar İtaliya siyasətçisi Luca Volontè ilə bağlıdır. Hazırda onun barəsində cinayət işini Milan prokurorluğu aparır. Volonte AŞPA-da "Azərbaycan hökumətinə işləmək" müqabilində 2, 39 milyon avro rüvşət almaqda ittiham olunur.

"The Guardian" iddia edir ki, məhz Volonte-nin apardığı iş nəticəsində 2013-cü ildə Azərbaycanda siyasi məhbuslara dair sərt qətnamə AŞPA səsverməsindən keçməyib. Volonte iddiaları rədd edir.

Bir çox AŞPA üzvləri deyirlər ki, qurum onun özündə keçirilən səsvermələrin saxtalaşdırıldığı halda başqa ölkələrə seçki tövsiyələri verə bilməz.

Omtzigt-in təklif etdiyi qətnaməni hazırda AŞPA-nın 324 üzvünün beşdə biri dəstkləyir. Bu millət vəkillərinin Britaniya, Fransa, Almaniya, Skandinaviya, Baltikyanı, Yunanıstan və Ukraynadan olduqları bildirilib.

"The Guardian" qəzetinin yazdığına görə, Danimarka siyasətçisi Mogens Jensen də bəyan edib ki, bu iddiaların araşdırılması bütövlükdə AŞPA-nın nüfuzunun saxlanmasına xidmət edərdi.

Avropa Stabilliyi Təşəbbüsünün sədri Gerald Knaus "The Guardian" qəzetinə deyib ki, əslində bir çox suallar AŞPA müşahidəçiləri Azərbaycan seçkilərinin "çəhrayı portretlərini" çəkəndə verilməliydi.

"Azərbaycanda 2010, 2013, 2015-ci il seçkilərində Avropa Şurasının müşahidəçiləri iştirak ediblər. Onlar hər dəfə də qayıdıb gəliblər ki, orada günəş parlayır, halbuki hamı yağış yağdığını görürdü" - deyib Knaus.

"The Guardian" yazır ki, AŞPA-nın ispaniyalı başçısı Pedro Agramunt ötən həftə "korrupsiya ilə bağlı gizli əməllərin" araşdırlmasına dair müstəqil təhqiqatın aparılmasına razılıq verib, halbuki bundan əvvəl o, iddiaları rədd edərək, həmkarlarının opponentləri tərəfindən qarayaxmaya məruz qaldıqlarını bildirirdi.

Məqalədə deyilir ki, AŞPA başçısı mövqeyini bir sıra ölkələrin siyasətçilərindən gələn güclü təzyiq altında dəyişib.

Bununla belə Knaus deyib ki, "kürü koalisyasından o qədər də arxayın olmaq olmaz".

"The Guardian" yazır ki, AŞPA başçısı habelə Avropa Şurasının baş katibi Thorbjørn Jagland-ın "korrupsiyaya qarşı sıfır dözüm" siyasətinin təzyiqi altındadır.

Məqalədə deyilir ki, Jagland-ın başçılığı altında Avropa Şurası 2015-ci ildə Azərbaycanın İnsan Haqları Konvensiyasına necə əməl etdiyinin araşdırılmasına başlayıb.

Bu, son 25 ildə hər hansı Avropa Şurası üzvünə qarşı ilk belə araşdırmadır.

Almaniya və Yaponiya Trump-ın ticarət müharibəsinə hazırdırlar

"The İndependent" yazır ki, dünya liderləri Donald Trump-ın beynəlxalq ticarətə əngəllər törətməsi qarşısında sakit dayanmaq niyyətində deyillər.

ABŞ prezidenti Almaniya və Yaponiyanı xarici valyuta bazarları ilə oynamaqda ittiham etdikdən sonra, kansler Angela Merkel və baş nazir Şinzo Abe bu ittihamlara əks-ittihamlarla cavab veriblər.

Avropa Şurasının Xarici Əlaqələr direktoru Mark Leonard deyib ki, Trump-ın Çin və başqa ölkələrlə geosiyasi çəkişmələrə yönəlik ritorikası böyük qlobal ticarət toqquşmalarına yol açıb.

"The İndependent" yazır ki, onilliklər ərzində təşəkkül tapmış qlobal bağlar tarıma çəkilib. ABŞ-ın özünə sərfəli ikitərəfli münasibətlərə üstünlük verəcəyinə dair işarələr dünya liderlərini öz qırmızı xətlərini müəyyən etməyə vadar edir.

Trump artıq Meksika ilə münasibətlərdə özünün tvitlərindən real siyasətə necə çevik keçə bildiyini nümayiş etdirib. Bu isə o deməkdir ki, heç bir lider baş verənlərə biganə qala bilməz.

Abe parlamentə bildirib ki, Yaponiyanın öz valyutasını süni şəkildə ucuzlaşdırmasına dair iddialar yanlışdır və lazım gələrsə, o bunu Trump-ın özünə də izah edə bilər. Onun belə bir imkanı artıq gələn həftə olacaq.

