Britaniya mətbuatı: Hansı ölkədə nəyi etməməli?

Avropa İttifaqı siyasətçiləri Trump-ın səfirini "rədd etməyə" çağırıblar

"The Guardian" yazır ki, Avropa Parlamentinə daxil əsas partiyalar Donald Trump-ın Avropa İttifaqında xüsusi elçilik vəzifəsinə mümkün namizədinin bloklanması üçün misli görünməmiş cəhd edirlər.

Bir çox Avropa siyasətçiləri bu şəxsi aqressiv və qərəzli adam kimi tanıdıqlarını bildirirlər.

Brüsseldəki əsas siyasi partiyaların üzvləri - mühafizəkarlar, sosialistlər və liberallar Avropa Komissiyasına və Avropa Şurasına müraciət edərək Ted Malloch-un elçiliyini rədd etməyə çağırıblar.

Biznesmen Malloch Britaniyanın Avropa İttifaqından çıxmasını qızğın dəstəkləyib.

BBC müxbirinin Avropa İttifaqında səfirlik vəzifəsinə necə baxdığı barədə sualına cavabında Malloch Sovet İttifaqında səfir işlədiyini vaxtları xatırladıb. O deyib ki, indi daha bir ittifaqın ipini yığmağın vaxtıdır.

O deyib ki, cənab Trump "fövqəlmilli və seçkisiz" Avropa İttifaqını xoşlamır və Jean-Claude Juncker özünün Lükemburq şəhərindəki mer kürsüsünə qayıtsa yaxşı olar.

Mərkəz sağçı EPP-nin lideri Manfred Weber Malloch-u Avropa İttifaqının dəyərlərinə "hiddət doğuran qərəz" nümayiş etdirməkdə günahlandırıb.

"The Guardian" qəzetinin gördüyü məktubda siyasətçilər cənab Juncker-i və Avropa Şurasının başçısı Donald Tusku Ted R. Malloch-un missiyasını qəbul etməməyə çağırıblar.

Siyasətçilər arasında onun xüsusilə də Sovet İttifaqı ilə Avropa İttifaqını müqayisə etməsi hiddət doğurub.

Sosialist və demokratların qrup rəhbəri Gianni Pittella-nın məktubunda isə Avropa İttifaqından bu şəxsin indidən persona non grata elan edilməsi istənir.

Məktubda deyilir ki, cənab Malloch Avropa ilə ABŞ administrasiyası arasındakı münasibətlərə sağalmaz yara vura bilər.

"The Guardian" yazır ki, hər hansı ölkənin Avropa İttifaqına səfiri Avropa Komissiyasının və Avropa Şurasının rəsmi etimadını qazanmalıdır.

Mühafizəkarların və liberaların məktubunda isə deyilir ki, "məqsədləri Avropa İttifaqını dağıtmaq olanlara akkreditasiya verilməməlidir".

"The Guardian" qəzetində dərc olunmuş başqa bir məktubda Avropa Şurasına bağlı 52 siyasətçi Avropa liderlərinin bu cümə Maltada keçirilən sammitində Trump-ın miqrant siyasətinin qətiyyətlə pislənməsinə çağırıb.

Taylandda pulu tapdalamaq niyə cinayət sayılır?

Fotonun müəllifi VCG
Image caption Hansı ölkələrdə nə etməməlisiniz?

"The İndependent" qəzeti turistlər üçün "nəyi hansı ölkədə etməməli" tipli tövsiyə məqalə dərc edib.

Səyahətinizin rahat və ən başlıcası xatasız və problemsiz keçməsini istəyirsinizsə, bu məsləhətlərə əməl etməkdə böyük fayda var.

Sinqapur, həm də Çin və Cənubi Koreyada

Taksi saxlamaq üçün ovcunuzu yuxarı qaldırmayın. Bu taksi sürücüləri bunu kobudluq kimi qəbul edirlər. Əvəzində qolunuzu əsgərsayağı çiyninizin səviyyəsində irəli uzadıb əlinizi yüngülcə aşağı-yuxarı hərəkət etdirin. Bu zaman ovcunuz içi aşağıda olmaldır. Özünüz də görəcəksiniz ki, belə edəndə taksilər yanınızdan şütüyüb ötmür.

Taylandda milli pula hörmətsizlik etməyin

Əgər Taylandda olarkən "bat" əskinası əlinizdən düşsə külək aparmasın deyə ayağınızın onun üstünə basmağa tələsməyin. Belə etsəniz, ətrafınızdakıların hiddəti ilə qarşılaşacaqsınız. Hələ üstünüzə qışqıra da bilərlər. Qanuna qalanda da monarxiyaya hörmətsizlik Taylandda cinayət əməli sayılır. Əskinasın üstündə isə əlahəzrətin portreti var. Qısası qanun pozuntusudur bu.

Cənubi Afrikada

Səkidə bir-biri ilə qiybət qıran iki adamın arasından keçməyin. Bunun üçün hətta maşınların hərəkət etdiyi yola çıxmaq lazım gəlirsə, yaxşısı budur, ehtiyatla belə edin. CAR-da iki adamın arasındakı məsafə onların "toxunulmaz" ərazisidir.

