Müğənni Vera Lynn 100 illiyinə yeni albom hazırlayıb

Fotonun müəllifi AFP
Image caption Vera Lynn musiqi karyerasına 1935-ci ildə başlayıb

Əfsanəvi müğənni, Britaniya imperiyası ordeninin sahibi dama Vera Lynn martın 17-də - 100 illik yubileyinə 3 gün qalmış yeni diskinin çıxacağını bəyan edib. Beləliklə, xanım Vera dünyada yeni musiqi albomunu buraxan ən yaşlı vokalçı kimi tarixə düşüb.

Müğənni klassik mahnıları yeni aranjmanda diskə daxil edib. Daha əvvəllər oxunmayan və Rod Stewartın ifasında məhşurlaşan "Sailing" (Yelkən) mahnısı da diskə daxil edilən mahnılar sırasındadır.

"Mən həqiqətən xoşbəxtəm ki, illər ötməsinə baxmayaraq, insanlar həmin mahnıları qiymətləndirirlər. Bu, mənim həmin illərdə yaşadığım hisslərimi yenidən canlanmağa məcbur edir. Bir müğənni kimi mən öz işimi görmüşəm. Öz mahılarımı bu qədər gözəl və tamamilə yeni üslubda səslənməsini eşitmək çox gözəldir"- yubilyar deyib.

Martın 18-də Londonun "Palladium" zalında yubiley konserti verməyə hazırlaşan müğənni bilet satışından gələn gəlirin qayğıya ehtiyacı olan uşaqlara təqdim ediləcəyini söyləyib.

Müğənni qarşıdan gələn yubiley konsertini "mahnıların, rəqslərin və dostluğun inanılmaz macəraları" kimi təsvir edib.

Bundan əvvəlki rekord da Vera Lynne məxsusdur. Belə ki, müğənninin 2014-cü ildə "National Treasure" adlı hitlərdən ibarət albomu Britaniya hit-paradında 13-cü yerə qədər gəlib çıxıb.

2009-cu ildə də Lynn diski birinci yerə gəlib çıxan ən yaşlı müğənni olub. Həmin vaxtı 92 yaşı olan müğənninin "We'll Meet Again" ("Biz yenidən görüşəciyik") adlı diski İkinci Dünya Müharibəsinin 70 illiyi münasibətilə buraxılıb.

O zamanlar mütəmadi olaraq britaniyalı hərbçilr qarşısında çıxış edən müğənni onların sevimlisinə çevrilmişdi.

Vera Lynn 1952-ci ildə musiqi jurnalı tərəfindən tərtib edilən Brtinaya hitləri siyahısına daxıl olan yaşayan tək artistdir.