Trump bundan əvvəl demişdi ki, Çin və Yaponiya pul bazarlarında öz valyutalarını ucuzlaşdırmaqla "oyun oynayılar, bizsə mal kimi durub baxırıq".

Merkel Ağ Evin Milli Ticarət Şurasının başçısı Peter Navarro-nun "Financial Times" qəzetinə müsahibəsində Almaniyanın ticarət gəlirlərinin onun öz valyutasını əsaslı şəkildə ucuzlaşdırmasından yaratdığı barədə fikirlərini rədd edib.

Kanlser deyib ki, avronun məzənnəsi Almaniyaya yox, müstəqil Avropa Mərkəzi Bankına bağlı bir məsələdir.

Merkel deyib ki, Almaniya qlobal bazara rəqabətli mallar çıxarmaqla və başqa ölkələrlə ədalətli yarışda gəlir əldə edir.

Görünür Merkelin də qarşıdan gələn G20 görüşündə Trump-la aydınlaşdıracağı məsələlər olacaq.

Fotonun müəllifi Getty Images

"The İndependent" yazır ki, Trump ticarətə tikanlı məftillər çəkdikcə, köhnə müttəfiqliklər də pozulur. Elə ötən həftə Çinin baş naziri Li Keqiang və Merkel telefon söhbətlərində daha yaxın ticarət əlaqələrinə can atmalı olduqlarını deyiblər.

Leonard deyir ki, Trump yalnız qazanc götürməyə alışıb, lakin dünya bazarında yalnız qazanc olmur.

Siyasətçinin fikrincə Trump-ın belə ticarət siyasəti qlobal resessiyaya və iş yerlərinin itirilməsinə səbəb ola bilər.

"The İndependent" yazır ki, ola bilsin, Trump administrasiyası martın 17-18-də Almaniyanın Baden Baden şəhərində keçiriləcək G20 sammitində valyutaların bilərəkdən ucuzlaşdırılması məsələsini qoyacaq.

G20-nin ötən il Şanxayda keçirilən sammitində bir sıra başqa ölkələr də Yaponiyanın valyuta siyasətindən narahatlıq ifadə etmişdilər.

"The İndependent" yazır ki, dollar yanvar ayında öz çəkisini 1. 9 faiz itirsə də, hələlik hər halda seçki günündə olduğundan bahadır.

Digər tərəfdən bir sıra ekspertlər bildirirlər ki, paradoksal şəkildə Trump-ın sərhəd rüsumu kimi siyasətləri dolları müsbət təsirləndirir.

Buna baxmayaraq, General Electric şirkətinin qocaman direktoru Jeffrey Immelt Bloomberg-ə müsahibəsində deyib ki, ticarət liderləri Trump-ın tutduğu kursa düzəliş verməli olacaqlar.

Jeffrey Immelt-in fikrincə ən yaxşısı artıq mövcud olan ticarət qaydaları arasında yol axtarmaqdır.

"Axı daha çox iş yerlərini bütün dünya ilə düşmən olmadan da yaratmaq olar" - deyib General Electric şirkətinin başçısı.

Meymunlar da seks partnyorunu iPad-də axtaracaqlar

"The Telegraph" yazır ki, Danimarka zooparkı oranqutanların özlərinə "sevgili" tapmaları üçün xüsusi "Tinder" proqramı yaradıb.

Bu üsuldan istifadə edərkən dişi oranqutanlara iPad-də mümkün erkək namizədlərin şəkilləri göstərilir.

Əgər dişi oranqutan iPad-dəki namizədlərdən kimisə xoşladığını nümayiş etdirsə, həmin erkək oranqutan hər hansı beynəlxalq zooparkdan, deyək ki, lap elə Sinqapur heyvanxanasından gətiriləcək.

Dörd illik eksperiment "oranqutanlar üçün Tinder" adlanır.

Başlanğıc olaraq Apeldoorn zooparkında saxlanan 11 yaşlı dişi oranqutan Samboja özünə yoldaş axtaracaq.

Zooparkda çalışan davranış bioloqlarından biri deyib ki, alimlər dişi oranqutanların cütləşmə üçün partnyoru necə seçdiyini öyrənmək istəyirlər.

Bioloq deyib ki, bəzən heyvanları cütləşmə üçün başqa zooparklara aparırılar, lakin gözlənilən cütləşmə baş vermir.

"The Telegraph" yazır ki, "Tinder" eksperimenti primatların emosional aləminin öyrənilməsi üçün aparılan daha geniş tədqiqatın bir hissəsidir.

Məqalədə deyilir ki, keçmiş eksperimentlər zamanı da heyvanlara başqa oranqutanların şəkilləri göstərilib. Lakin fotolar emosiyaları canlı ifadə edə bilmirdi.

Alimlər deyirlər ki, "Tinder" proqramı ilə bağlı əsaslı bir problem var. Meymunlar tabletlərlə rəftar etməyi bacarmırlar. Məsələn, Samboja ona verilən birinci iPad-i sındırıb.