Avstraliyada taksidə

Sidneydə taksiyə minirsinizsə tələsik özünüzü arxa oturacağa basıb yayxanmayın. Bu, günahların heç də ən böyüyü deyil, amma sizin haqqınızda mütləq düşünəcəklər ki, yekəxanasınız. Mötəbər avstraliyayılar taksidə sürücünün yanında otururlar. Hərçənd sürücünün dinlədiyi radio bir xeyli zəhlənizi tökəcək.

Hindistanda və Birmada qolsuz paltar

Mini ətəklərin bir sıra mədəniyyətlərdə ədəbsizlik sayıldığını çoxlarımız bilirik. Amma təkcə Hindistan və Birmada yox, Dubay da daxil Asiyanın bir çox ölkələrində çılpaq qollara da yaxşı baxmırlar.

ABŞ və Yaponiyada çaypulu

ABŞ restoranlarında ofisiantın cibinə çaypulu basmayın. Bilin ki, qaçıb küçədə də olsa, pulunuzu qaytaracaq. Ya da soruşacaq ki, probelminiz nədir? Yaponiyada isə ofisianta əlavə pul vermək birbaşa təhqir asayılır.

Cənub-Şərqi Asiyada

Lap balaca uşaq olsa belə buddust ölkələrdə başını sığallamayın. Bu ölkələrdə baş bədənin ən müqəddəs yeri sayılır. Əvəzində bədəninin ən hörmətsiz yeri ayaqlardır. Evə və ya məbədə daxil olanda ayaqqabılarınızı çıxarın. Oturarkən ayağınızın ucunu heç kimə tuşlamayın.

Yaxın Şərq

Bu regionda küçədə öpüşmək bir yana, sevgilinizlə heç əl-ələ də tutmayın. Söhbət təkcə müsəlmançılıqdan getmir. Haiti və Tayland kimi yerlərdə də belə şeyə çox pis baxırlar.

Rusiyada gülmək

Rusiyada tanımadığınız adamın üzünə gülümsəməklə onu təhqir etməyəcəksiniz, amma qarşınızdakı sizin başdan xarab olduğunuzu düşünə bilər. Ruslar yalnız dostları ilə gülüb-danışırlar. Onlar belə lütfkarlığı yadlara, ələlxüsus da böyük şəhərlərdə göstərmirlər. Yox, yəni bu o demək deyildir ki, sizdən xoşları gəlmir. Sadəcə, xasiyyətləri baelədir.

Çində çubuq məsələsi

Bu çubuqla yemək məsələsi qeyri-çinlilər üçün qəliz məsələdir, lakin çubuqla bağlı yeganə problem deyil. Çubuqları heç vaxt qabın içində dik qoymayın. Bunu çinlilər ölülərə ehsan vaxtı edirlər. Bu Yaponiyaya da aiddir. Yemək çubuğunuzu sormayın və ya qabın kənarlarına taqqıldatmayın. Bu, yemək üçün dilənmək əlamətidir.

Solaxayların nəzərinə

Dünyanın bir çox yerlərində sol əl natəmiz sayılır, çünki sol əl "murdarlıqları" təmizləyir. Odur ki, solaxaysınızsa, Hindistan, Nepal, Yaxın Şərq kimi yerlərdə ən yaxşı yol özünüzü "ambidekstrikliyə" vurmağınızdır. Hər iki əli fəal olanlara elmi dildə belə deyirlər. Sol əllə yemək, nəyisə verib-almaq dünyanın bir çox mədəniyyətlərində ədəbsizlik hesab olunur.

Arnold Schwarzenegger Trump-ın cavabını verdi

Fotonun müəllifi Noel Vasquez
Image caption Arnold Schwarzenegger deyib ki, vəzifəsini Trump-la dəyişməyə hazırdır

"The Telegraph" yazır ki, ABŞ-da hər il keçirilən Milli Dua Ziyafəti (National Prayer Breakfast) zamanı çıxışında Donald Trump vaxtilə özünün apardığı "The Apprentice" teleşousunun reytinqdən düşməsinə görə verilişin indiki aparıcısı aktyor Arnold Schwarzenegger-ə sataşıb.

"Mən prezidentlik kampaniyası aparanda məcbur olub verilişin aparıcılığından çıxdım. Onlar da gedib bir yekə, yekə ulduz tapdılar mənim yerimə. Arnold Schwarzenegger-i…" - deyib Trump.

"Gördünüz də nəticəsi nə oldu. Reytinq guppultu ilə düşdü. Mən dua etmək istəyirəm ki, Allah bu reytinq məsələsində Arnold Schwarzenegger-ə kömək olsun" - deyə davam edib prezident.

Arnold Schwarzenegger öz növbəsində Trump-ın atmacalarına Tvitter hesabından videoçıxışla cavab verib.

O deyib ki, vəzifəsini Trump-la dəyişməyə hazırdır.

"Heç olmasa dünya rahat yatar" - deyib aktyor.

Əlaqəli mövzular